Məhkəmə qərarları › İş №2(029)-197/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-197/2020

01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-197/2020 01.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.000 (beş min) manat məbləğində əsas borcun, 2.700 (iki min yeddi yüz) manat məbləğində sonradan hissə-hissə ondan aldığı borcun və 30.00 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 7.730.00(yeddi min yeddi yüz otuz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, məhkəməyə təqdim edilmiş onunla Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış Kredit Müqaviləsinin şərtlərinə əsasən o, həmin tarixdə Cavabdeh 5.000 (beş min) manat məbləğində pulu borc vermiş, cavabdeh isə xx xxxxxx 2019-cu il tarixədək həmin borcu ona qaytarmağı öhdəsinə götürmüş, lakin hal-hazıra kimi qaytarmamışdır. Bundan sonra cavabdeh müxtəlif vaxtlarda ondan hissə-hissə 2.700 (iki min yeddi yüz) manat məbləğində yenə də borca pul almış və bu günə kimi həmin borcu da qaytarmamışdır. xx xxxxxx 2019-cu il tarixli Kredit Müqaviləsinin şərtlərinə əsasən “Borc verən”-yəni o özü həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada “Borc alan”a- yəni Cavabdeh 5.000 (beş min) manat məbləğində borc pulu xx xxxxxx 2019-cu il tarixədək versə də, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış Kredit Müqaviləsindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh xx xxxxxx 2019-cu il tarixədək qaytarmaq şərtilə 5.000 (beş min) manat borc pul vermişdir. İşdə olan ********* nömrəli, xx xxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qusar rayon məhkəməsində iddia qaldırmaq üçün 30.00 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2019cu il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış Kredit Müqaviləsinə əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixədək qaytarmaq şərtilə 5.000 (beş min) manat borc pul vermiş, lakin cavabdeh hal-hazıra kimi həmin borcu iddiaçıya qaytarmamışdır. Həmçinin, İddiaçı Cavabdeh tələb etdiyi 2.700 (iki min yeddi yüz) manat borc pula dair məhkəməyə heç bir mötərəb sübut təqdim etməmiş və həmin xüsusat məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, Cavabdeh 5.000 (beş min) manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddianın qalan hissəs təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar