Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-376/2021 15.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə ailə həyatı qurmuş və aralarındakı nikahı isə xx xxxx 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdeh ilə birgə nikahlarından xx xxxx 2011-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və aralarındakı nikah Qusar rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Daha sonra o, aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Qusar rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(029)-97/2012 saylı qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda uşağın saxlanma xərcləri artmışdır. Cavabdehdən tutulan aliment uşağın cüzi ehtiyaclarını belə ödəmir. O, uşağı saxlamaqda çətinlik çəkir. Hər ay üçün təyin edilmiş 50 (əlli) manat aliment “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu olaraq müəyyən edilmiş 175 manatın üçdə biri belə etmir. Ona görə də, cavabdehin maddi vəziyyətini, uşağın minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri, mövcud vəziyyəti nəzərə alaraq hesab edir ki, Qusar rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(029)-97/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı və xx xxxx 2011-ci il təvəllüdlü Elmirin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə etmiş və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində cavabdehdən onun xeyrinə Elmir adlı uşağın saxlanması üçün hər ay 175 manat aliment tutulmasını xahiş etmişdir. Hazırda isə cavabdehdən hər ay 110 manat məbləğində aliment tutulmasını xahiş edir. Odur ki, iddianın qismən təmin edilməsini və alimentin miqdarı müəyyən olunarkən həmin halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və izahatında göstərmişdir ki, o, 2008-ci ildə iddiaçı ilə nikahı rəsmi eyd etdirmədən evlənmiş və birgə nikahlarından xx xxxx 2011-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və aralarındakı nikah pozulmuşdur. Hazırda iddiaçının ondan tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. Cərrahi əməliyyat olunmuşdur və hazırda heç bir yerdə işləmir. Həmçinin, iddiaçı ilə ayrıldıqdan sonra yenidən ailə həyatı qurmuş və həmin nikahdan 2 uşaqları vardır. Elmir adlı uşağın saxlanması üçün hər ay 80 manat aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsi, ondan Elmir adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı xeyrinə hər ay 80 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 644032 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 2011-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-97/2012 saylı xx xxxxxx 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X1 xx xxxxxx 2012-ci il tarixdən başlayaraq hər ay 50 (əlli) manat alimentin tutularaq xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş azyaşlı Elmir adlı uşağın təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, Qusar rayon məhkəməsinin 2(029)-97/2012 saylı xx xxxxxx 2012-ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxtdan 8 ildən artıq müddət keçməsini, həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay sabit pul məbləğində 110 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(029)-97/2012 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1978-ci ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-376/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-376/2021
15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver