Məhkəmə qərarları › İş №2(029)-377/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-377/2021

15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-377/2021 15.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən birgə nikahlarından anadan olmuş xx xxxxxx 2005-ci il təvəllüdlü Vüsal və xx xxxxxx 2011-ci il təvəllüdlü Rəvan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə tutulan alimentin miqdarının sabit pul məbləğində hər ay hər uşağa görə 180 manat olmaqla iki uşağa görə 360 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2003-cü il tarixdə el adəti ilə toy edərək faktiki nikaha daxil olmaqla, xx xxxxxx 2008-ci il tarixdə həmin nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların xx xxxxxx 2005-ci il təvəllüdlü Vüsal və xx xxxxxx 2011-ci il təvəllüdlü Rəvan adlı uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Ayrılmaqlarının səbəbi cavabdehin ona bir həyat yoldaşı kimi hörmət etməməsi olmuşdur. Qusar rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(029)-648/2019 saylı qətnaməsinə əsasən azyaşlı Vüsal və Rəvanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 75 (yetmiş beş) manat cəmi 150 (yüz əlli) manat miqdarında alimenin tutulması qət edilmişdir. Həmin məbləğ azyaşlı uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir, uşaqlar böyüdükcə tələbatları artdığı üçün həmin məbləğ uşaqların saxlanması üçün kifayət etmir. O, heç bir yerdə işləmir və uşaqların saxlanmasında çətinlik çəkir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, İddiaçı onun qızıdır. Cavabdehdən tutulan aliment uşaqların ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Qızı Əsmira heç bir yerdə işləmir və uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə Bakı şəhərində işləyir və aylıq əmək haqqı 1000 manatdan çoxdur. Ona görə də cavabdehdən Vüsal və Rəvan adlı uşaqların saxlanmaları üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun hər ay hər uşağa görə 180 manat məbləğində aliment tələb edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, Cavabdeh onun oğludur. Sonuncu, müxtəlif şirkətlərdə işləmiş, hazırda onun aylıq əmək haqqı 275 manatdır. Oğlunun əmək haqqı kartı ondadır. Oğlunun əvvəllər əmək haqqı yüksək olmuş, təxminən 1000-1500 manat məbləğində əmək haqqı almışdır. Hazırda isə oğlunun maddi vəziyyəti yaxşı deyildir. O, uşaqların saxlanması üçün iddiaçıya hər ay cəmi 150 manat məbləğində aliment ödəyə bilər, artıq ödəməyə imkanları yoxdur. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-T 083876 və AZ-İİ 593947 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx xxxxxx 2005-ci ildə, X7 xx xxxxxx 2011ci ildə anadan olmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdır. İşdə olan AZ-İ 312305 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında olan nikah Qusar rayon Qeydiyyat şöbəsində ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2019-cu il tarixə 86 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Ədilxanova” soyadı verilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(029)-648/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 75 (yetmiş beş) manat, cəmi isə 150 (yüz əlli) manat alimentin tutularaq xx xxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş Vüsal və Rəvan adlı uşaqların təkbaşına saxlanmalarının iddiaçı üçün çətin olmasını, Qusar rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(029)-648/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanmaları üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat, cəmi 240 manat müəyyən olunmalıdır. Məhkəmə alimentin miqdarının iddiaçının tələb etdiyi kimi hər ay hər uşağa görə 180 manat, cəmi isə 360 manat müəyyən olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, bu barədə İddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin miqdarının həmin şəxsin tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(029)-648/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 1978-ci ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar