Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-154/2022 02.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Qusar rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmü ilə təsdiq olunmuş iş üzrə qalıq qalmış 305 (üç yüz beş) manat məbləğində maddi zərərin, iddia qaldırmaqla əlaqədar ödədiyi 30.80 (otuz manat səksən qəpik) manat dövlət rüsumunun, poçt xərcləri olaraq ödədiyi 2.20 (iki manat iyirmi qəpik) manat pulun, cəmi olaraq 338 (üç yüz otuz səkkiz) manat məbləğində pulun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh onun həmkəndlisidir. Cavabdeh hal-hazırda Qusar rayon Məhkəməsi tərəfindən verilmiş azadlıqdan məhrum etmə cəza müddətini başa vuraraq azadlığa buraxılmışdır. Cavabdeh Qusar rayon Məhkəməsinin 1(029)-33/2018 saylı iş üzrə 25 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh bundan qabaq da çoxlu cinayətlər, soyğunçuluq, oğurluq hadisələri törətmiş və əksər hadisələrin iştirakçısı olmuşdur. Cavabdeh bütün kənd sakinlərinin, o cümlədən ailə üzvlərinin gözündən düşmüşdür. Cavabdeh Qusar rayon Məhkəməsinin 1(029)-33/2018 saylı cinayət işinin əsil iştirakçısı, təşkilatçısı olmuş həmkəndlisi, qonşusu X1 baxaraq, onun sözünə üstünlük verərək onun 26 oktyabr 2017-ci il tarixdən və digər ailə üzvlərinin ondan da qabaq evdə olmamasından istifadə edərək ona məxsus fərdi evə dəfələrlə girərək oğurluq etmişlər. Nəticədə onun evindən ümumilikdə 542 (beş yüz qırx iki) manat dəyərində qızıl zinət, müxtəlif əşyalar və pul oğurlanmışdır. Cavabdehin saxlanıldığı, onun haqqında istintaq aparıldığı müddətdə iş üzrə hesablanmış 542 (beş yüz qırx iki) manat maddi zərərdən 237 (iki yüz otuz yeddi) manatlıq müxtəlif əşyalar ona geri qaytarılmışdır. Cavabdeh saxlandığı müddətdə və həbs edildikdən sonra ona iş üzrə qalıq qalmış 305 (üç yüz beş) manat pulu qaytarmamışdır. Qusar rayon Məhkəməsinin hökmü ilə təsdiq edilmiş iş üzrə qalıq qalmış 305 (üç yüz beş) manat maddi zərəri nə özü nədəki valideynləri tərəfindən hələ də ona qaytarılmamış və indi də müxtəlif bəhanələr gətirərək qalıq maddi zərəri qaytarmaq, ödəmək istəmir, boyun qaçırır. Bu barədə o, cavabdehə, cavabdehin valideynlərinə, cavabdehin yaxın qohumlarına dəfələrlə bildirmiş, lakin heç bir nəticə olmamışdır. Cavabdeh ona hara istəyirsə şikayət etməsini bildirmiş, buna görə də məhz o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 2017-ci ildə Cavabdeh tərəfindən onun evindən oğurluq edilmiş və Qusar rayon Məhkəməsinin 1(029)-33/2018 saylı hökmünə əsasən həmin şəxs məhkum edilmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində ona dəymiş 542 manat zərərdən 237 manat ödənilmiş, qalıq qalan 305 manat məbləğində pul ödənilməli olsa da, hələ də ödənilməmişdir. Dəfələrlə Zamirə, onun valideynlərinə, yaxın qohumlarına pulun ödənilməsini bildirsə də, həmin pul ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, əgər qanunda ondan iddiaçının xeyrinə dəymiş ziyanın tutulması nəzərdə tutulmuşdursa həmin zərərin ödənilməsinə razıdır, lakin pulu bir dəfəyə ödəyə bilmir, qəbz əsasında hissə-hissə ödəyəcəkdir. Odur ki, həmin halların nəzərə alınmasını və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 1(029)-33/2018 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3, 66.5-ci maddələrinə əsasən qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış, zərər çəkmiş şəxs İddiaçı oğluna məxsus 01 ədəd qızıl kişi üzüyünün, 01 ədəd pul qabının (kaşelok), 01 ədəd ”Albinar” markalı binoklun, 01 ədəd dəmir medalın, 01 ədəd qızıl olmayan qızılı rəngli saat qolbağının, 02 ədəd qızılı rəngli qadın paltar düyməsinin, 01 ədəd qaşlı qadın qolbağının sahibinə qaytarılması, iş üzrə 542 (beş yüz qırx iki) manat təşkil edən dəymiş maddi zərərin 237 (iki yüz otuz yeddi) manatın ödənilməsi nəzərə alınmışdır. İş üzrə qalıq qalmış 305 (üç yüz beş) manat dəymiş maddi zərər ilə əlaqədar zərər çəkmiş şəxs İddiaçı mülki mühakimə qaydasında iddia vermək hüququ izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh 2017-ci ilin oktyabr ayında İddiaçı məxsus evdən oğurluq etməklə həmin şəxsə cəmi 542 manat dəyərində maddi zərər vurmuş, həmin ziyanın 237 manat hissəsi aradan qaldırılsa da, qalan 305 manat hissəsi indiyədək həmin şəxsə ödənilməmişdir. Cavabdehin iddiaçıya maddi ziyan vurması Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 25.07.2018-ci il tarixli 1(029)-33/2018 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Bununla da, Cavabdeh İddiaçı qarşısında delikt öhdəliyi yaranmışdır. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 305 (üç yüz beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30.80 (otuz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu və 2.20 (iki manat iyirmi qəpik) manat poçt xərcləri üçün ödənilmiş pul məbləği Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 305 (üç yüz beş) manat, məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30.80 (otuz manat səksən qəpik) manat, poçt xərcləri kimi ödənilmiş 2.20 (iki manat iyirmi qəpik) manat, cəmi isə 338 (üç yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-154/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-154/2022
02.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver