Məhkəmə qərarları › İş №2(029)-191/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-191/2021

09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-191/2021 09.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3rşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Məhkəməsinin 2(029)-725/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh X4 xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün onun xeyrinə qət edilən hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2012-ci ildə nikahı rəsmi qeyd etdirmədən cavabdeh X6 evlənmişdir. Birgə yaşadıqları müddətdə xx xxxxxx 2013-cü il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulduğuna görə ayrılmışlar. Ayrıldıqları vaxtdan Esmiralda adlı uşaq özünün himayəsində qalmışdır. Qusar rayon Məhkəməsinin 2(029)-725/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh X4 xx xxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə qət edilmiş alimenti bir müddət qismən ödəsə də, sonradan alimentin ödənilməsi ilə əlaqədar öz aralarında razılığa gəlmişlər. Lakin cavabdeh bundan sonra alimentin mütəmadi ödənilməsini təmin etməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş aliment uşağın cüzi ehtiyaclarını belə ödəmir. Odur ki, Qusar rayon Məhkəməsinin 2(029)-725/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı artırılmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Maksudov Ramin Azizoviç məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdeh X7 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-lll № 407176 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx xxxxxx 2013-cü il tarixdə anadan olmuşdur. X9 Azizoviç, anası İddiaçıdır. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-725/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X4 xx xxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, tərəflər 2012-ci il tarixdə nikahı rəsmi qeyd etdirmədən evlənmişlər. Birgə yaşadıqları müddətdə xx xxxxxx 2013-cü il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Qusar rayon Məhkəməsinin 2(029)-725/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh X4 xx xxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, Qusar rayon Məhkəməsinin 2(029)-725/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün cavabdeh X4 İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəməyə tövsiyə etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də məhkəmə hesab edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-725/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik çatana kimi baxılıb saxlanılması üçün cavabdeh X4 İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh X4 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar