Məhkəmə qərarları › İş №2(029)-325/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-325/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-325/2021 06.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 3944.92 manat məbləğində kredit borcu, 371.87 manat məbləğində faiz borcu və 654.85 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 4971 (dörd min doqquz yüz yetmiş bir) manat 64 qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 25.10.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.75% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin şəxs kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 27 iyul 2020-ci il tarixdən ödənişləri planlaşdırılmış aylıq üçün kredit borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh kredit borcundan 1055.08 manat ödəniş etmiş və onun iddiaçıya 3944.92 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün blank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 13 noyabr 2020-ci il tarixə 172 gün hesablanmış faiz borcu 371.87 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 13 noyabr 2020-ci il tarixə 172 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 654.85 manat təşkil edir. Bundan başqa, İddiaçı QSC məhkəməyə iddia tələblərinin dəyişdirilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, cavabdeh götürdüyü kredit borcundan 1823.33 manat ödəniş etmiş və onun iddiaçıya 3176.67 manat məbləğində kredit borcu qalmışdır. Hazırda cavabdehin faiz borcu 341.52 manat, cərimə borcu isə 1197.79 manat təşkil edir. Odur ki, cavabdehdən onun xeyrinə 3176.67 manat məbləğində kredit borcu, 341.52 manat məbləğində faiz borcu və 1197.79 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 4715.98 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı və ona əlavəni müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək göstərmişdir ki, hazırkı iddia ərizəsi məhkəməyə verildikdən sonra cavabdeh tərəfindən bankın xeyrinə 900 manat məbləğində pul ödənilmiş, onun əsas və faiz borcları müvafiq olaraq azalmış, lakin cərimə borcu çoxalmışdır. Bu səbəbdən də, bank tərəfindən məhkəməyə iddia tələblərinin dəyişdirilməsinə dair ərizə təqdim edilmişdir. Odur ki, həmin ərizədə göstərilən tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, “Pioner” mağazasında sürücü işləyir. İddiaçı QSC-dən 5000 manat məbləğində kredit götürmüş, lakin ödəmələri gecikdirmişdir. İddiaçı ona qarşı məhkəmədə iddia qaldırdıqdan sonra o, banka 900 manat məbləğində pul ödəmişdir. Bundan sonra da, işlədiyi yerdən maaş alıb borcunu ödəyəcəkdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələblərinin dəyişdirilməsinə dair ərizədə göstərilən əsas və faiz borcları ilə razıdır, lakin cərimə borcu ilə razı deyil, həmin hissədə iddianı qəbul etmir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2019cu il tarixli 006A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 1.75% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı QSC tərəfindən tərtib edilmiş 12.01.2021-ci il tarixli 0863 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 006A********** saylı 25.10.2019-cu il tarixli kredit razılaşması üzrə banka 3944.92 manat əsas borcunun, 371.87 manat faiz borcunun, 654.85 manat cərimə borcunun, ümumilikdə 4971.64 manat məbləğində borcunun olduğu göstərilmişdir. İşdə olan İddiaçı QSC tərəfindən tərtib edilmiş 20.04.2021-ci il tarixli 9855 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 006A********** saylı 25.10.2019-cu il tarixli kredit razılaşması üzrə banka 3176.67 manat əsas borcunun, 341.52 manat faiz borcunun, 1197.79 manat cərimə borcunun, ümumilikdə 4715.98 manat məbləğində borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə İddiaçı QSC-nın cavabdehin kredit razılaşması üzrə əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia tələblərinin dəyişdirilməsinə dair ərizədə göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə kredit razılaşması üzrə həmin məbləğin azaldılaraq 50 (əlli) məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh 006A********** saylı kredit razılaşması üzrə 3176.67 (üç min yüz yetmiş altı manat altmış yeddi qəpik) manat məbləğində əsas borc, 341.52 (üç yüz qırx bir manat əlli iki qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə borcu, ümumilikdə 3568.19 (üç min beş yüz altmış səkkiz manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 006A********** saylı kredit razılaşması üzrə 3176.67 (üç min yüz yetmiş altı manat altmış yeddi qəpik) manat məbləğində əsas borc, 341.52 (üç yüz qırx bir manat əlli iki qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə borcu, ümumilikdə 3568.19 (üç min beş yüz altmış səkkiz manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar