Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-381/2024 25.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan 02 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat miqdarında aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Qusar rayonu Əniq-oba kənd sakini Cavabdeh ilə evlənmişdir. Onların birgə nikahlarından 02 iyul 2020-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-81/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası təmin olunmuş və xx.xx.2015-ci il tarixdə aralarında olan AZ-İ № 995503 saylı nikah haqqında şəhadətnamə ilə bağlanmış nikah pozulmuş və xx.xx.1992-ci ildə anadan olmuş, Qusar rayon Əniq-oba kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Cavabdeh Qayıbova (Tağıyeva) Arzu Məhəmməd qızının xeyrinə 02 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 135( bir yüz otuz beş) manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. O, heç yerdə işləmir, başqa yerdən heç bir gəlir mənbəyi yoxdur və bu səbəbdən uşağı saxlamaqda çətinlik çəkir. Uşaq azyaşlı olmaqla ona yaxşı pal-paltar, habelə müvafiq kalorili qidalanma lazımdır. Ona görə də cavabdehdən tutulan alimentin miqdarının artırılmasına dair ərizə verməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, Qusar Rayon Məhkəməsinin 2(029)-81/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə 02 iyul 2020ci il təvəllüdlü X2 üçün 135 manat miqdarında aliment tutulmuşdur. Onlar evləndiyi zaman cavabdeh “Metak” şirkətində işləyirdi. Hal-hazırda cavabdeh sürücü işləyir. Cavabdehin 2 ədəd şəxsi avtobusu var. Onun eşitdiyinə görə cavabdeh 2-ci növbə işləyir və “Kamaz” da sürür. Cavabdeh aradabir uşağı görməyə gedir. O, hər ay uşağa 250-300 manat pul xərcləyir. O, uşağa baxdığına görə işləyə bilmir. O, cavabdehdən azyaşlı uşağın saxlanması üçün 235 manat aliment tələb edir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, boşandıqdan sonra evlənməmişdir. O, hal-hazırda işləmir. O, atası və anası ilə birlikdə qalır. Atası özü işləyir, anası xəstədir işləyə bilmir. O, əvvəllər “Metak” şirkətində işləmiş, avtobus sürmüşdür. Hal-hazırda o, kənddə qalır. Maşın təmiri ilə məşğul olur. O, alimentin artırılmasına razı deyildir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar Rayon Məhkəməsinin 2(029)-81/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında Qusar RİHB-nın Əniq kənd İƏD üzrə nümayəndəliyində 18 may 2015-ci il tarixli 03 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, 02 iyul 2020-ci il təvəllüdlü X6 anası X3 himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi X3 yaşayış yeri müəyyən edilməsi, xx.xx.1992-ci ildə anadan olmuş, Qusar rayon Əniğ-oba kəndində qeydiyyatda olmaqla yaşayan yaşayan Cavabdeh X1 xeyrinə 02 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 135 (yüz otuz beş) manat miqdarda aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, Azərbaycan Respublikası qanunu ilə uşaqlar müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinə yönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar Rayon Məhkəməsinin 2(029)-81/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X5 arasında Qusar RİHB-nın Əniq kənd İƏD üzrə nümayəndəliyində 18 may 2015-ciil tarixli 03 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, 02 iyul 2020-ci il təvəllüdlü X6 anası X3 himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi X3 yaşayış yeri müəyyən edilməsi, xx.xx.1992-ci ildə anadan olmuş, Qusar rayon Əniğ-oba kəndində qeydiyyatda olmaqla yaşayan yaşayan Cavabdeh X1 xeyrinə 02 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 135 (yüz otuz beş) manat miqdarda aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 235 (iki yüz otuz beş) manatdeyil, 180 (yüz səksən) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı izahatında uşağa ayda 250-300 manat xərclədiyini bildirsədə uşağa çıxan xərclər barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının 235 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Bundan başqa, alimentin miqdarının cavabdehin məhkəmə iclasında verdiyi izahatda qeyd etdiyi kimi dəyişdirilmədən saxlanmasıda Alina adlı uşağın mənafeyi baxımından qanuni və əsaslı deyildir. Belə ki, cavabdeh öz izahatında bildirmişdir ki, o,avtomobil təmiri ilə məşğul olur. Avtomobil təmiri ustası işləyən şəxsin aylıq qazancı müasir dövrə nəzər saldıqda məlum olur ki, həmin ustaların gəlirləri mövcuddur. Məhkəmə hesab edir ki, avtomobil təmiri ustası işləyən şəxsin hər ay uşağa 180 manat miqdarında aliment ödəməsi iqtidarındadır. Cavabdeh izahatında bildirdi ki, valideynləri ilə birlikdə yaşayır, atası da işləyir. Məhkəmə hesab edir ki, uşaq böyüdükcə onun tələbatları xərcləri də artır. Hal-hazırda uşağın yaşını, cavabdehin avtomobil təmiri ustası işləməsini nəzərə alaraq məhkəmə hesab edir ki, aliment məbləği hal-hazırda 180 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 45 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 540 (12 X 45=540) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-81/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 02 iyul 2020-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-381/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-381/2024
25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver