Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-343/2024 15.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşağının saxlanılması üçün onun xeyrinə tutulan alimentin miqdarını artıraraq Cavabdeh birgə yaşadıqları müddətdə anadan olan 16 iyul 2013-cü il təvəllüdlü Şahlar adlı uşağın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq uşağm yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsinə və 60 manat ödənilmiş mediasiya xərcinin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2012-ci ilin avqust ayında nikahı rəsmi qeyd etdirmədən cavabdəh Cavabdeh ilə evlənmiş, birgə yaşadıqları müddətdə onların 16 iyul 2013-cü il təvəllüdlü Şahlar adlı uşaqları olmuş və nikahlarını 17 iyul 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Xaçmaz Rayon Məhkəməsinin 26 avqust 2022-ci il 2(067)-1610/2022 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşağın saxlanılması üçün onun xeyrinə hər ay 120 manat miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda Cavabdeh ona uşağın saxlanılması üçün hər ay 120 manat aliment ödəyir. Bildirmək istəyir ki, Cavabdeh ona ödədiyi 120 manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki, azyaşlı 16 iyul 2013-cü il təvəllüdlü Şahlar adlı uşaq Talassemiya xəstəliyindən əziyyət çəkir və həm də uşaq böyüdükcə onun maddi ehtiyacları da artır. Uşağın gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə Cavabdeh uşağın saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur. Onun tərəfindən qeyd edilən mübahisə barədə mediasiyaya müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdir. Mediasiya xərci də onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, onun cavabdehlə birgə nikahlarından anadan olmuş Şahlar adlı uşaq talassemiya xəstəliyindən əziyyət çəkir, iki ayda bir dəfə həmin uşağın müalicə etdirir, mütəmadi olaraq bububla bağlı həkimlərə müraciət edir. Bundan başqa, həmin uşaq ingilis dili və riyasiyyat fənlərindən kurslara gedir, həmçinin qarmon kursuna göndərməyi planlaşdırır. Özü isə zob xəstəsidir. Cavabdeh işləmir, lakin obyekti var, evi kirayəyə verib gəlir əldə edir, anası isə 1000 manat pensiya alır. O, özü isə kirayəyə yer götürüb dərzi işləyir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, ruhi xəstədir, buna görə ona əlillik təyin olunmuş, əmək qabiliyyəti yoxdur, əlilliyə görə ayda 350 manat pensiya alır. O, əvvəllər işləmiş, təxminən 15 ildir ki, əlil olmuş, buna görə də, işləyə bilməmişdir. O, elə vaxtlar olur ki, yataqdan çətinliklə qalxır. Onun hər hansı obyekti yoxdur, anasının adına köhnə bir obyekt var, həmin obyekt bu yaxınlarda söküləcəkdir. O, iddiaçıya ödəməli olduğu alimenti də çətinliklə ödəyir. Onun oğlu qazidir, xəstədir, müharibə zamanı travma almışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan AZ-İİİ 129165 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2013-cü ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Xaçmaz rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(067)- 1610/2022 saylı qətnaməsindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-790/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 120 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 38 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-02 seriyalı 203866 saylı arayışdan görünür ki, Cavabdeh ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmiş, onun əmək qabiliyyəti yoxdur. İşdə olan məhkəmənin elektron sistemindən əldə edilmiş Cavabdeh gəlir məlumatlarından çıxarışdan görünür ki, o, ikinci qrup əlilliyə görə 350.50 manat məbləğində pensiya alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki , alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Göründüyü kimi, qanunvericilik aliment məbləğinin müəyyən edildikdən sonra aliment məbləğinin dəyişdirilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən normanın məzmunundan görünür ki, həmin norma ilə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə də, Cavabdeh aliment tutulduğu vaxtdan sonra onun maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişiklik olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Əksinə işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh ikinci qrup əlil olmaqla əmək qabiliyyətsizdir və əlilliyə görə hər ay 350 manat məbləğində pensiya alır. Bu, isə onu təsdiq edir, cavabdehin maddi vəziyyətində müsbətə doğru hər hansı dəyişiklik olmamışdır. Bundan başqa, məhkəmə uşaqlar üçün yaşayış minimumunu rəhbər tutaraq alimentin miqdarının artırılmalı olması barədə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, alimentin miqdarının ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarına uyğun dəyişdirilməsi Ailə Məcəlləsində nəzərdə tutulmamış, həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Eyni zamanda, nəzərə alınmalıdır ki, cavabdehin özünün pensiyaçı olmaqla yaşayış minimumu var və onun əldə etdiyi pensiya məbləğinin bir hissəsi onun əlilliyinə səbəb olan xəstəliyin müalicəsi üçün zəruri olan xərclərə sərf olunmalıdır. Beləliklə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişikliyin olması müəyyən edilmədiyindən, bu barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-343/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-343/2024
15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver