Məhkəmə qərarları › İş №2(029)-305/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-305/2022

30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-305/2022 30.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahlarından olan uşaqları 03 noyabr 2005-ci il təvəllüdlü Aleta, 28 yanvar 2009-cu il təvəllüdlü Jasmin və 02 may 2012ci il təvəllüdlü İskəndər adlı uşaqların saxlanılmaları üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılmasına və həmin uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddianı onunla əsaslandırmışdır ki, o, 15 dekabr 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdehlə ailə həyatı qurmuşdur. Birgə nikahlarından onların 03 noyabr 2005-ci il təvəllüdlü Aleta, 28 yanvar 2009-cu il təvəllüdlü Jasmin və 02 may 2012ci il təvəllüdlü İskəndər adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmışdır. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqlar onun himayəsində qalmışlar. Qusar rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(029)- 382/2019 saylı qətnaməsinə əsasən cavabdehdən azyaşlı uşaqların saxlanması üçün onun xeyrinə hər ay 90 manat olmaqla, cəmi 270 manat miqdarda alimentin tutulması qət edilmişdir. Cavabdehin ona ödədiyi 270 manat aylıq aliment uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki, uşaqlar böyüdükcə onların maddi ehtiyacları da artır. O, uşaqların gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə də cavabdeh uşaqların saxlanması üçün daha artıq aliment ödəməyə borcludur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, hazırda o, Qusar şəhərində kirayədə yaşayır. Bədişqala kənd orta məktəbində müəllim işləyir, əmək haqqı 440 manatdır, tutulmalardan sonra 380 manat maaş alır. Cavabdehin ödədiyi 270 manat alimentlə uşaqları saxlaya bilmir, heç bir yerdə işləməyən şəxslərdən həmin məbləğdən də yüksək aliment tutulur. Cavabdehlə bir yerdə yaşadıqları müddətdə, onların hər ikisi işləyib maaş almışlar, əlavə olaraq kənd təsərrüfatı işləri ilə məşğul olub əlavə gəlir əldə etmişlər. Hazırda o, Qusar şəhərində kirayədə qaldığından, əlavə gəlirləri yoxdur. Cavabdehin mal-qarası, fındıq bağı, mağazası vardır, məktəbdə hərbi rəhbər işləyir, həftədə 2 gün olmaqla 2 saat işdə olur. Cavabdehin əmək haqqı 130 manat artmış, əlavə işləmə vaxtı və imkanı vardır. O, kənddə olanda uşaqları hazırlaşdırmış, əlavə gəlirlər əldə etmişdir. Artıq üç ildən artıqdır ki, o, uşaqları hazırlaşdırmır. Qusar rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(029)-382/2019 saylı qətnaməsinə əsasən cavabdehdən azyaşlı uşaqların saxlanması üçün onun xeyrinə hər ay 90 manat olmaqla, cəmi 270 manat miqdarda alimentin tutulması qət edilmişdir. Həmin məbləğ isə çox aşağıdır, buna görə də, cavabdehdən onun xeyirən tutulan alimentin miqdarı artırılmalıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçı ilə 3 ildir ayrı yaşayırlar. Qusar rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(029)-382/2019 saylı qətnaməsinə əsasən ondan azyaşlı uşaqların saxlanması üçün iddiaçının xeyrinə hər ay 90 manat olmaqla, cəmi 270 manat miqdarda alimentin tutulması qət edilmişdir. Onun əmək haqqısı əvvəllər 330 manat olmuş, hazırda onun əmək haqqısı 490 manat təşkil edir, lakin tutulmalardan sonra 412 manat əmək haqqı alır. Başqa, gəliri isə yoxdur. Məktəbdə hərbi rəhbər vəzifəsində işləməklə həftənin 5 günü işdə olur. İş olmayanda, valideynlərinə kömək edir. Mağaza onun özünə deyil, valideynlərinə məxsusdur, 3 ildir ki, həmin mağaza işləmir. Fındıq bağı da, valideynlərinə məxsusdur. O, valideynlərindən ayrılmış, başqa ünvanda yaşayır, ayrı təsərrüfat qurmuşdur. Uşaqların saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat aliment verə bilər. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 25 fevral 2019-cu il tarixli 2(029)-382/2019 saylı Qusar rayon Məhkəməsinin qətnaməsinindən görünür ki, Cavabdeh 30 yanvar 2019-cu il tarixdən başlayaraq 03 noyabr 2005-ci il təvəllüdlü X6, 28 yanvar 2009-cu il təvəllüdlü X5 və 02 may 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılmaları üçün hər ay hər uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İ 342428 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 01 may 2020-ci il tarixdə 30 nömrəli akt qeydi ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra qadın “Xəlilova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 685037 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 03 noyabr 2005-ci il tarixdə Qusar rayonu Bədişqala kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-T 113279 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28 yanvar 2009-cu il tarixdə Qusar rayonu Bədişqala kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İşdə olan AZ-İİ 910787 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02 may 2012-ci il tarixdə Qusar rayonu Bədişqala kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli 36 saylı arayışdan görünür ki, Cavabdeh Səbibualla oğlu 2010-cu ildən Qusar rayonu Bədişqala kənd tam orta məktəbində müəllim vəzifəsində işləyir. Hal-hazırda onun orta aylıq əmək haqqı 490.00 (dörd yüz doxsan) manat təşkil edir. Bütün məcburi və könüllü tutulmalardan sonra onun əmək haqqısı 412.65 (dörd yüz on iki manat altmış beş qəpik) manat təşkil edir. İşdə olan Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.02.2022-ci il tarixli 167 saylı arayışdan görünür ki, Cavabdeh Qusar rayonu Bədişqala kəndində qeydiyyatdadır, ayrı təsərrüfatdır. İşdə olan Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.02.2022-ci il tarixli 174 saylı arayışdan görünür ki, Cavabdeh adına olan həmin nümayəndəliyin 11 nömrəli təsərrüfatbaşına kitabında səhifə 32-də mal-qara qeydə alınmamışdır. İşdə olan 28 sentyabr 2021-ci il tarixli 2021-002317 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh 28.09.2021-ci il tarixdə, 09:45-10:40 saatlarında keçirilən (mövcud alimentin artırılması ilə bağlı) ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(029)-382/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahlarından anadan olmuş Aleta, Jasmin və İskəndər adlı uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində aliment tutulmuşdur. Həmin vaxtdan sonra cavabdehin maddi vəziyyətində qismən dəyişiklik olmuş, əsas iş yeri olan Qusar rayonu Bədişqala kənd tam orta məktəbindən aldığı əmək haqqısı 130 manat artmış, hazırda onun əmək haqqısı məcburi və digər tutulmalar çıxıldıqdan sonra 412.65 manat təşkil edir. Onun digər hər hansı gəlirlərinin olması isə məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı özü də müəllimə işləməklə tutulmalar çıxıldıqdan sonra hər ay 380 manat məbləğində əmək haqqı alır. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin miqdarının hər ay hər uşağa görə iddiaçının tələb etdiyi kimi 193 manat, cəmi isə 579 manat müəyyən olunması tərəflərin maraqları baxımından düzgün və əsaslı deyildir. Belə ki, həmin məbləğdə aliment cavabdehin əsas iş yeri olan orta məktəbdən aldığı əmək haqqında xeyli artıqdır, aliment tutulduğu vaxtdan cavabdehin maddi vəziyyətində əhəmiyyətli və tələb olunan miqdarda alimentin ödənilməsini təmin edəcək dərəcədə dəyişiklik olmamışdır. Bundan başqa, cavabdehdən tutulan alimentin miqdarının artırılması «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırılmış və həmin qanunla uşaqlar üçün müəyyən olunmuş 193 manat yaşayış minimumunun cavabdehdən tutulması tələb olunmuşdur. Qeyd olunmalıdır ki, uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan, hazırkı halda iddiaçının özü də işləməklə aylıq gəlir əldə etdiyindən ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız cavabdehdən tutulması düzgün və ədalətli deyil, bu cavabdehin maraqlarının pozulmasına və onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasılna səbəb ola bilər. Bununla belə məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların mənafelərini, o cümlədən işin digər hallarını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı artırılmaqla hər ay hər uşağa görə 100 m a n a t , c ə m i i s ə 3 0 0 m a n a t müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(029)-382/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 1983-cü ildə Qusar rayonu Bədişqala kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 03 noyabr 2005-ci il təvəllüdlü X6, 28 yanvar 2009-cu il təvəllüdlü X5 və 02 may 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar