Məhkəmə qərarları › İş №2(029)-287/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-287/2021

23.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-287/2021 23.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-yə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş rabitə xəttinin kənarlaşdırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-yə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş rabitə xəttinin kənarlaşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X3 Qovşağı tərəfindən torpaq mülkiyyətçisi ilə razılaşdırılmadan, Qusar rayonu Samur qəsəbəsi ərazisində yerləşən, onun xüsusi mülkiyyətində olan 0.46 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş rabitə xəttinin həmin ərazidən kənarlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X1 Qovşağı rəhbərliyinin qanunsuz sərəncamı əsasında Qusar rayonu Samur qəsəbəsi ərazisində yerləşən, onun xüsusi mülkiyyətində olan 0.46 ha torpaq sahəsindən mülkiyyətçi ilə razılaşdırılmadan rabitə xətti inşa etdirməklə istismara vermişdir. Onun xüsusi mülkiyyətində olan 0.46 ha torpaq sahəsindən qanunsuz rabitə xəttinin tikintisinə narazılığını bildirərək 02.10.2015-ci il tarixdə Qusar rayon Telekommunikasiya Qovşağına, 09.11.2015-ci il tarxidə "xxxx" MMCnin X3 Qovşağının rəhbərliyinə dəfələrlə rəsmi və şifahi müraciətlər etməsinə baxmayaraq, qanunsuz olaraq çəkilmiş rabitə xətti hal-hazıra qədər onun mülkiyyətində olan 0.46 ha torpaq sahəsindən çıxarılmamışdır. Qusar rayonu Samur qəsəbəsi ərazisində mövcud olan 0.46 ha torpaq sahəsi 16.05.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyidyyata alınaraq Seriya MA ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, "xxxx" MMC-nin X1 Qovşağı rəhbərliyinin qanunsuz sərəncamı əsasında Qusar rayonu Samur qəsəbəsi ərazisində yerləşən onun xüsusi mülkiyyətində olan, 0,46 ha torpaq sahəsindən, mülkiyyətçi ilə razılaşdırılmadan rabitə xətti inşa etdirilməklə istismara verilmişdir. Xüsusi mülkiyyətində olan 0.46 ha torpaq sahəsindən qanunsuz rabitə xəttinin tikintisinə narazılığını bildirərək 02 oktyabr 2015-ci il tarixdə Qusar rayon Telekommunikasiya Qovşağına, 09 noyabr 2015-ci il tarixdə "xxxx" MMC-nin X3 Qovşağının rəhbərliyinə dəfələrlə rəsmi və şifahi müraciətlər etməyinə baxmayaraq, qanunsuz olaraq çəkilmiş rabitə xətti hal-hazıra qədər çıxarılmamışdır. Qusar rayonu Samur qəsəbəsi ərazisində mövcud olan 0.46 ha torpaq sahəsi 16 may 2012-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalakın Dövlət Reystri Xidmətində qeydiyyata alınaraq, seriya MA ******* saylı Çıxarışla adına rəsmiləşdirilmişdir. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında “Avropa konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur. Cavabdeh tərəf göstərmişdir ki, guya məlum kabel xətti 2010-cu ildə çəkilib, faktiki olaraq isə həmin kabel xəttinin yeri 2015-ci ildə dəyişdirilərək onun torpaq sahəsindən çəkilmişdir. Həmin vaxt torpaq sahəsi çəpərin daxilində olmuşdur. Həmin torpaq sahəsi 1992-ci ildə Qusar rayon İcra Hakimiyyətinin 53 saylı sərəncamı ilə ona verilmiş, sonradan 1998-ci ildə isə Aqrar İslahat Komissiyasının qərarı ilə onun mülkiyyətinə verilmiş, 2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınaraq müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Çıxarışın verilməsinə əsas olmuş sənədlərin siyahısında Qusar rayon İcra Hakimiyyətinin 53 saylı sərəncamı da göstərilmişdir. Yəni, torpaq sahəsi 1992-ci ildən onun istifadəsındə olmuş, kabel xətti çəkilən vaxt isə qanuni mülkiyyətində olmuşdur. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyi ilə razıdır. Qeyd olunanlara əsasən xüsusi mülkiyyətində olan 0.46 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş rabitə xəttinin həmin ərazidən kənarlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, "xxxx" ASC (hazırkı "xxxx" ASC) həmin kabelin yerinin dəyişdirilməsi ilə bağlı "xxxx" MMC–yə müraciət etmişdir. Buna əsasən bütün razılaşmalar Azəryolservis tərəfindən aparılmalıdır. "xxxx" İB sifarişçinin sifarişi ilə bağlı texniki şərt verib və həmin kabelin yerinin dəyişdirilməsini "xxxx" ASC həyata keçirməli idi. Əslində "xxxx" MMC rabitə xəttinin mövcud olduğu yerdən dəyişib hər hansı bir şəxsin ərazisinə salmasında heç bir marağı olmayıb. Yəni "xxxx" MMC-nin həmin rabitə xəttini öz şəxsi istəyi ilə yerini dəyişib vətəndaşa məxsus olan torpaq sahəsinə salmayıb. Məhkəməyə təqdim etdiyi sənəddən görünür ki, 2010-cu ildə "xxxx" ASC "xxxx" MMC-yə müraciət edərək Bakı-Quba-Rusiya Federasiyasının magistral yolunun genişləndirilməsi ilə bağlı kabelin həmin əraziyə düşdüyünü bildirmiş, "xxxx" MMC isə rabitə xəttinin kənara çəkilməsi üçün "xxxx" ASC-yə texniki şərt təqdim etmişdir. Bundan başqa iddiaçının 0,46 ha torpaq sahəsi 2012-ci ildə onun mülkiyyətinə keçirilmişdir. Lakin, rabitə xətti 2010-cu ildə həmin torpaq sahəsindən çəkilib, yəni yerdəyişmə olunub. Rabitə xəttinin çəkildiyi zaman həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmaması isə məlum deyildir. Ona görə də məhkəmədən bu məsələni nəzərə almasını xahiş edir. Məlum kabel xətti "xxxx" MMC-nin təşəbbüsü ilə dəyişdirilməmiş, həmin xətti "xxxx" ASC-nin sifarişi ilə çəkilmişdir. Ona görə də, iddiaçı həmin ASC-yə qarşı iddia qaldırmalıdır. Bundan başqa, kabel xətti "xxxx" ASC-nin sifarişi ilə 2010-cu ildə çəkilmiş, həmin vaxt torpaq sahəsi iddiaçının mülkiyyətində olmamış, dövlət mülkiyyətində olmuş, bu səbəbdən də, həmin ASC iddiaçının razılığını almamışdır. Həmin xətt dövlət əhəmiyyətli layihə əsasında çəkilmişdir. O, iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyinə heç bir etirazı yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddələrinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 06.12.2010-cu il tarixli 1302 saylı arxiv çıxarışının surətindən görünür ki, Qusar rayon İcra Hakimiyyətinin 17 fevral 1992-ci il tarixli 53 nömrəli sərəncamı ilə Oktyabr İnqilabı sovxozunun ərazisində daimi yaşayan və işləyən fəhlə və qulluqçuları həyətyanı torpaq sahələri ilə təmin etmək məqsədilə sovxozun Aşağı Tahircal kəndində kənddaxili boş qalan və “Köhnə tövlələrin arxa tərəfi” adlı örüş sahələrindən 1,98 hektar və Yeni Tahircal kəndi və “Muçuq geri” adlı suvarılan örüş sahəsindən 3,10 hektar, cəmi sovxoz üzrə 48 ailəyə 5,03 hektar torpaq sahəsi həyətyanı torpaq fondu kimi ayrılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və 16.05.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı Çıxarışın surətindən görünür ki, Qusar rayonu Samur qəsəbəsində yerləşən 0.46 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan AA 022791 saylı 16.05.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qusar rayonu Samur qəsəbəsində yerləşən reyestr nömrəsi **********39 olan 0.46 ha torpaq sahəsinin hüquq sahibi İddiaçıdur. İşdə olan Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X1 Qovşağının 19.11.2015-ci il tarixli KMMŞ-06/1648 saylı məktubundan görünür ki, Quba XQ-nin rəhbəri E.Həsənov tərəfindən rabitə xəttinin Qusar rayonu Samur qəsəbəsi ərazisindəki 0.46 ha torpaq sahəsindən keçdiyi əraziyə baxış keçirilmiş və müvafiq olaraq sxem tərtib edilmişdir. Bu sxemdən görünür ki, çəkilən rabitə xətti inşası tamamlanmamış Quba-SDK avtomobil yolunun mühafizə zonasına düşür və kabelkanalizasiya qurğularının tikintisi işləri "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Digər tərəfdən əgər bu qurğular İddiaçı mülkiyyətində olan torpaq sahəsinə düşürdüsə, bu barədə razılaşma "xxxx" ASC tərəfindən aparılmalı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin X1 Qovşağının 07.12.2015-ci il tarixli KMMŞ-06/1733 saylı məktubundan görünür ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 135+00 – 198+550 km hissəsinin (Xaçmaz şəhərini dövrələməklə keçən) tikintisi ilə əlaqədar "xxxx" ASC tərəfindən göndərilmiş 4/03-5799 saylı, 28-12.2009-cu il tarixli məktuba cavab olaraq "xxxx" MMC-nin TLŞ tərəfindən TLŞ-232/1 saylı 15.01.2010 tarixli texniki şərt hazırlanaraq "xxxx" ASC-yə təqdim olunmuşdur. Həmin texniki şərtin 4-cü bəndində yolun km191+950- km192+550 hissəsində TAA FO-24, FO-12 kabel magistrallarının yolun və yol qovşaqlarının altında qalan hissələrinin mühafizəsi ilə əlaqədar yolun sağında 9 ədəd d/beton KKS-2 tipli quyulardan ibarət 2 kanallı telefon kanalizasiyasının tikilməsi və çəkiləcək yolun və yol qovşağının altında qalan FO-24 və FO-12 kabellərinin köçürülməsi tələbi qoyulmuşdur. Eyni zamanda bu texniki şərtin 5-ci bəndində göstərilmişdir ki, kabellərin köçürülməsi ilə əlaqədar ayrılacaq torpaq sahəsinin və müvafiq razılaşmaların alınması işləri "xxxx" ASC tərəfindən aparılmalı və bundan sonra kabelin köçürülməsinə başlanmalıdır. Həmin texniki şərtin bu hissəsi üzrə iş başa çatmışdır. Lakin, işlərin icrası zamanı Qusar rayonu Samur qəsəbəsi ərazisində kabellərin köçürülməsi ilə əlaqədar ayrılacaq torpaq sahəsinin müvafiq razılaşmaları alınmamışdır. Bununla əlaqədar Qusar şəhəri Hacıməhəmməd küçəsi 1 nömrəli evdə yaşayan İddiaçı tərəfindən X3 Qovşağına 12.11.2015-ci il tarixdə daxil olmuş məktubda Qusar rayonu Samur qəsəbəsi ərazisində onun mülkiyyətində olan 0.46 ha torpaq sahəsindən mülkiyyətçi ilə razılaşdırılmadan rabitə kabel xəttinin çəkilməsi göstərilmişdir. "xxxx" MMC TLŞ tərəfindən verilmiş bu texniki şərtin 5-ci bəndinə uyğun olaraq rabitə kabel xətlərinin köçürüldüyü ərazinin mülkiyyətçisi ilə razılaşdırılması barədə müvafiq göstəriş verilməsi "xxxx" ASC-dən xahiş edilmişdir. İşdə olan Qusar rayon İHB tərəfindən verilmiş FŞ/769 saylı 15 sentyabr 2015-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı rayonun Samur qəsəbəsində özünə məxsus olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün məlumatlandırma icraatı çərçivəsində Rayon İcra Hakimiyyətinə təqdim etdiyi fərdi yaşayış evinin eskiz layihəsi Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. İşdə olan X4 kitabında 01 fevral 2011-ci il tarixdə 148 nömrə ilə uçota alınmış A № 322851 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 01 sentyabr 1998-ci il tarixli 15/1 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Qusar rayonu Samur kəndində fərdi yaşayış evi tikmək üçün 4600 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 24 noyabr 2021-ci il tarixli 10/5963 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Qusar rayonu Samur qəsəbəsində yerləşən və 16.05.2012-ci il tarixli Seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış 0.46 ha torpaq sahəsinin hər hansı hissəsində "xxxx" MMC-yə məxsus Quba-Rusiya istiqamətində 76.5 metr uzunluğunda yeraltı çəkilmiş (0.70 sm dərinliyində) rabitə kabel xətti keçir, kabel xətti 0.46 ha torpaq sahəsinin qərb istiqamətindən keçir. Qusar rayonu Samur qəsəbəsindən keçən Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun çiyin xətti ilə İddiaçı məxsus 0.46 ha torpaq sahəsi arasındakı ən qısa məsafə 5.3 metrdir. Rabitə kabel xəttinin həmin ərazidən çəkilməsinin (yerinin dəyişdirilməsi) mümkün olub-olmamasını müəyyən etmək ekspertin səlahiyyətləri xaricində olduğundan qərardadın 2-ci sualının 2-ci hissəsi üzrə tədqiqat aparılmadı. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 noyabr 2021-ci il tarixli 10/5963 saylı məktubdan və ona əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəsinin hazırkı mülki iş üzrə verilmiş 24 noyabr 2021-ci il tarixli 10/5963 nömrəli rəyi ilə razılaşaraq, həmin rəyi işin hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-4-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, Qusar rayonu Samur qəsəbəsində yerləşən və 16.05.2012-ci il tarixli Seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış 0.46 ha torpaq sahəsinin qərb istiqamətindən, mülkiyyətçi İddiaçı heç bir razılığı olmadan "xxxx" ASC-nin sifarişi ilə "xxxx" MMC-yə məxsus 76.5 metr uzunluğunda, 0.70 sm dərinliyində yeraltı rabitə kabel xətti çəkilmiş və bununla da, həmin şəxsin mülkiyyət hüququna əsassız müdaxilə baş vermişdir. Halbuki, həmin kabel xətti çəkilərkən mütləq şəkildə torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı bu barədə razılığı alınmalı və ya həmin xəttin çəkilməsi ictimai maraqlar naminə olmuşdursa, həmin torpaq sahəsi dövlət ehtiyacları üçün dəyəri ədalətli şəkildə ödənilməklə alınmalı idi. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququna olan müdaxilə qanuni və əsaslı olmamış, həmin şəxsin qanunla qorunan mülkiyyət hüququnu əsassız şəkildə pozmuşdur. Bu səbəbdən də, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Qusar rayonu Samur qəsəbəsində yerləşən və 16.05.2012-ci il tarixli, Seriya MA ******* saylı, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış 0.46 ha torpaq sahəsində "xxxx" MMC-yə məxsus Quba-Rusiya istiqamətində 76.5 metr uzunluğunda yeraltı çəkilmiş (0.70 sm dərinliyində) rabitə kabel xətti "xxxx" MMC və Azəravtoyol” ASC tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-dən və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Qusar rayonu Samur qəsəbəsində yerləşən və 16.05.2012-ci il tarixli, Seriya MA ******* saylı, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış 0.46 ha torpaq sahəsində "xxxx" MMC-yə məxsus Quba-Rusiya istiqamətində 76.5 metr uzunluğunda yeraltı çəkilmiş (0.70 sm dərinliyində) rabitə kabel xətti "xxxx" MMC və "xxxx" ASC tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-dən və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar