Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-240/2023 16.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan olan uşaqları, 13 iyul 2016-cı il təvəllüdlü Fatima adlı uşağın saxlanması üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılmasına və Cavabdeh birgə nikahdan olan uşaqları 13 iyul 2016-cı il təvəllüdlü Fatima adlı uşağının saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 16 sentyabr 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdir. Onların birgə nikahlarından 13 iyul 2016-cı il təvəllüdlü Fatima adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqları Fatima onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin 08 iyun 2020-cü il tarixli 2(029)-490/2020 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşağın saxlanması üçün onun xeyrinə hər ay 130 manat miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda Cavabdeh ona uşağın saxlanması üçün hər ay cəmi 130 manat aliment ödəyir. Cavabdeh ona ödədiyi 130 manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Ona görə Cavabdeh uşağın saxlanması üçün daha artıq aliment ödəməyə borcludur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsinixahiş edir. Bundan başqa bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin ediməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin Qusar Rayon Məhkəməsinin 08 iyun 2020-cü il tarixli 2(029)-490/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 12 may 2020-ci il tarixdən başlayaraq 13 iyul 2016-cı il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İİİ 842844 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 13 iyul 2016-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. ««Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar Rayon Məhkəməsinin 08 iyun 2020-cü il tarixli 2(029)-490/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 13 iyul 2016-cı il təvəllüdlü X1 adlı uşağın saxlanması üçün ayda 130 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi 220 (iki yüz iyirmi) manat deyil, 150 (yüz əlli) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının 220 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 20 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 240 (12 X 20=240) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 08 iyun 2020-cü il tarixli 2(029)-490/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 13 iyul 2016-cı il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-240/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-240/2023
16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver