Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-195/2024 29.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi böyük icra məmuru (probasiya üzrə), üçüncü dərəcəli ədliyyə qulluqçusu X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət komplektinin dəyərini təşkil edən 2277.4 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı qeydiyyatında olan, Bakı şəhəri Səbail rayon məhkəməsinin 1(009)-152/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və icrası barədə göstəriş xx.xx.2022-ci il tarixində İddiaçı icraatına daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixində 35655551 seriya nömrəli “Attenti” markalı elektron nəzarət qurğusu və onun adaptoru təhvil verilərək ayağına 078CE 05857 seriya nömrəli qolbaq bağlanmışdır. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş mobil nəzarət qurğusunu ana platada və elementlərdə korroziyaya səbəb olmuş təmiri mümkün olmayan istifadəyə tam yararsız hala salmışdır. Beləliklə, Cavabdeh elektron avadanlıqları yararsız vəziyyətə salaraq dövlətə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi böyük icra məmuru (probasiya üzrə), üçüncü dərəcəli ədliyyə qulluqçusu X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, 06 dekabr 2022-ci il tarixdə Cavabdeh ayağına 078CE 05857 seriya nömrəli qolbaq bağlanmış və 35655551 seriya nömrəli “Attenti” markalı elektron nəzarət qurğusu verilmişdir. 15 iyul 2023-cü il tarixdə Monitorinq idarəsindən ona zəng gəlmişdir ki, Cavabdeh ayağına bağlanmış elektron mobil qurğusunda nasazlıq yarandığından təcili dəyişilməsi tələb olunmuşdur. Cavabdeh çağırılıb və 18 iyul 2023-cü il tarixdə köhnə qolbaq çıxarılıb və yenisi ilə əvəz olunub. Avadanlıq cavabdehə saz vəziyyətdə verilmiş, bu barədə aktda tərtib olunmuşdur. 9 aydan sonra məlum olmuşdur ki, qurğu nasazdır. Cavabdeh cəza çəkdiyi dövrdə ona təhkim olunmuş qurğunu xarab etmişdir. Cavabdeh tərəfindən qurğunun işləməməsi barədə şikayət daxil olmamışdır. Odur ki iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, həmin mobil qurğu sağlam və işlək vəziyyətdə ona təhvil verilib. Avadanlığın təhvil alınması barədə akta imza etmişdir, həmin vaxt avadanlıqlar işlək vəziyyətdə olmuşdur. Cəza çəkdiyi dövrdə avadanlığın işləməməsi barədə icra məmuruna yazılı qaydada müraciət etməmişdir. Cəza çəkdiyi müddətdə qurğunun nasaz olduğunu bilib. Mobil qurğuya və digər avadanlıqlara hər hansı müdaxilə etməmişdir. Qurğunun xarab olma səbəbini bilmir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 dekabr 2022-ci il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən görünür ki, Cavabdeh ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokola imza etmişdir. İşdə olan 06 dekabr 2022-ci il tarixli elektron nəzarət vasitəsi “Attenti” kompleksinin təhil verilməsi barədə aktın surətindən görünür ki, 1 (bir) əsas 35655551 nömrəli mobil nəzarət qurğusu, 1 (bir) ədəd 078CE 05857 nömrəli elektron qolbaq və 1 (bir) ədəd enerji toplayıcı kabeli saz işlək vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İşdə olan 18 iyul 2023-cü il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə protokolun surətindən görünür ki, Cavabdeh tətbiq edilmiş 35655551 seriya nömrəli “ATTENTİ” markalı ENV komplekti yeni 35640226 nömrəli ENV komplekti ilə əvəz edilmiş, köhnəsi çıxarılaraq yeni 078CE 27982 nömrəli qolbaq bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli elektron nəzarət vasitələri komplektinin dəyişdirilməsi barədə aktın surətindən görünür ki, məhkum Cavabdeh tətbiq edilmiş 35655551 seriya nömrəli “Attenti” markalı mobil nəzarət qurğusu, onun koburası və USB adaptoru geri təhvil alınmış, ayağına bağlanmış 078CE 05857 seriya nömrəli qolbaq xx.xx.2023-cü il tarixdə çıxarılaraq götürülmüş və məhkuma yeni 35640226 seriya nömrəli “Attenti" mobil nəzarət qurğusu, onun koburası və USB adaptoru təhvil verilərək 078CE 27982 seriya nömrəli qolbaq ayağına bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli avadanlıqların monitorinq idarəsinə təhvil verilməsi barədə aktın surətindən görünür ki, mobil qurğusunda nasazlıq olduğuna görə (mobil nəzarət qurğusu işləmir və tez-tez “Qolbaq açıldı siqnalı gəlir) məhkum Cavabdeh çıxarılırmış 01 (bir) ədəd 35655551 seriya nömrəli “Attenti” markalt elektron nəzarət vasitələri komplekti (qolbaq № 078CE 05857) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Monitorinq idarəsinə tam komplekt şəklində öz qutusunda təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli texniki rəyin surətindən görünür ki, 35655799 nömrəli Attenti V6 mobil qurğusunun ana platasında korroziya müşahidə olunmuşdur. Təmiri mümkün deyil, istifadəsi tam yararsızdır. İşdə olan "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi, Baş Probasiya məmuru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadova ünvanlanmış məktubdan görünür ki, 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyasının dəyəri ƏDV-də daxil olmaqla 2277.40 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Həmçinin, qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli vəi.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ona tətbiq edilmiş mobil nəzarət qurğusunu və digər avadanlıqları işlək və saz vəziyyətdə qəbul etmiş, bununla bağlı akta imza etmişdir, həmin avadanlıqların nasaz olması barədə cavabdeh tərəfindən akta hər hansı qeyd edilməmiş, cəza çəkdiyi dövrdə də avadanlıqların nasaz olması barədə icra məmuruna yazılı qaydada müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir, cavabdeh verilmiş avadanlıqları o cəza çəkdiyi dövrdə düzgün, qanuna uyğun şəkildə saxlamamış, belə olan halda da həmin avadanlıqlar xarab olmuşdur. Cavabdehə həmin avadanlıqlara maddi məsuliyyət barədə xəbərdarlıq edilmiş və bu barədə də iltizam alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh həmi avadanlıqlara maddi məsuliyyət daşıdığından, cəza çəkdiyi dövrdə iddia ərizəsində göstərilən avadadanlığı xarab etdiyi üçün həmin avadanlığa vurmuş olduğu maddi ziyanın əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli,Cavabdeh 2227,40 (iki min iki yüz iyirmi yeddi manat, qırx qəpik) manat pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.4-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı büdcə təşkilatı olmaqla dövlət rüsumunu ödəməkdən azaddır. İş üzrə iddianın qiyməti 2277.4 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 1277.4 (2277.4-1000=1277.4) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 12.77 manat, cəmi isə 42.77 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2227,40 (iki min iki yüz iyirmi yeddi manat, qırx qəpik) manat pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddiaçı azad edildiyi 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-195/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-195/2024
29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver