Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-272/2024 07.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşağın saxlanılması üçün onun xeyrinə tutulan alimentin miqdarını artıraraq Cavabdeh birgə nikahdan olan 22 mart 2010cu il təvəllüdlü X4 adlı uşağın saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, rəsmi nikahı qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə evlənmiş, birgə yaşadıqları müddətdə 22 mart 2010-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Nikahlarını 17 mart 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaq onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli 2(029)-671/2014 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşağın saxlanılması üçün onun xeyrinə hər ay 60 manat miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda Cavabdeh ona uşağın saxlanılması üçün 60 manat aliment ödəyir. Bildirmək istəyir ki, Cavabdeh ona ödədiyi 60 manat aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun maddi ehtiyacları da artır. Uşağın gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə Cavabdeh uşağın saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, o, təxminən 10 ildir ki, Cavabdeh ayrılmışdır. Həmin müddət ərzində cavabdeh aliment göndərmiş, borcu yoxdur. Cavahdeh ayrıldıqları vaxtdan Nuray adlı uşaqla görüşməmiş, onunla maraqlanmamışdır. O, heç vaxt cavabdehin Nuray adlı uşaqla görüşməsinə etiraz etməmişdir. Həmçinin, ayrıldıqları vaxtdan indiyədək o, cavabdehdən əlavə aliment tələb etməmiş, həmin müddət ərzində ona uşağı saxlamağa anası və qardaşı köməklik etmişlər. Hal-hazırda isə uşağın xərcləri artmış və o, həmin uşağı təkbaşına saxlaya bilmir. O, özü bu yaxınlarda mebel mağazasına satıcı işinə düzəlmiş, əmək haqqı 250 manat olacaqdır. Cavabdeh əvvəllər çilingər və traktor sürücüsü işləmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, başqa qadınla ailə həyatı qurmuş, iki övladı anadan olmuşdur. Ailəni dolandırmağa çətinlik çəkir. Əgər alimentin məbləği artırılsa hazırda ailə qurduğu arvadı evdə qalmaqal yaradacaq. İddiaçının xeyrinə tutulan alimenti onun anası ödəmişdir. O, özü heç bir yerdə işləmir. Əvvəllər traktor sürmüş, hazırda isə sürmür, arada fəhləlik edir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 941540 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu ildə anadan olmuş, atası Cavabdeh, anası X1r. İşdə olan Qusar rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli 2(029)-671/2014 saylı qətnaməsinindən görünür ki, Cavabdeh 04 avqust 2014-cü il tarixdən başlayaraq hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq 22 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli 2(029)-671/2014 saylı qətnaməsi ilə Cavabdeh iddiaçı Ellada Suıltanəhmədovanın xeyrinə tərəflərin birgə nikahlarından anadan olmuş Nuray adlı uşağın saxlanması üçün hər ay 60 manat miqdarında aliment tutulmuşdur. Həmin vaxtdan təxminən 10 ilə yaxın müddət keçmiş, həmin müddət ərzində iddiaçının himayəsində olan uşağın tələbatları artmaqla iddiaçının maddi vəziyyəti nisbətən ağırlaşmışdır. Odur ki, məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş uşağın mənafeyini, tərəflərin diqqətəlayiq olan maraqlarını, maddi və əmlak vəziyyətlərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməklə hər ay 160 manat müəyyən olunmalıdır. Məhkəmə alimentin miqdarının hər ay hər uşağa görə Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş məbləğə uyğun 235 manat miqdarda müəyyən edilməsini əsaslı hesab etmir. Qeyd olunmalıdır ki, uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan, hazırkı halda ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız cavabdehdən tutulması düzgün və ədalətli deyil, bu cavabdehin maraqlarının pozulmasına və onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər. Digər tərəfdən, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın iddiaçının himayəsində olması, uşaqa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi himayəsində olduğu iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Məhkəmə onu da qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli 2(029)-671/2014 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1983-cü ildə Qusar rayonu Aşağı İmamquılukənd kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 22 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-272/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-272/2024
07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver