Məhkəmə qərarları › İş №2(029)-291/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-291/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-291/2024 14.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Məhkəməsinin 2(029)-93/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək, Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi, mediasiya xərci kimi ödədiyi 50 manat pulun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 02 aprel 2013-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 adlı bir övladları var. Qusar rayon Məhkəməsinin 2(029)-93/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış 23 aprel 2013-cu il tarixli nikah pozulmuş, boşanmadan sonra 22 aprel 2015-ci il təvəllüdlü X1 onun yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda 120 manat məbləğində alimentlə uşağını saxlamağa çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2023-cu il üzrə respublikada uşaqlar üçün yaşayış minimumunun 220 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərdi ki, cavabdehin rəsmi iş yeri olmasa da, həmin şəxs musiqiçidir, ofisiant işləyir, eyni zamanda telefon satışı ilə məşğul olur. Onun normal qazancı olsa da, uşağın saxlanması üçün aliment ödəmir. Artıq həmin şəxsin 3680 manat məbləğində aliment borcu yaranmışdır. Cavabdeh Qusar rayonu Çiləgir kəndində yerləşən “Nur” kafesində, “Zəngəzur” otelində işləməklə pul qazanır. Odur ki, bunların nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı qəbul etmədiyini, məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxıb iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ 539074 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22 aprel 2015-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(029)-93/2019 saylı qətnaməsinindən görünür ki, X5 ilə Cavabdeh arasında 23 aprel 2013-cü il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 60 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra uşaqları-22 aprel 2015-ci il təvəllüdlü X1 X2 yanında qalması, 05 sentyabr 2018-ci il tarixdən başlayaraq 22 aprel 2015-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(029)-93/2014 saylı qətnaməsi ilə Cavabdeh iddiaçı Xəticə Hacıyevanın xeyrinə tərəflərin birgə nikahlarından anadan olmuş Dəniz adlı uşağın saxlanması üçün hər ay 120 manat miqdarında aliment tutulmuşdur. Həmin vaxtdan təxminən 5 il müddət keçmiş, həmin müddət ərzində iddiaçının himayəsində olan uşağın tələbatları artmaqla iddiaçının maddi vəziyyəti nisbətən ağırlaşmışdır. Odur ki, məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş uşağın mənafeyini, tərəflərin diqqətəlayiq olan maraqlarını, maddi və əmlak vəziyyətlərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməklə hər ay 150 manat müəyyən olunmalıdır. Məhkəmə alimentin miqdarının hər ay Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş məbləğə uyğun müəyyən edilməsini əsaslı hesab etmir. Qeyd olunmalıdır ki, uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan, hazırkı halda ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız cavabdehdən tutulması düzgün və ədalətli deyil, bu cavabdehin maraqlarının pozulmasına və onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci kimi ödədiyi 50 manat pul məhkəmə xərcinin tərkib hissəsi olmadığından həmin pulun iddiaçıya aid edilməsi tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-93/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1982-ci ildə Qusar rayonu Çiləgir kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 22 aprel 2015ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar