Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-326/2021 19.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə 11R00000426 saylı kredit razılaşması üzrə 4730.49 ABŞ Dolları kredit borcu, 2382.60 ABŞ Dolları faiz borcu və 4702.97 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 11816.06 ABŞ Dolları, 11R000009514 saylı kredit razılaşması üzrə 2715.43 ABŞ Dolları kredit borcu, 1820.06 ABŞ Dolları faiz borcu və 2917.28 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 7452.77 ABŞ Dolları, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 19268.83 (on doqquz min iki yüz altmış səkkiz Dollar 83 sent) ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında 0.04 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 19268.83 (on doqquz min iki yüz altmış səkkiz Dollar 83 sent) ABŞ Dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumunun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi,hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması; ünvan 1 ünvanında 0.04 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə bağladığı 07.09.2010-cu il tarixli 11L000000661 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 60000 (altmış min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 28.08.2014-cü il tarixli 661 saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 167 (yüz altmış yeddi) ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank ilə bağladığı 28.08.2014-cü il tarixli 11R000009426 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 03.03.2015-ci il tarixli 11R000009426S saylı, 29.04.2016-cı il tarixli 11R000009426SC saylı, 11.08.2016-cı il tarixli 11R000009426SD saylı, 17.01.2017-ci il tarixli 11R000009426SE saylı, 29.08.2017-ci il tarixli 11R000009426SF saylı, 29.03.2018-ci il tarixli 11R000009426SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.10.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 15269.51 ABŞ Dolları ödəmiş, onun 4730.49 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilı müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə 734 gün üçün hesablanmış faiz borcu 2382.6 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 06.10.2020-ci il tarixə 734 gün üçün hesablanmış cərimə 4702.97 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Bank ilə bağladığı 05.09.2014-cü il tarixli 11R000009514 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 03.03.2015-ci il tarixli 11R000009514S saylı, 03.04.2015-ci il tarixli 11R000009514SA saylı, 29.04.2016-cı il tarixli 11R000009514SB saylı, 11.08.2016-cı il tarixli 11R000009514SC saylı, 17.01.2017-ci il tarixli 11R000009514SD saylı, 29.08.2017ci il tarixli 11R000009514SE saylı, 29.03.2018-ci il tarixli 11R000009514SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.10.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7284.57 ABŞ Dolları ödəmiş, onun 2715.43 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə 732 gün üçün hesablanmış faiz borcu 1820.06 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.05% məbləğində cərimə ödəməlidir. 06.10.2020-ci il tarixə 732 gün üçün hesablanmış cərimə 2917.28 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Bank ilə bağladığı 13.02.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında 0.04 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 3 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında 0.04 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 22.09.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 30.09.2020-ci il tarixdə həmin idarədə qeydiyyata alınmışdır. Bank ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və məhkəməyə 05.05.2021-ci il tarixdə Qusar rayon Notariat Ofisində Reyestrdə 8i-2741, 8i-2742 və 07.05.2021-ci il tarixdə 8i-5155 nömrə ilə qeyd edilmiş ərizələr göndərərək göstərmişlər ki, onlar iddianı qismən qəbul edirlər, maddi imkanları olmadığından borcu ödəyə bilməmişlər. Onlar bankın 11R000009426 saylı kredit razılaşması üzrə tələb etdiyi 4730.49 ABŞ Dolları kredit borcunun, 2382.60 ABŞ Dolları faiz borcunun qaytarılmasına razıdırlar. Lakin, 4702.97 ABŞ Dolları məbləğində cərimə borcunun qaytarılmasına razı deyillər, həmin hissədə iddianı qəbul etmirlər, həmin hissədə iddianın təmin edilməməsini xahiş edirlər. 11R000009514 saylı kredit razılaşması üzrə 2715.43 ABŞ Dolları kredit borcunun, 1820.06 ABŞ Dolları faiz borcunun qaytarılmasına razıdırlar, lakin 2917.28 ABŞ Dolları məbləğində cərimə borcunun qaytarılmasına razı deyillər, həmin hissədə iddianı qəbul etmirlər, həmin hissədə iddianın təmin edilməməsini xahiş edirlər. Həmin borcun ödənilməsi üçün onlara vaxt verilməsini xahiş edirlər. Odur ki, iddianın qismən təmin edilməsini, 4702.97 ABŞ Dolları və 2917.28 ABŞ Dolları cərimə borclarının tutulmasına dair hissədə iddianın təmin edilməməsini, qalan hissədə iddianın təmin edilməsini xahiş edirlər. Həmin şəxslər həmçinin bildirmişlər ki, şəxsi işləri ilə bağlı məhkəmə iclasına gələ bilmirlər və ona görə də, işə onların iştirakları olmadan baxıb yuxarıda sadalanan halların nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə cavbadeh Cavabdeh1 arasında bağlanmış 07.09.2010-cu il tarixli 11L000000661 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə 60000 (altmış min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2014-cü il tarixli 661 saylı sazişə əsasən 07.09.2010-cu il tarixli 11L000000661 saylı kredit xətti müqaviləsinin 1.1 bəndinə dəyişiklik edilmiş və kredit xəttinin müddəti artırılaraq 167 (yüz altmış yeddi) ay müəyyən edilmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2014-cü il tarixli 11R000009426 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05.09.2014-cü il tarixli 11R000009514 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 İddiaçı QSC-dən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 11S000000840 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 07.09.2010-cu il tarixli 11L000000661 saylı kredit xətti müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları üzrə öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 11S000005387 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh3 Cavabdeh1 07.09.2010-cu il tarixli 11L000000661 saylı kredit xətti müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları üzrə öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş 29.01.2021-ci il tarixli 2395 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 11R000009426 saylı 28.08.2014-cü il tarixli kredit razılaşması üzrə əsas borcunun 4730.49 ABŞ dolları, faiz borcunun 2382.6 ABŞ dolları, cərimə borcunun 4702.97 ABŞ dolları, cəmi borcunun isə 11816.06 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş 29.01.2021-ci il tarixli 2396 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 11R000009514 saylı 05.09.2014-cü il tarixli kredit razılaşması üzrə əsas borcunun 2715.43 ABŞ dolları, faiz borcunun 1820.06 ABŞ dolları, cərimə borcunun 2917.28 ABŞ dolları, cəmi borcunun isə 7452.77 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 12.12.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar şəhəri Səməd Vurğun küçəsi 25 ünvanında yerləşən **********39-10301 reyestr nömrəli 0.04 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 48.2 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış və Qusar rayon Notariat Ofisində 3M-1-52 reyestr nömrəsi ilə təsdiq edilmiş 13.02.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 07.09.2010-cu il tarixli 11L000000661 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Qusar şəhəri Səməd Vurğun küçəsi 25 ünvanında 0.04 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 36000 (otuz altı) min ABŞ dolları (28238 (iyirmi səkkiz min iki yüz otuz səkkiz) manat 40 (qırx) qəpik ekvivalentində) təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 18.02.2015-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında **********39-10301 reyestr nömrəli 0.04 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən onun 07.09.2010-cu il tarixli 11L000000661 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin təminatı olaraq 14.02.2015-ci il tarixindən öhdəliklər tam yerinə yetirilənə kimi İddiaçı QSC-nin xeyrinə İpoteka ilə yüklü edilmişdir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayıəndəliyi tərəfindən verilmiş 09.02.2015-ci il tarixli 615 nömrəli Arayışdan görünür ki, Cavabdeh1 ********** qeydiyyat nömrəli 12.12.2014-cü il tarixli çıxarışla ona məxsus olan ünvan 3 ünvandakı evdə Cavabdeh1 qeydiyyatdadır. İşdə olan İİİ-ЖГ № 310953 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X3 04 noyabr 1983-cü il tarixdə Qusar rayon VVAQ şöbəsində 127 nömrəli akt ilə rəsmi nikah bağlamışlar. Nikah bağlanandan sonra Lamunat Hüseynova “Nəcərova” soyadını götürmüşdür. İşdə olan X1 27.12.2010-cu il tarixdə Qusar rayon notariat kontorunda reyestrdə 7E-1359 nömrə ilə qeydə alınmış ərizəsindən görünür ki, o, həyat yoldaşı Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin ipoteka (girov) qoyulmasına razıdır. Tutma əmlaka yönəldiyi təqdirdə əmlakı qeyri-şərtsiz tərk edəcəyini öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə İddiaçı QSC-nın cavabdehlərin hər iki kredit razılaşması üzrə əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borclarının məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərlərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmalarına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə hər iki kredit razılaşması üzrə həmin məbləğlərin azaldılaraq 11R000009426 saylı kredit razılaşması üzrə 100 (yüz) ABŞ dolları, 11R000009514 saylı kredit razılaşması üzrə isə 50 (əlli) ABŞ doları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11R000009426 saylı kredit razılaşması üzrə 4730.49 ABŞ dolları məbləğində kredit borcu, 2382.60 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 7213.09 ABŞ dolları məbləğində pul vəsaiti; 11R000009514 saylı kredit razılaşması üzrə 2715.43 ABŞ dolları məbləğində kredit borcu, 1820.06 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 4585.49 ABŞ dolları məbləğində pul vəsaiti, iki kredit razılaşması üzrə ümumilikdə cəmi 11798.58 (on bir min yeddi yüz doxsan səkkiz dollar əlli səkkiz sent) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, məhkəmə hesab edir ki, tutma ipoteka predmeti olan, Cavabdeh1 məxsus ünvan 5 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına 11798.58 (on bir min yeddi yüz doxsan səkkiz dollar əlli səkkiz sent) ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. İpoteka predmeti olan, cavabdeh Cavabdeh1 məxsus ünvan 5 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin ilkin satış qiyməti ipoteka müqaviləsi üzrə tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq 28238.40 (iyirmi səkkiz min iki yüz otuz səkkiz manat qırx qəpik) manat müəyyən edilməlidir. ünvan 5 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və həmin əmlaklar satıldıqdan 1 ay sonra həmin evdə qeydiyyatda olan Cavabdeh1 həmin əmlaklardan çıxarılmalı, əmlaklar boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11R000009426 saylı kredit razılaşması üzrə 4730.49 ABŞ dolları məbləğində kredit borcu, 2382.60 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 7213.09 ABŞ dolları məbləğində pul vəsaiti; 11R000009514 saylı kredit razılaşması üzrə 2715.43 ABŞ dolları məbləğində kredit borcu, 1820.06 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 4585.49 ABŞ dolları məbləğində pul vəsaiti, iki kredit razılaşması üzrə ümumilikdə cəmi 11798.58 (on bir min yeddi yüz doxsan səkkiz dollar əlli səkkiz sent) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti tutulsun. Tutma Cavabdeh1 məxsus ünvan 5 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına 11798.58 (on bir min yeddi yüz doxsan səkkiz dollar əlli səkkiz sent) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. İpoteka predmeti olan cavabdeh Cavabdeh1 məxsus ünvan 5 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin ilkin satış qiyməti ipoteka müqaviləsi üzrə tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq 28238.40 (iyirmi səkkiz min iki yüz otuz səkkiz manat qırx qəpik) manat müəyyən edilsin. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSCnin hesabına keçirilsin. ünvan 5 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və həmin əmlaklar satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlaklardan çıxarılsın, əmlaklar boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-326/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-326/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver