Məhkəmə qərarları › İş №2(029)-287/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-287/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-287/2024 14.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay bir uşağa görə cəmi 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilərək həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 02 iyul 2014-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü X2 adında qız uşaqları anadan olmuşdur. Cavabdeh ilə ailə münasibətləri rəsmi qaydada pozulmasa da, faktiki olaraq o, xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi ata evində yaşayır. Birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 onun himayəsində olmaqla onunla bir yerdə ata evində yaşayır.Qusar Rayon Məhkəməsinin 20 fevral 2020ci il tarixli 2(029)-215/2020 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşağın saxlanılması üçün hər ay bir uşağa görə cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləği miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda Cavabdeh oan uşağın saxlanılması üçün hər ay bir uşağa görə cəmi 120 (bir yüz iyirmi) manat aliment ödəyir. Cavabdeh 1 uşağın saxlanılması üçün hər ay ona aliment kimi ödədiyi cəmi 120 (bir yüz iyirmi) manat aylıq aliment uşağın ehtiyaclarını ödəməyə kifayət etmir. Ona görə Cavabdeh uşağın saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur. Ata evində də məişət şəraiti ağırdır. Heç bir yerdə işləmədiyindən və sosial məişət şəraiti də ağır vəziyyətdə olduğundan uşağın normal qidalanmasını da təmin edə bilmir. Buna görə də o, "aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə qızı X2 hazırda məktəbli olduğundan onun saxlanma xərcləri bir neçə dəfə artmışdır və bu artan xərcləri tək başına ödəmək iqtidarında deyil. Cavabdeh tərəfindən ödənilən vəsait övladının saxlanılması üçün tələb olunan xərclərin yarısını belə ödəmir. Qeyd olunan xərclərinin ödənilməsində yaranmış çətinliklər övladının sosiallağının azalmasına, təhsillinə olan münasibətinin zəifləməsinə səbəb olur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, cavabdehdən onun xeyrinə alimentin tutulmasına dair məhkəmə qətnaməsi 2020-ci ildə çıxarılmışdır. Həmin qətnaməyə əsasən 120 manat aliment müəyyən edilmişdir. Hal-hazırda cavabdehin verdiyi aliment kifayət etmir. Uşağa hər ay 500 manat xərc çıxır. Uşağın 8 yaşı var. Uşaq lagoped yanına gedir, lagopedə pul verməyi ilə bağlı heç bir sübutu yoxdur, ancaq kartdan karta pul köçürmələri vardır. Hər ay ancaq 200 manat pul uşağın müalicəsinə çıxır. O, heç bir yerdə işləmir, valideynləri ona uşağın saxlanmasına köməklik edir. O, cavabdehin harada işlədiyini bilmir. xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, aliment məbləğinin artırılmasına razı deyil. O, bağda günəmuzd işləyir, günə 10-15 manat qazanır. Hər gün iş olmur. O, pul olanda iddiaçıya əlavə kömək edəcəkdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-215/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 23 yanvar 2020-ci il tarixdən başlayaraq 07 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə uşaqlar müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinəyönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-215/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 23 yanvar 2020-ci il tarixdən başlayaraq 07 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanıması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 235 (iki otuz beş) manat deyil, hər ay hər uşağa 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının hər ay 235 (iki yüz otuz beş) manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Həmçinin iddiaçı tərəfindən uşağın müalicəsi və əlavə xərcləri ilə bağlı sübut təqdim edilməmişdir. Belə olan halda iddiaçının tələb etdiyi miqdarda alimentin tutulması ədalətli olmaz. Bundan başqa, alimentin miqdarının cavabdehin məhkəmədə verdiyi izahatında qeyd etdiyi kimi dəyişdirilmədən saxlanması Rumina adlı uşağın mənafeyi baxımından qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində tələb etdiyi kimi, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən deyil, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 30 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 360 (12 X 30=360) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-215/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 07 dekabr 2015-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar