Məhkəmə qərarları › İş №2(029)-349/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-349/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-349/2022 14.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə "xxxx" KB ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" KB ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada onun xeyrinə 4818.50 AZN əsas, 1349.79 AZN faiz, 208.93 AZN cərimə olmaqla, cəmi 6377.22 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 84.18 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddianı onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında olan 1484micQUBA/20 saylı Əsas Kredit və Bank hesabı Müqaviləsi çərçivəsində (bənd1.1) bağlanmış 1484micQUBA/20 saylı 30.10.2020-ci il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 24% ödəmək şərti ilə 5000 AZN məbləğində kredit verilmişdir (bənd 1.1 və 1.2). Tərəflər arasında bağlanmış Əlavə kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olun məbləğdə və faizlə kediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin “Borcalan” tərəfindən “Borcverən”ə qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri ilə müəyyən olunur. Bundan başqa cavabdehlər Cavabdeh2 və Cavabdeh3 1484micQUBA/20 saylı Zaminlik Müqaviləsini imzalamaqla “Zamin” kimi “Borcalan”ın yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə müqavilə üzrə müəyyən edilmiş əsas borc, kreditdən istifadəyə görə faiz borcları, “Borcalan”ın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn dəbbə pulu, vurulmuş zərərin əvəzi, borc tutulması üzrə məhkəmə xərcləri və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşlər. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişlər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. "xxxx" KB ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASCnin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddianı qəbul edir. O, "xxxx" KB ASC-dən 5000 AZN kredit almış, həmin kreditdən bir ay ödəniş etmiş, lakin sonra maddi imkanı zəif olduğundan və iş yeri olmadığından ödəniş edə bilməmiş və bu səbəbdən də hazırda cəmi 6377.22 AZN manat məbləğində borcu yaranmışdır. Digər borclular Cavabdeh2 onun qaynı, Cavabdeh3 isə həyat yoldaşıdır. Onlar məhkəmə prosesindən məlumatlıdırlar, lakin şəxsi işləri ilə bağlı məhkəməyə gələ bilməmişlər. Odur ki, qeyd olunanların nəzərə alaraq iddianın təmin edilməsinə etiraz etmir. Həmçinin bildirmişdir ki, səhhəti ilə əlaqədar təyin edilmiş məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli 1484micQUBA/20-EM saylı Əsas kredit və Bank hesabı müqaviləsi çərçivəsində 1484micQUBA/20 sylı 30 noyabr 2020-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 24% ödəmək şərtilə 5000 AZN məbləğində kredit verilmişdir. İşdə olan 1484micQUBA/20 saylı 30 noyabr 2020-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 30.10.2020-ci il tarixli 1484micQUBA/20 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşlar. İşdə olan "xxxx" KB ASC tərəfindən tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli UB- BANK/PİKMD/1008642 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 1484micQUBA/20 saylı kredit müqaviləsi üzrə banka 4818.50 (dörd min səkkiz yüz on səkkiz manat əlli qəpik) AZN əsas, 1349.79 (min üç yüz qırx doqquz manat yetmiş doqquz qəpik) AZN faiz üzrə, 208.93 (iki yüz səkkiz manat doxsan üç qəpik) AZN cərimə olmaqla, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcunun 6377.22 (altı min üç yüz yetmiş yeddi manat iyirmi iki qəpik) AZN məbləğində kredit borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4818.50 (dörd min səkkiz yüz on səkkiz manat əlli qəpik) AZN əsas borc, 1349.79 (min üç yüz qırx doqquz manat yetmiş doqquz qəpik) AZN faiz, 208.93 (iki yüz səkkiz manat doxsan üç qəpik) AZN cərimə borcu olmaqla ümumilikdə 6377.22 (altı min üç yüz yetmiş yeddi manat iyirmi iki qəpik) AZN məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 84.18 (səksən dörd manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4818.50 (dörd min səkkiz yüz on səkkiz manat əlli qəpik) AZN əsas borc, 1349.79 (min üç yüz qırx doqquz manat yetmiş doqquz qəpik) AZN faiz borcu, 208.93 (iki yüz səkkiz manat doxsan üç qəpik) AZN cərimə borcu olmaqla, cəmi 6377.22 (altı min üç yüz yetmiş yeddi manat iyirmi iki qəpik) AZN məbləğində kredit borcu, həmçinin dövlət rüsumu kimi ödənilmiş 84.18 (səksən dörd manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar