Məhkəmə qərarları › İş №2(029)-396/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-396/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-396/2024 06.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 sentyabr 2019-cu il tarixli, 2(067)-958/2019 nömrəli qətnaməsinə əsasən 16 iyun 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 130 manat məbləğində sabit alimentin məbləğinin artırılaraq hər ay sabit pul şəkilində tutulmaqla 300 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 26 sentyabr 2019-cu il tarixli, 2(067)-958/2019 № li qətnaməsinə əsasən 16 iyun 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh alimenti vaxtı-vaxtında ödəmir, ödəsədə onun ödədiyi aliment məbləği onu qane etmir, hazırda heç yerdə işləmir, evdar qadındır, uşaq himayəsidədir, kommunal xərclər qalxıb, ona görə də uşağına pal paltar, dərs ləvazimatlarının və digər tələb olunan əşyaların alınmasında çətinlik çəkir, cavabdeh isə uşağın saxlanılmas üçün ona əlavə köməklik etmir. 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Cavabdehin hər cür imkanı var. Cavabdehdən onun xeyrinə 300 manat aliment tutulmalıdır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiasına etiraz ərizəsi təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, cavabdeh ona alimenti tam ödəmir, ona aliment borcu qalmışdır. O, uşağın saxlanması üçün minimum 235 manat aliment tələb edir. O, uşağa hər ay 300 manat pul xərcləyir. Uşaq müəllim yanına gedir. O, uşağı cido idman növünə göndərir, həmçinin ləzdinka rəqsinə göndərir. O, müəlliməyə 80 manat, ləzdinla rəqsinə görə 30 manat və cido idman növünə görə aylıq 50 manat ödəyir. Onun bu barədə heç bir sübutu yoxdur. O, heç bir yerdə işləmir. Ona uşağın saxlanmasına valideynləri köməklik edir. Əvvəllər ailəli olduğu vaxt ailəni cavabdeh dolandırıb. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, hər ay 130 manat aliment ödəyir. O, ikinci dəfə ailə qurmuşdur. Onun həmin nikahdan iki uşağı var. Bir uşağı xəstədir. O, usta yanında fəhlə işləyir. Gündəlik 10-15 manat olmaqla, aylıq 300-350 manat maaş alır. 130 manat aliment müəyyən edilən zaman o, şirkətdə işləmişdir. Şirkətdə işlədiyi müddətdə o, alimenti vaxtı-vaxtında ödəmişdir. Halhazırda o, alimentin ödəməsində çətinlik çəkir, iddiaçıya müəyyən məbləğdə aliment borcu qalmışdır. O, aliment məbləğinin artırılmasına razı deyil. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, Ailə Məcəlləsinin 112-ci maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Cavabdeh ikinci dəfə ailə qurub. Cavabdehin həmin nikahdan 2 uşağı var. 2-ci uşaq təzə anadan olub. Cavabdehin yoldaşı analıq məzuniyyətindədir. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-958/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 ilə Cavabdeh arasında olan 23 iyun 2017-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində 206 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqları 16 iyun 2017-ci il təvəllüdlü X9 iddiaçı X1 yanında qalmasını, 16 iyun 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün 15 avqust 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 iyun 2017-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan AZ-İİ 531259 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 nikahları 21 sentyabr 2022-ci il tarixdə Quba regional “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsində 1231 saylı akt qeydi ilə nikahları rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Əskərəliyeva” soyadını qəbul etmişdir. İşdə olan AZ-İV 777609 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X6r. İşdə olan AZ-İV 957537 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X6r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə uşaqlar müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinəyönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-958/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə X4 ilə Cavabdeh arasında olan 23 iyun 2017-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində 206 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqları 16 iyun 2017-ci il təvəllüdlü X9 iddiaçı X1 yanında qalmasını, 16 iyun 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün 15 avqust 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, 150 (yüz əlli) manat məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, iddiaçı izahatında uşağı müəllim yanına, cido idman növünə və ləzdinka rəqsinə göndərməsini bildirsədə uşağa çıxan xərclər barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının iddiaçının tələb etdiyi məbləğdə müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa müəyyən olunmuşdur ki, Cavabdeh ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan onun 2 azyaşlı uşağı vardır. Həm iddiaçı, həm də cavabdeh bildirdi ki, iddiaçının cavabdehə aliment borcu var. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Bundan başqa, alimentin miqdarının cavabdehin və onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatda qeyd etdiyi kimi dəyişdirilmədən saxlanılması Nihad adlı uşağın mənafeyi baxımından qanuni və əsaslı deyildir. Məhkəmə, Nihad adlı uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, etiraz ərizəsi əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 20 manat artırıldığından cavabdehin bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 240 (12 X 20=240) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-958/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 16 iyun 2017-ci il təvəllüdlü X9 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar