Məhkəmə qərarları › İş №2(029)-395/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-395/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-395/2024 07.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı Xəlilova (Abbasova) Mətanət Saməddin qızının və Cavabdeh iştiraklar ilə, İddiaçı Xəlilova (Abbasova) Mətanət Saməddin qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Xəlilova (Abbasova) Mətanət Saməddin qızı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından anadan olmuş uşaqları 28 yanvar 2009-cu il təvəllüdlü Jasmin və 02 mart 2012-ci il təvəllüdlü İskəndər adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 15 dekabr 2004-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdir. Onların birgə nikahlarından 03 noyabr 2005-ci il təvəllüdlü X9, 28 yanvar 2009-cu il təvəllüdlü X8 və 02 mart 2012-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Qusar rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(029)-305/2022 saylı qətnaməsinə əsasən 03 noyabr 2005-ci il təvəllüdlü X9, 28 yanvar 2009-cu il təvəllüdlü X8 və 02 mart 2012-ci il təvəllüdlü X5 adlı uşaqların saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat miqdarında aliment tutulmuşdur. Həmin məbləğ uşaqların saxlanması üçün kifayət edirdi. 03 noyabr 2005-ci il təvəllüdlü X9 adlı uşağın 03 noyabr 2023-cü il tartixdə 18 yaşı tamam olmuşdur. Hal-hazırda Cavabdeh 28 yanvar 2009-cu il təvəllüdlü Jasmin və 02 mart 2012-ci il təvəllüdlü İskəndər adlı uşaqların saxlanılması üçün aliment ödənilməlidir. Lakin, Cavabdeh ödədiyi məbləğ isə uşaqların cüzi ehtiyaclarını belə ödəmir. Bundan başqa, uşaqlar getdikcə böyüyür və onların xərcləri artır. Ona görə də hesab edir ki, Qusar rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(029)-305/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalıdır. Məhkəmə iclasında iddiaçı Xəlilova (Abbasova) Mətanət Saməddin qızı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, iddia ərizəsində hər uşağa görə 235 manat aliment tələb etmişdir. O, müəllimə işləyir, 426 manat əmək haqqı alır. O və cavabdeh Qusar rayonu Bədişqala kəndində müəllim işləyirlər. Uşaqlar əlavə məşğələlərə gedir. Uşaqların tələbatları çoxdur. Sonda iddiaçı hər ay hər uşağa 200 manat olmaqla ümumilikdə 400 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildimişdir ki, o, 595 manat əməkhaqqı alır. Onun əlavə təsərrüfatı yoxdur. O, iddiaçı boşandıqdan sonra evlənməmişdir. O atası və anası ilə qalır,valideynləri pensiya alır, onlara o özü baxır. Onun 12 sot torpağı var, gələcəkdə həmin torpaq sahəsində ev tikəcəkdir. O ,aliment məbləğinin hər uşağa 25 manat olmaqla ümumilikdə 50 manat artırılmasına razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-305/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(029)-382/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərə xx xxxxxx 1983-cü ildə Qusar rayonu Bədişqala kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh X1 xeyrinə 03 noyabr 2005-ci il təvəllüdlü X4, 28 yanvar 2009-cu il təvəllüdlü X3 və 02 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (yüz)manat olmaqla, cəmi 300 (üç yüz)manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan AZ-T 113279 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 yanvar 2009-cu il tarixdə Qusar rayonu Bədişqala kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİ 910787 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 may 2012-ci il tarixdə Qusar rayonu Bədişqala kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinəyönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Qusar rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli 2(029)-382/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 1983-cü ildə Qusar rayonu Bədişqala kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh X1 xeyrinə 03 noyabr 2005ci il təvəllüdlü X4, 28 yanvar 2009-cu il təvəllüdlü X3 və 02 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının tələb etdiyi miqdarda deyil, hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 2 uşaq üçün 340 (üç yüz qırx) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, uşaqları əlavə məşğələlərə göndərir. Həmçinin iddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, o, Qusar rayon Bədişqla kənd məktəbində müəllim işləyir, aylıq 426 manat əməkhaqqı alır. Uşaqların yaşını, onlarını tələbatlarını, mənafeələrini nəzərə aldıqda iddiaçının özünün aldığı əmək haqqı ilə, həmçinin cavabdehin alimentin artırmaq istədiyi məbləğdə yəni 50 manat artırılması uşaqların tələbatlarını həyata keçirilməsi mümkün deyil. Bundan başqa alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmənin qənaətinə görə alimentin miqdarının cavabdehin məhkəmədə verdiyi izahatında bildirdiyi kimi hər ay hər uşaq üçün 25 manat olmaqla, ümumilikdə 50 manat miqdarda müəyyən olunması da Jasmin və İskəndər adlı uşaqların mənafeyi baxımından qanuni və əsaslı deyildir. Cavabdehin məhkəmə iclasında verdiyi izahatından görünür ki, cavabdeh Qusar rayonu Bədişqala kəndində müəllim işləyir, 595 manat əməkhaqqı alır. Onun adına torpaq sahəsi var, gələcəkdə orda ev tikəcək. Hal-hazırda uşaqların yaşını, onlarını tələbatlarını, mənafeələrini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin dediyi kimi alimentin artırılması ədalətli olmaz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 140 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 1680 (12 X 140=1680) manat təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1680 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 680 (1680-1000=680) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 6.8 manat, cəmi isə 36.80 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir İddia qismən təmin edilməli, Qusar rayon Məhkəməsinin 2(029)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh iddiaçı Xəlilova (Abbasova) Mətanət Saməddin qızının xeyrinə 28 yanvar 2009-cu il təvəllüdlü X8 və 02 may 2012-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cavabdeh 36.80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh iddiaçı Xəlilova (Abbasova) Mətanət Saməddin qızının xeyrinə 28 yanvar 2009-cu il təvəllüdlü X8 və 02 may 2012-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 36.80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar