Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-385/2022 05.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Məhkəməsinin 2(029)-913/2018 saylı 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə 10 iyun 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə tutulmuş 154 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək 200 manat müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddianı onunla əsaslandırmışdır ki, onun cavabdehlə olan nikahından 10 iyun 2010-cu il təvəllüdlü X8 adlı uşağı anadan olmuşdur. Onlar ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin17 iyul 2013-cü il tarixli 2(010)-1999/2013 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, həmçinin cavabdehdən onun xeyrinə həmin uşağın saxlanması üçün hər ay 125 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bundan başqa Qusar rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(029)-913/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 iyul 2013-cü il tarixli 2(010)-1999/2013 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.1987-ci il tarixdə Qusar rayonu Aşağı Ləyər kəndində anadan olmuş və həmin kənddə yaşayan Cavabdeh onun xeyrinə 10 iyun 2010cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. Artıq uzun müddətdir ki, o, cavabdehdən ayrılmışdır və azyaşlı uşağı təkbaşına saxlayır. Hal-hazırda Xədicə adlı azyaşlı uşağın 11 yaşı vardır. Onun hazırkı ehtiyacları əvvəlki ehtiyaclarından bir neçə dəfə artmışdır. Bundan başqa, o işləmir və bununla da, uşağın saxlanması üçün hazırkı halda 154 manat məbləğində aliment kifayət etmir. Məhkəmə tərəfindən tutulmuş aliment uşağın çox cüzi ehtiyaclarını ödəyir. Cavabdehin isə uşağın saxlanması üçün hər cür şəraiti vardır. Cavabdehin aylıq gəliri təxminən 2000-3000 manat civarındadır. O, hesab edir ki, Qusar rayon Məhkəməsinin 2(029)-913/2018 saylı 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş aliment hazırda yetkinlik yaşına çatmamış uşağı Xədicənin saxlanması üçün kifayət etmədiyindən və onun yaşayış vəziyyəti aşağı olduğundan məhkəmə tərəfinfən təyin olunmuş sabit pul məbləğində 154 manat alimentin miqdarı dəyişdirilməli və sabit pul məbləğində 200 manat müəyyən olunmalıdır. O, məhkəməyə qədər mübahisənin mediasiya prosesində həll etmək istəsə də, cavabdeh mediasiya prosesinə gəlməmiş, bu səbəbdən də mediasiya prosesinə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, onun cavabdehlə olan birgə nikahlarından 10 iyun 2010-cu il təvəllüdlü X8 adlı uşağı anadan olmuşdur. Həmin uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə Qusar rayon Məhkəməsinin 2(029)-913/2018 saylı qətnaməsi ilə hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. Cavabdehin ödədiyi aliment uşağın məktəb, yol və geyim xərclərinə çatmır. Hazırda uşaq xəstədir, qızdırması var, xəstəliyi ilə əlaqədar əlavə xərclər tələb olunur. Cavabdehdən aliment tələb edəndə ona kobud cavab verir. Yay aylarında uşağı ata babasının yanına göndərir. O, uşağın babasından heç nə tələb etmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 08 avqust 2018-ci il tarixli Qusar rayon Məhkəməsinin 2(029)- 913/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin17 iyul 2013-cü il tarixli 2(010)-1999/2013 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.1987-ci il tarixdə Qusar rayonu Aşağı Ləyər kəndində anadan olmuş və həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 10 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan AZ-İ saylı 193232 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları 20 iyun 2014-cü il tarixdə 171 nömrəli akt qeydi ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra qadın “Əlimirzəyeva” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİİ 237446 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 iyun 2010-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. İşdə olan 16 fevral 2022-ci il tarixli İŞ MŞİH-13909 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Aşağı Ləyər kəndində qeydiyyatda olan Cavabdeh oğlu İddiaçı təsvir etdiyi kimi, alimentin miqdarının artırılmasına dair mübahisə üzrə 16 fevral 2022-ci il tarixində, 12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş azyaşlı Xədicə adlı uşağın təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, Qusar rayon Məhkəməsinin 2(029)-913/2018 saylı 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın mənafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı, lakin alimentin miqdarı hər ay sabit pul məbləğində 200 manat deyil, 193 manat müəyyən olunmalıdır. Belə ki, cavabdehin məhz 200 manat miqdarda alimenti ödəmək iqtidarında olması məhkəmə iclasında öz təsdiqini tapmamış, həmin məbləğ ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan artıqdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(029)-913/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 1987-ci ildə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh, İddiaçı xeyrinə 10 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-385/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-385/2022
05.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver