Məhkəmə qərarları › İş №2(029)-351/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-351/2023

18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-351/2023 18.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin xx.xx.2015-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirmədən, el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X24 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün 2015-ci ilin dekabr ayında ayrılmışlar. Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X24 adlı uşağın atası Cavabdeh müəyyən edilmiş və Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Milyana adlı uşağının saxlanılması üçün ona verilməsi qət edilmişdir. Hazırda uşağın saxlanma xərci artmışdır. Cavabdehdən tutulan aliment uşağın cüzi ehtiyaclarını belə ödəmir. O, uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh isə rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğul olur. Ona görə də məhkəmədən xahiş edir ki, xx.xx.2015-ci il təvəllüdlü X24 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, uşaq ikinci sinifdə oxuyur, cavabdehin ödədiyi 100 manat aliment uşağın saxlanması üçün kifayət etmir. Cavabdeh iki ildən çox alimenti ödəməmiş, şikayət etdikdən sonra yığılmış borcu ödəmişdir. Cavabdeh hazırda da alimenti ödəmir. Hazırda uşaq anasının himayəsindədir. Cavabdeh özü fəhləlik edir, evində qardaşı, bacısı və atası işləyir. Cavabdeh 15 min manat dəyərində maşın idarə edir, maddi imkanları yaxşıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, onun uşağa verdiyi alimentin hara xərcləndiyini bilmir. O, uşağın saxlanması üçün iddiaçıya 2019-cu ildən alimenti hər ay ödəyir. Özü heç bir yerdə işləmir, alimenti anasının pensiyasından ödəyir. Anası 280 manat pensiya alır. O, ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan dörd uşağı var. Evdə anası, atası, bacısı, qardaşı və onun uşaqları qalır. Maddi vəziyyəti çox pisdir, evdə tək qardaşı işləyir, qalanlar işləmir. Onun 10 sot torpaq sahəsi var, orada tərəvəz bitkiləri əkir. O, təsərrüfatla məşğul ola bilmir, beli ağrıyır, lakin xəstəlik barədə sənəd yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-48/2019 saylı, 26 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş X20 münasibətdə atalığı müəyyən edilməsi və bu barədə VVAQ kitablarında müvafiq qeyd aparılmaqla uşağa yeni doğum haqqında şəhadətnamə verilməsi, 15 fevral 2018-ci il tarixdən başlayaraq 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş X13 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İİİ 651571 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2015-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İV 031670 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X25r. İşdə olan AZ-İV 223877 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X25r. İşdə olan AZ-İV 612972 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X25r. İşdə olan AZ-İV 825122 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X25r. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 17 mart 2023-cü il tarixli 296 saylı arayışdan görünür ki, X2 rayonun Hil kəndində qeydiyyatdadır və Qusar rayonun Hil kəndində aşağıdakı ailə üzvləri ilə birlikdə yaşayır. X5-atası, X4-anası, X36- arvadı, X9-qızı, X17-qızı, X10-qızı, X18-oğlu, X11-qardaşı, X6-bacısı. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. ««Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-48/2019 saylı, 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 29 oktyabr 2015-ci il təvəllüdlü X24 adlı uşağın saxlanması üçün ayda 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 220 (iki yüz iyirmi) manat deyil, 160 (yüz altmış) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının 220 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, cavabdeh iddiaçı ilə ayrıldıqdan sonra yenidən evlənmiş, və həmin nikahdan 4 uşağı var. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 60 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 720 (12 X 60=720) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-48/2019 saylı 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 29 oktyabr 2015-ci il təvəllüdlü X24 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar