Məhkəmə qərarları › İş №2(029)-234/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-234/2023

09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-234/2023 09.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçıCavabdeh Maverdioğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Maverdioğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan uşaqları, xx.xx.2013-cü il təvəllüdlü Amina adlı uşağının saxlanması üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılmasına və Cavabdeh birgə nikahdan olan uşaqları xx.xx.2013-cü il təvəllüdlü Amina adlı uşağının saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdir. Birgə nikahdan onların xx.xx.2013-cü il təvəllüdlü Amina adlı bir uşaqları anadan olmuşdur.Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır.Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaq Amina onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin 22 iyun 2018-cü il tarixli 2(029)-836/2018 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşağın saxlanması üçün onun xeyrinə hər ay 100 manat miqdarında alimentin tutulması qət edilmişdir.Beləliklə, halhazırda Cavabdeh ona uşağın saxlanması üçün hər ay cəmi 100 manat aliment ödəyir.Cavabdeh ona ödədiyi 100 manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Ona görə Cavabdeh uşağın saxlanması üçün daha artıq aliment ödəməyə borcludur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, uşağın saxlanması üçüncavabdehdən tutulan alimentin miqdarının artırılmasını istəyir. Əvvəl uşağın saxlanması üçün cavabdehdən 100 manat aliment tutulmuşdur, cavabdeh həmin alimeni vaxtı-vaxtında ödəyir. Cavabdeh əvvəllər sərhəd buraxılış məntəqəsində vətəndaşların çantalarını daşıyaraq pul qazanmış, hazırda cavabdehin nə işlə məşğul olduğunu bilmir. O, heç bir yerdə işləmir, valideynlərinin yanında qalır, ayrıldıqdan sonra təzədən ailə qurmamışdır. Cavabdehlə birgə nikahlarından olan uşaq onun himayəsindədir, uşağın saxlama xərcləri artıb, uşaq məktəbə getməlidir, uşağa paltarlar, ayaqqabılar alınmalıdır. Hazırda uşağın saxlanması üçün cavabdehdən 150 manat aliment tələb edir.Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Maverdioğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, Qusar rayon məhkəməsinin 19 iyun 2018-ci il tarixli 2(029)-836/2018 saylı qətnaməsi ilə ondan İddiaçı xeyrinə birgə nikahlarından anadan olmuş 21 fevral 2013-cü il təvəllüdlü Amina adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat məbləğində aliment tutulmuşdur. İddiaçı həmin alimentin miqdarının artırılmasını tələb edir.O, 22 yanvar 2019-cu il tarixdən ikinci dəfə ailə həyatı quraraq rəsmi nikahı qeyd etdirməklə X3 ilə evlənmişdir. Həmin nikahdan onların 09 dekabr 2019-cu il təvəllüdlü Ragina adlı bir uşaqları anadan olmuşdur. 17 mart 2022-ci il tarixdən "xxxx" tərəfindən Qusar Kommunal Müəssisələri Kombinatında fəhlə işləyir, aylıq əmək haqqısı 345 manat təşkil edir.Göründüyü kimi, ondan iddiaçının xeyrinə aliment tutulduğu vaxtdan sonra maddi vəziyyətində müsbət dəyişiklik olmamış, əksinə vəziyyəti ağırlaşmış, yeni qurduğu ailəni saxlamaqda çətinlik çəkir. Ona görə də, ondan İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının artırılmasının heç bir əsası yoxdur. Alimentin miqdarının artırılması onun və yeni qurduğu ailəsinin haqsız məhrumiyyətlərə düçar olmasına səbəb olacaqdır.Odur ki, İddiaçı ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.Bundan başqa,o, şəxsi işlərilə bağlı məhkəmə iclaslarına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-836/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Maverdi oğlundan 22 iyun 2018-ci il tarixdən başlayaraq 21 fevral 2013-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X5 verilməsi qət edilmişdir. İşdə olan AZ-İ 312239 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Maverdi oğlu ilə X4 nikahları 04 yanvar 2019-cu il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 01 saylı akt qeydi ilə pozulmuşdur. İşdə olan AZ-İİİ 186298 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 21 fevral 2013-cü il tarixdə Qusar rayonu Samur qəsəbəsində anadan olmuşdur. Atası Cavabdeh Maverdi oğlu, anası İddiaçıdır. İşdə olan AZ-İİ 260830 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Maverdi oğlu ilə X1 nikahları xx.xx.2019-cu il tarixdə Qusar RİHB-nın Samur qəsəbə İƏD üzrə nümayəndəliyində 01 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İşdə olan AZ-İV 301810 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Qusar rayonu Samur qəsəbəsində anadan olmuşdur. Atası Cavabdeh Maverdi oğlu, anası X2r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-836/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Maverdi oğlundan İddiaçı xeyrinə 21 fevral 2013-cü il təvəllüdlü X8 adlı uşağın saxlanması üçün ayda 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 220 (iki yüz iyirmi) manat deyil, 140 (yüz qırx) manat məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. İddiaçı iddia ərizəsində alimentin miqdarının 220 manat müəyyən edilməsini tələb etsədə, məhkəmə iclasında izahat verərək 150 manat pul tələb etdiyini bildirmişdir. İddiaçı tərəfindən iddia həcminin dəyişdirilməsi barədə hər hansı sənəd məhkəməyə daxil olmamış və ya məhkəmə iclasında təqdim olunmamışdır. Aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının 220 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 40 manat artırıldığından Cavabdeh Maverdi oğlunun bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 480 (12 X 40=480) manat təşkil edir. Odur ki, İddiaçıdövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh Maverdi oğlundan30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-836/2018 saylı 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh Maverdi oğlundan İddiaçı xeyrinə 21 fevral 2013-cü il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh Maverdi oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar