Məhkəmə qərarları › İş №2(029)-398/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-398/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-398/2021 06.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 06 dekabr 2019-cu il tarixli, 301804-745757/1 nömrəli kredit müqaviləsi üzrə 2300 manat məbləğində əsas borc və 815.8 manat faiz borcu olmaqla, cəmi 3115.8 (üç min yüz on beş manat səksən qəpik) manat məbləğində və 10 dekabr 2019-cu il tarixli 301892-PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 428.24 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 199.13 manat cərimə borcu olmaqla, ümumilikdə 627.37 (altı yüz iyirmi yeddi manat otuz yeddi qəpik) manat olmaqla, ümumilikdə 3743.14 (üç min yeddi yüz qırx üç manat on dörd qəpik) manat borcun və 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, “İddiaçı “ ASC ilə borcalan Cavabdeh arasında bağlamış 06 dekabr 2019-cu il tarixli 301804-745757/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 25% dərəcəsi ilə 2300 (iki min üç yüz) manat məbləğində kredit verilmiş və 10 dekabr 2019-cu il tarixli , 301892- PC********** nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərcəsi ilə maksimal limiti 3000 (üç min) manat olan kredit xətti ayrılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq edilmiş hissə-hissə qrafikini ödəməmişdir. 21 dekabr 2020-ci il tarixinə cavabdehin 06 dekabr 2019-cu il tarixli 301804- 745757/1 nömrəli kredit müqaviləsi üzrə 2300 manat məbləğində əsas borc və 815.8 manat faiz borcu olmaqla, cəmi 3115.8 (üç min yüz on beş manat səksən qəpik) manat məbləğində və 10 dekabr 2019-cu il tarixli 301892-PC********** nömrəli kredit müqaviləsi üzrə 428.24 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 199.13 manat cərimə borcu olmaqla, ümumilikdə 627.37 (altı yüz iyirmi yeddi manat otuz yeddi qəpik) manat olmaqla ümumilikdə 3743.14 məbləğində kredit borcu yaranmışıdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASC tərəfindən məhkəməyə ərizə göndərilərək işlərin çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkləri göstərilərək işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddianı qismən qəbul edir, 06.12.2019-cu il tarixli 301804-745757/1 saylı kredit müqaviləsi üzrə 2300 manat əsas, 818.8 manat faiz borcunun, həmçinin 10.12.2019-cu il tarixli 301892-PC********** saylı istehlak kredit müqaviləsi üzrə 428.24 manat əsas borcunun qaytarılmasına razıdır. Lakin, o, 199.13 manat cərimə borcunun qaytarılmasına razı deyil, cərimə borcunun silinməsini, yuxarıda qeyd edilənlərin nəzərə alınmasını, bundan başqa məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, 301804-745757/1 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 25% dərəcəsi ilə 2300 (iki min üç yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, 301892-PC********** nömrəli istehlak krediti müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 0% dərcəsi ilə maksimal limiti 3000 (üç min) manat olan kredit xətti ayrılmışdır. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 21.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06 dekabr 2019-cu il tarixli, 301804-745757/1 nömrəli kredit müqaviləsi üzrə banka 2300 manat məbləğində əsas borc və 815.8 manat faiz borcu olmaqla, cəmi 3115.8 (üç min yüz on beş manat səksən qəpik) manat məbləğində kredit borcunun olduğu göstərilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 21.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 dekabr 2019-cu il tarixli, 301892-PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə banka 428.24 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 199.13 manat cərimə borcu olmaqla cəmi 627.37 manat məbləğində kredit borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə İddiaçı ASC -nin Cavabdeh əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 30 (otuz) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh 06 dekabr 2019cu il tarixli, 301804-745757/1 nömrəli kredit müqaviləsi üzrə 2300 manat məbləğində əsas borc və 815.8 manat faiz borcu olmaqla, cəmi 3115.8 (üç min yüz on beş manat səksən qəpik) manat məbləğində və 10 dekabr 2019-cu il tarixli, 301892-PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 428.24 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 30 manat cərimə borcu olmaqla, ümumilikdə 458.24 (dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat olmaqla, iki müqavilə üzrə ümumilikdə 3574.04 (üç min beş yüz yetmiş dörd manat dörd qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 dekabr 2019-cu il tarixli, 301804-745757/1 nömrəli kredit müqaviləsi üzrə 2300 manat məbləğində əsas borc və 815.8 manat faiz borcu olmaqla, cəmi 3115.8 (üç min yüz on beş manat səksən qəpik) manat məbləğində borc və 10 dekabr 2019-cu il tarixli, 301892-PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 428.24 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 30 manat cərimə borcu olmaqla, ümumilikdə 458.24 (dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat olmaqla, iki müqavilə ümumilikdə 3574.04 (üç min beş yüz yetmiş dörd manat dörd qəpik) manat məbləğində kredit borcu və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar