Məhkəmə qərarları › İş №2(029)-170/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-170/2024

23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-170/2024 23.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştiraklar ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay 220 (iki yüz iyirmi ) manat sabit pul məbləğində müəyyən edilərək həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 11 iyul 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X11 adında oğlan uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmış və nikahları Qusar rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli,2(029)-315/2021 saylı Qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X11 onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(029)-315/2021 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşağın saxlanılması üçün hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləği miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda Cavabdeh ona uşağın saxlanılması üçün hər ay bir uşağa görə cəmi 120 (bir yüz iyirmi) manat aliment ödəyir. Cavabdeh 1 uşağın saxlanılması üçün hər ay ona aliment kimi ödədiyi cəmi 120( bir yüz iyirmi) manat aylıq aliment uşağın ehtiyaclarını ödəməyə kifayət etmir. Ona görə Cavabdeh uşağın saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur. Ata evində məişət şəraiti ağır olduğundan o, hal-hazırda 1 (bir) azyaşlı uşağı ilə birlikdə, Qusar şəhəri H.Əliyev prospekti, 144 nömrəli mənzilin, 18 nömrəli evdə kirayədə qalır və hər ay kirayə haqqı olaraq 150 (yüz əlli) manat kirayə haqqı ödəyir. Bundan əlavə oğlu X11 məktəbə getdiyindən onun saxlanma xərcləri bir neçə dəfə artmışdır və bu artan xərcləri tək başına ödəmək iqtidarında deyildir. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə övladı xx.xx.2014-cü il təvəllüdlü X11 hazırda məktəbli olduğundan cavabdeh tərəfindən ödənilən vəsait övladının saxlanılması üçün tələb olunan xərclərin yarısını belə ödəmir. Qeyd olunan xərclərinin ödənilməsində yaranmış çətinliklər övladının sosiallağının azalmasına, təhsillinə olan münasibətinin zəifləməsinə səbəb olur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, Pioner mağazasında kassir işləyir və aylıq 315 manat əməkhaqqı alır. Məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 120 manat aliment kəsilmişdir. Hal-hazırda həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir. Uşağa əlavə dərs öyrənməsi üçün müəllim yanına hazırlaşmağa gedir və aylıq 50 manat müəllimə haqq ödəyir. Uşaq xəstədir, ayda 30 manat uşaq üçün pampersə pul verir. Uşağın xəstəliyi ilə və müəllim yanına getməsi ilə bağlı sübutu məhkəməyə təqdim edə bilmir. O, kirayədə qalır və hər ay 150 manat kirayə haqqı verir. Uşağın təxmini xərci hər ay 150-170 manat çıxır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, Şuşada “ARCHİCO” firmasında işləyir. İşə təzə düzəlib, vergi xərcləri çıxdıqdan sonra 400 manat əmək haqqı alacaq, hələ ki əmək haqqı almayıb. O, uşağın saxlanması üçün 150 manat aliment verə bilər. Odur ki, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-315/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında Qusar rayon İHB-nın Urva kənd İƏN-də 11 iyul 2013-cü il tarixli 14 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 10 aprel 2014-cü il təvəllüdlü X11 anası X5 himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi X5 yaşayış yeri müəyyən edilməsi, qarşılıqlı iddia qismən təmin edilməsi, xx.xx.1991 -ci ildə Rusiya Federasiyası Yakutiya Respublikası Neryunqri şəhərində anadan olmuş, Qusar rayonu Urva kəndində yaşayan Cavabdeh X5 xeyrinə 10 aprel 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 120 (yüz iyirmi) manat məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsinən verilmiş xx.xx.2023-cü il tarixli arayşdan görünür ki, X11 10 aprel 2014-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. X1, anası X8r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. ««Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinə yönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-315/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X9 arasında Qusar rayon İHBqnın Urva kənd İƏN-də 11 iyul 2013-cü il tarixli 14 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 10 aprel 2014-cü il təvəllüdlü X11 anası X5 himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi X5 yaşayış yeri müəyyən edilməsi, qarşılıqlı iddia qismən təmin edilməsi, xx.xx.1991 -ci ildə Rusiya Federasiyası Yakutiya Respublikası Neryunqri şəhərində anadan olmuş, Qusar rayonu Urva kəndində yaşayan Cavabdeh X5 xeyrinə 10 aprel 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 120 ( yüz iyirmi) manat məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 220 (iki yüz iyirmi) manat deyil, 160 (yüz altmış) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, uşağı müəllim yanına hazırlığa göndərir, Bundan başqa uşağın xəstə olduğunu bildirmiş, lakin bu haqda məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçı məhkəmə ilasında izahatında bildirmişdir ki, o,Pioner mağazasında kassi işləyir, aylıq 315 manat əməkhaqqı alır. Uşağın aylıq təminat xərcinin təxminən 150-170 manat olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Elektron sorğudan görünüyü kimi Cavabdeh 400 manat əməkhaqqı alır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmənin qənaətinə görə alimentin miqdarının cavabdehin məhkəmədə verdiyi izahatında bildirdiyi kimi hər ay 150 manat miqdarda müəyyən olunması da Yusif adlı uşağın mənafeyi baxımından qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2- 8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 40 manat artırıldığından cavabdeh X3 bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 480 (12 X 40=480) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundanməhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-315/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 10 aprel 2014-cü il təvəllüdlü X11 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. X2 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar