Məhkəmə qərarları › İş №2(029)-242/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-242/2022

21.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-242/2022 21.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 690 manat və tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu X5 18 oktyabr 2015-ci ildə onun həyətində olan, yəni qış aylarında mal-qaraya vermək üçün ehtiyyat edib yığdığı dəyəri 690 manat olan 260 ədəd saman bağlamalarını yandırıb məhv etmişdir. Həmin şəxs başqa şəxslərə məxsus əmlakları da məhv etmişdir. Qusar rayon Məhkəməsinin 1(029)-22/2017 saylı 02 may 2017-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da X3 ona maddi ziyan vurması qanuni qüvvəyə minmiş hökmlə sübuta yetirilmişdir. Cavabdeh ona dəymiş 690 manat məbləğində maddi ziyanı bir il ərzində ödəyəcəyini öhdəsinə götürmüş, bu barədə notariat qaydasında təsdiq olunmuş ərizə vermişdir. Lakin, cavabdeh indiyədək həmin öhdəliyini yerinə yetirməmiş, ona dəymiş maddi ziyanı ödəməmişdir. Göründüyü kimi, cavabdehin oğlu X5 ona maddi zərər vurmuş, cavabdeh isə həmin ziyanın ödənilməsini öz öhdəsinə götürmüşdür. Ona görə də cavabdeh onun qarşısında mülki hüquqi məsuliyyət daşıyır. Odur ki, hesab edir ki, cavabdehdən 690 manat məbləğində pul, həmçinin tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq ona verilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və təmin edilməsini xahiş edir. Həmçinin, şəxsi işləri ilə əlaqədar 21 aprel 2022-ci il tarixə saat 09:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini, cavabdehdən 690 manat və tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Məhkəməsinin 1(029)-22/2017 saylı 02 may 2017-ci il tarixli hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, X5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində İddiaçı məxsus ot tayasını yandırdığını göstərmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş İddiaçı 18 oktyabr 2015-ci ildə onun həyətində olan, qış aylarında mal-qaraya vermək üçün ehtiyyat edib yığdığı 260 ədəd saman bağlamalarını Aqşin Mustafayevin yandırdığını, ona dəymiş zərərin ödənilmədiyini göstərmişdir. İş materiallarında olan Cavabdeh notariat qaydasında təsdiq olunmuş 01.03.2017-ci il tarixli ərizəsindən görünür ki, o, oğlu X1 Nəcəfəli Həzərəli oğluna məxsus ot tayasını yandırmaq yolu ilə Həzərəliyev Nəcəfəli Həzərəli oğluna 690 (altı yüz doxsan) manat məbləğində ziyan vurmuşdur. O, həmin ziyanın bir il ərzində ödəyəcəyini öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh oğlu X5 iddiaçıya və başqa şəxslərə məxsus əmlakları məhv etmiş və 02 may 2017-ci il tarixli Qusar rayon Məhkəməsinin hökmü ilə 4 (dörd) il 6 (ay) müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh oğlu Aqşin Mustafayev tərəfindən İddiaçı vurulmuş 690 manat məbləğində maddi ziyanı bir il ərzində ödəyəcəyini öhdəsinə götürmüş, bu barədə notariat qaydasında təsdiq olunmuş ərizə vermişdir. Lakin, Cavabdeh həmin öhdəliyini yerinə yetirməmiş və dəymiş ziyanı ödəməmişdir. Bununla da, Cavabdeh İddiaçı qarşısında öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin oğlu X3 təqsirli hərəkəti nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi cavabdeh iddiaçıya dəymiş maddi ziyanı öz öhdəsinə götürmüş və bu barədə notariat qaydasında təsdiq olunmuş ərizə vermişdir. Beləliklə, 690 (altı yüz doxsan) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 690 (altı yüz doxsan) manat, məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 720 (yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar