Məhkəmə qərarları › İş №2(029)-193/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-193/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-193/2024 29.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət komplektinin dəyərini təşkil edən 2277.4 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı qeydiyyatında olan, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 469/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və icrası barədə göstəriş xx.xx.2022-ci il tarixində İddiaçı icraatına daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixində 35654845 seriya nömrəli “Attenti” markalı elektron nəzarət qurğusu və onun adaptoru təhvil verilərək ayağına 078CE 03177 seriya nömrəli qolbaq bağlanmışdır. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh mobil nəzarət qurğusunun qapaqlarına yapışdırıcı vasitə vuraraq təmiri mümkün olmayan istifadəyə tam yararsız hala salmışdır. Beləliklə, Cavabdeh elektron avadanlıqları yararsız vəziyyətə salaraq dövlətə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və icrası barədə göstəriş xx.xx.2022-ci il tarixində İddiaçı icraatına daxil olub. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixində 35654845 seriya nömrəli “Attenti” markalı elektron nəzarət qurğusu və onun adaptoru təhvil verilərək ayağına 078CE 03177 seriya nömrəli qolbaq bağlanıb. Cavabdeh cəza müddəti bitdiyinə görə 04 iyul 2023-cü il tarixində 35654845 seriya nömrəli “Attenti” markalı elektron nəzarət qurğusunu və 078CE 03177 seriya nömrəli qolbağı açıb təhvil götürmüşdür. O, həmin avadanlıqları 07 iyul 2023-cü il tarixində Monitorinq idarəsinə təhvil vermişdir. Əslində qurğular təhvil alan kimi dərhal Monitorinq idarəsinə təhvil verilməlidir, yol uzaq olduğundan bu işdə gecikərək 07 iyul 2023-cü il tarixdə vermişdir. Avadanlıqları təhvil alanda o, avadanlıqlara vizual baxmış, o, avadanlığın sındığını görməmişdir. Avadanlığı təhvil alanda ön hissəsinə baxış keçirmiş, arxa tərəfinə isə səhlankarlıq edərək baxış keçirməmişdir. Avadanlığı saz vəziyyətdə, yəni işlək vəziyyətdə qəbul etmişdir. Avadanlığı saz vəziyyətdə qəbul etməsinə dair akt tərtib etmiş və aktı imzalamışdır. Vətəndaşa qurğular saz işlək vəziyyətdə vermişdir, bu barədə akt tərtib olunub, vətəndaşdan maddi məsuliyyəti izah edilməsi barədə iltizam alınmışdır. Monitorinq idarəsindən rəy gəldikdən sonra, rəydə elektron qurğunun zədələnməsi qeyd olunmuş və məhkəməyə vurulmuş maddi ziyan tələbi ilə bağlı iddia qaldırılması tələb olunmuşdur. Texniki vəziyyətini Monitorinq idarəsindən gələn rəyə əsasən bilmişdir. Rəydə mobil qurğunun arxa tərəfin çatlandığı qeyd olunub. O, adətən mobil qurğunun üz tərəfinə işlək vəziyyətdə olubolmamasına baxır. O, həmin mobil qurğunun arxa tərəfinə baxmamışdır, bu onun səhvi olub, əgər baxsaydı görərdi və bu barədə protokolda qeyd edərdi. Avadanlıqların məhkumdan təhvil alınması barədə aktda cavabdehdən aldığı avadanlıqların normal vəziyyətdə olduğu qeyd etmişdir. Odur ki, dövlətə vurulmuş maddi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, həmin qurğular ona veriləndə işlənmiş vəziyyətdə idi. Qurğuları təhvil alanda işləyirdi, saz vəziyyətdə işləyirdi. Qurğular onda olanda nasaz olmayıb. Qurğuları ona təhvil verəndə akt tərtib olunub, o da, həmin aktı imza etmişdir, lakin o, həmin akta ona təhvil verilmiş qurğuların işlənmiş vəziyyətdə olmasını yazmamışdır. O, cəza müddəti bitdikdən sonra həmin avadanlıqları işlək vəziyyətdə təhvil vermişdir, təhvil verəndə şəkillər çəkilmişdir. Ona verilən qurğuları saz və işlək vəziyyətdə icra məmuruna vermiş, bu barədə akt tərtib olunmuşdur. Qurğunu sındırmamış və ona hər hansı müdaxilə etməmişdir. Sonradan ona mobil qurğunun yarasız vəziyyətdə olduğu bildirilmişdir. O, həmin qurğunu əlindən yerə salmamış, qurğunu o, kleyləməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən görünür ki, Cavabdeh ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokola imza etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli elektron nəzarət vasitəsi “Attenti” kompleksinin təhil verilməsi barədə aktın surətindən görünür ki, 1 (bir) əsas 35654845 nömrəli mobil nəzarət qurğusu, 1 (bir) ədəd 03177 nömrəli elektron qolbaq və 1 (bir) ədəd enerji toplayıcı kabeli saz işlək vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli avadanlıqların məhkumdan təhvil alınması barədə aktın surətindən görünür ki, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-469/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh təyin edilmiş 08 (səkkiz) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti xx.xx.2023-cü il tarixində bitdiyinə görə, ona tətbiq edilmiş 35654845 seriya nömrəli “Attenti” markalı elektron nəzarət qurğusu və onun USB adaptoru xx.xx.2023-cü il tarixində geri alınaraq, ayağına bağlanmış 078CE 03177 seriya nömrəli elektron qolbaq X1 məruzə edilərək deaktiv edildikdən sonra açılaraq götürüldü, tam komplekt şəklində öz qutusuna yığılmışdır. 35654845 seriya nömrəli “Attenti” markalı elektron nəzarət qurğusunun texniki vəzziyəti normal, 078CE 03177 seriya nömrəli elektron qolbağın texniki vəziyyəti saz, enerji toplayəcı kabelin texniki vəziyyəti işlək olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli avadanlıqların monitorinq idarəsinə təhvil verilməsi barədə aktın surətindən görünür ki, azadlığın məhdudlaşdırılması nüvündə cəza müddəti bitdiyinə görə məhkum Cavabdeh çıxarılmış 01 (bir) ədəd 35654845 seriya nömrəli “Attenti" markalı elektron nəzarət vasitələri komplekti (qolbaq № 078CE 03177) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Monitorinq Mərkəzinə təhvil verildi. İşdə olan xx.xx.2023-cü il tarixli texniki rəyin surətindən görünür ki, 35654845 nömrəli Attenti V6 mobil qurğusunun qapaqlarına kley vurulub. Təmiri mümkün deyil, istifadəsi tam yararsızdır. İşdə olan "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi, Baş Probasiya məmuru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadova ünvanlanmış məktubdan görünür ki, 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyasının dəyəri ƏDV-də daxil olmaqla 2277.40 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Həmçinin, qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli vəi.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənöhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov" Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 35654845 seriya nömrəli “Attenti” markalı elektron nəzarət qurğusu və onun adaptoru təhvil verilərək ayağına 078CE 03177 seriya nömrəli qolbaq bağlanmışdır. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cəza müddəti bitdiyinə görə 04 iyul 2023-cü il tarixində 078CE 03177 seriya nömrəli qolbaq və 35654845 seriya nömrəli “Attenti” markalı elektron nəzarət qurğusu cavabdehdən təhvil alınmış, bu barədə akt tərtib edilmiş, və həmin aktda 078CE 03177 seriya nömrəli qolbaq saz vəziyyətdə, ******* seriya nömrəli “Attenti” markalı elektron nəzarət qurğusu normal vəziyyətdə və enerji toplayıcı kabel işlək vəziyyətdə olduğu qeyd edilmişdir. Bu halı, məhkmə iclasında İddiaçı nümayəndəsi böyük icra məmuru (probasiya üzrə) X3 təsdiq etmiş, həmçinin izahatında bildirmişdir ki, mobil qurğunu təhvil alarkən üz hissəsinə baxmış, normal vəziyyətdə işlək olmasını görmüş, arxa hissəsinə isə fikir verməmişdir. Həmçinin Cavabdeh izahatında avadanlıqları saz vəziyyətdə təhvil verdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsaslarını sübuta yetirə bilməmişdir. Belə ki, icra məmuru izahatında bildirmişdir, avadanlıqları 04 iyul 2023-cü il tarixdə təhvil almış, təhvil alan zaman avadanlıqda qüsur görməmiş, səhlənkarlıq edərək avadanlığın arxa hissəsinə baxmamış və akta avadanlığın işlək vəziyyətdə olduğunu qeyd etmişdir. Avadanlığı qəbul aktında avadanlıqda nasazlıq olması, avadanlıqda çat olması, qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qurğunu hansı vəziyyətdə qəbul etmişdirsə, həmin vəziyyətdə təhvil verilmiş və bu barədə akt da tərtib olunmuşdur. Əgər icra məmuru aktda avadanlığın işlək olmamasını, avadanlıqda hər hansı çatışmamazlıq, avadanlığa müdaxilə olunduğunu, gözlə görünən və ya görünməyən hallar barədə qeyd etsə idi, iddiaçının iddia tələbi uğurlu ola bilərdi, hazırkı halda isə iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinin əsası kimi istinad olunmuş hallar təqdim edilmiş sənədlərlə sübuta yetirilməmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar