Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-212/2021 22.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan uşaqları xx xxxxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılmasına və Cavabdeh birgə nikahlarından olan uşaqları xx xxxxxx 2010-cu il təvəllüdlü X1 üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasınmı məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə ailə həyatı qurmuş, nikahlarını xx xxx 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2010-cu il tarixdə X7 adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar, həmin vaxtdan azyaşlı uşaqları Kamilla onun himayəsində qalmışdır. Qusar rayon Məhkəməsinin 2(029)- 681/2014 saylı xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə azyaşlı uşağın saxlanması üçün hər ay 60 (altmış) manat miqdarında alimentin tutulması qət edilmiş və beləliklə, cavabdeh ona hər ay 60 manat məbləğində aliment ödəyir. Lakin, cavabdehin ona ödədiyi 60 manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir və ona görə o, uşağın saxlanması üçün daha artıq aliment ödəməyə borcludur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından anadan olmuş Kamilla adlı uşaq hazırda məktəbdə oxuyur, iddiaçı heç bir yerdə işləmir, cavabdehin ödədiyi 60 manat məbləğində aliment isə həmin uşağın saxlanması üçün kifayət etmir. Ona görə də, hesab edir ki, alimentin miqdarı artırılmalıdır. İddiaçı iddia ərizəsində cavabdehdən hər ay 170 manat məbləğində aliment tələb etmişdir. Hazırda isə cavabdehin maddi vəziyyətini nəzərə alaraq həmin şəxsdən hər ay 100 manat məbləğində aliment tələb edirlər. Odur ki, həmin halların nəzərə alınmasaını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək cavabdehin maddi vəziyyəti nəzərə alınaraq həmin şəxsdən iddiaçının xeyrinə Kamilla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, onun hazırda Kamilla adlı uşağının saxlanması üçün iddiaçıya hər ay 170 manat deyil, 100 manat məbləğində aliment ödəməyə imkanı vardır. Odur ki, həmin halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-l № 235507 saylı nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Qusar rayon Qeydiyyat şöbəsində ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2016-cı il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-ll № 541994 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2010-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-681/2014 saylı xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında Qusar rayon İcra Hakimiyyəti başçısının Qalacıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanaraq 10 nömrə ilə qeydə alınmış nikahın pozulması, Tərəflərin birgə nikahından anadan olmuş xx xxxxxx 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 60 (altmış) manat sabit pul məbləğində alimentin tutularaq xx xxxxxx 2010-cu ul təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş azyaşlı Kamilla adlı uşağın təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, Qusar rayon məhkəməsinin 2(029)-681/2014 saylı xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsinin qəbul edildiyi vaxtdan 7 ilə yaxın müddət keçməsini, həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, alimentin miqdarına dair iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizəni və cavabdehin fikrini, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay sabit pul məbləğində 100 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 2(029)-681/2014 saylı xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 1984-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Qusar rayonu Əniğ kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-212/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-212/2021
22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver