Məhkəmə qərarları › İş №2(029)-341/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-341/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-341/2022 14.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.11.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-UD-*** dövlət qeydiyyat nişanlı Opel Astra minik markalı avtomobilə dəymiş ziyan olaraq 1050 manat məbləğində pulun, həmin ziyan aktının alınması ilə bağlı ödənilmiş 50 manat məbləğində pulun, 31 manat məbləğində dövlət rüsumu kimi məhkəməyə ödənilmiş pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, **-UD-*** dövlət qeydiyyat nişanlı OPEL- ASTRA minik markalı, buraxılış ili 1994-cü il tarixli olan nəqliyyat vasitəsi AA 957575 nömrəli nəqliyyat vaitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsusdur. O, həmin avtomobili 29 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Qusar-İmamqulukənd yolunda idarə edərkən, həmin yolun 9-cu kilometrliyində Qusar rayonu Gedəzeyxur kəndində yaşayan Cavabdeh özünə məxsus bir baş inəyi nəzarətsiz qoymuş, nəticədə həmin inək yolu keçərkən onun avtomobili ilə toqquşmuşdur. Nəticədə idarə etdiyi avtomobilin qabaq hissəsi yararsız hala düşmüşdür. Bu səbəbdən də Qusar rayon PŞ-nin polis kapitanı X2 tərəfindən 30.11.2021-ci il tarixdə cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Qusar rayon Məhkəməsinin 3(029)-619/2021 nömrəli 20.12.2021-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmiş, ona isə dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qusar “VAZ” kooperativi tərəfindən verilmiş 30.11.2021-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (haqqı hesab) Aktından görünür ki, Opel ASTRA markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın məbləği 1050 manatdır. O, avtomobilinin təmir edilməsini cavabdehdən tələb etsədə, cavabdeh həmin avtomobili düzəltmək üçün 150 manat pul verəcəyini bildirmişdir. Halbuki 150 manat avtomobilin bir detalının qiymətidir. Yenidən avtomobilin təmir edilməsi cavabdehdən tələb edilsədə, cavabdeh heç bir maddi imkanı olmadığından avtomobili təmir edə bilməyəcəyini bildirmişdir. Cavabdehin bu hərəkətlərindən sonra o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiq edərək izahatında bildirmişdir ki, ona məxsus avtomobili 29 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Qusar-İmamqulukənd yolunda idarə edərkən, həmin yolun 9-cu kilometrliyində Qusar rayonu Gedəzeyxur kəndində yaşayan Cavabdeh özünə məxsus bir baş inəyi nəzarətsiz qoymuş, nəticədə həmin inək yolu keçərkən onun avtomobili ilə toqquşmuşdur. Nəticədə idarə etdiyi avtomobilin qabaq hissəsi yararsız hala düşmüşdür. Həmin faktla bağlı cavabdeh barəsində Qusar RPŞ-nin DYPB tərəfindən 30.11.2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra Qusar rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli qərarı ilə cavabdeh təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Qusar “VAZ” kooperativi tərəfindən verilmiş 30.11.2021-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (haqqı hesab) Aktından görünür ki, Opel ASTRA markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın məbləği 1050 manatdır. O, avtomobilinin təmir edilməsini cavabdehdən tələb etsə də, cavabdeh həmin avtomobili düzəltmək üçün 150 manat pul verəcəyini bildirmiş, o, isə bununla razı olmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək izahatında bildirmişdir ki, o, iddianı qəbul edir. Onun barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Qusar rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli qərarı ilə o, 80 manat məbləğində cərimə edilmiş, həmin cəriməni ödəmişdir. Onun tələb olunan məbləği bir dəfəyə ödəmək imkanı yoxdur, ayda 100 manat olmaqla ziyanı ödəyə bilər. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir, göstərdiyi halların nəzərə alınmasını xahiş edir. İşə baxıb, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.11.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh 29.11.2021-ci il tarixində saat 18:30 radələrində özünə məxsus bir baş inəyi sutkanın qaranlıq vaxtında Qusar-İmamqulukənd kənd yolunun 9-cu kilometrliyində nəzarətsiz qoymuş, nəticədə inək yolda hərəkətdə olan Opel Astra markalı **-UD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq onunla toqquşmaqla vətəndaş İddiaçı maddi ziyan vurmuşdur. İşdə olan Qusar rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli 3(029)-619/2021 saylı Qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 936 saylı 30.11.2021-ci il tarixli arayışdan görünür ki, həmin nümayəndəliyin 01 nömrəli təsərrüfatbaşına kitabında səhifə 172-də Cavabdeh adına dörd baş iri buynuzlu mal-qara qeydə alınmışdır. İşdə olan Qusar rayon “VAZ” kooperativi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (haqqı hesab) aktından görünür ki, İddiaçı məxsus OPEL ASTRA minik markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyan cəmi 1050 (min əlli) manat təşkil etmişdir. İşdə olan BD184013 saylı Nəqliyyat vasitəsinin Uçot Kartoçkasının surətindən görünür ki, **-UD-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı minik avtomobilinin sahibi İddiaçıdur. İşdə olan 30 noyabr 2021-ci il tarixli Seriya GÖL 154595 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Qusar rayon “VAZ” kooperativinin hesabına 50 (əlli) manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh oğlu 29 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Qusar-İmamqulukənd yolunun 9-cu kilometrliyində özünə məxsus 1 baş inəyini nəzarətsiz qoymuş, nəticədə həmin inək yolu keçərkən İddiaçı idarə etdiyi **-UD-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobilin qarşısına çıxaraq onunla toqquşmuşdur. Nəticədə İddiaçı məxsus avtomobil əzilməklə ona maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə 30.11.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra Qusar rayon Məhkəməsinin 3(029)-619/2021 nömrəli 20.12.2021-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmiş, İddiaçı avtomobilə dəymiş ziyanı tələb etsədə, Cavabdeh maddi imkanının olmadığını bildirmişdir. Bununla da, Cavabdeh İddiaçı qarşısında delikt öhdəliyi yaranmışdır. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 1050 (min əlli) manat və ziyan aktının alınması ilə bağlı ödənilmiş 50 (əlli) manat, cəmi 1100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 1050 (min əlli) manat məbləğində pul, ziyan aktının alınması ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pul və məhkəməyə ərizə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pul, cəmi 1131 (min yüz otuz bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar