Məhkəmə qərarları › İş №2(029)-411/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-411/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-411/2022 30.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı QSC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7222.92 manat məbləğində kredit borcu, 84.50 manat məbləğində faiz borcu və 4351.33 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11658.75 (on bir min altı yüz əlli səkkiz manat yetmiş beş qəpik) manat məbləğində borcun və ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 011A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7222.92 (yeddi min iki yüz iyirmi iki manat doxsan iki qəpik) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 7222.92 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, borcalan kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 459 gün üçün hesablanmış faiz borcu 84.50 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 459 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 4351.33 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək göstərmişdir ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7222.92 (yeddi min iki yüz iyirmi iki manat doxsan iki qəpik) manat məbləğində kredit götürmüşdür. Cavabdeh götürdüyü kredit borcundan heç bir ödəniş etməmiş və İddiaçı QSC-yə 7222.92 manat məbləğində kredit borcu qalmışdır. Odur ki, cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7222.92 manat məbləğində kredit borcu, 84.50 manat məbləğində faiz borcu və 4351.33 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11658.75 (on bir min altı yüz əlli səkkiz manat yetmiş beş qəpik) manat məbləğində borcun və ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, qeyd olunan kredit müqaviləsi restrukturizasiya olunmuşdur. Maddi imkanı olmadığından və uşağı xəstə olduğundan İddiaçı QSC-dən götürdüyü kredit borcunu qaytara bilməmişdir. 2 ay ərzində banka olan borcunu ödəyəcəkdir. Lakin, tələb olunan cərimə məbləğinin silinməsini və qeyd edilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavbadeh Cavabdeh2 iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, Cavabdeh1 onun mərhum qardaşının dostu olmuş və onu tanıdığı üçün də qeyd olunan kredit müqaviləsi üzrə bank qarşısında zamin durmuşdur. Həmin kredit müqaviləsi üzrə faiz dərəcəsi 2019-cu ildə prezidentin fərmanına əsasən 1 faizə endirilmişdir və həmin vaxt o, könüllü olaraq zaminlik müqaviləsi bağlanılmaqla bank qarşısında zamin durmuşdur. Bundan əlavə tələb olunan cərimə məbləği silinməlidir. Hazırda onun özünün maddi vəziyyəti ağırdır. Belə ki, başqa bir tanışının Kapitalbankdan götürdüyü kredit müqaviləsi üzrə də zamin durmuş və həmin kredit borcuna görə hər ay 125 manat olmaqla onun pensiyasından 50% tutulur. Bundan əlavə evinin təmiri üçün Pioner mağazasından 800 manatlıq nisyə mal götürmüş və hər ay 50 manat həmin mağazaya ödəyir. Cavabdeh1 qoyun saxlayır, payızda qoyunları satıb kredit borcunu qaytaracaq və buna görə də 2 ay vaxt istəyir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki işdə olan xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 illik 1 (bir) faiz dərəcəsi ilə 60 ay müddətinə 7222.92 (yeddi min iki yüz iyirmi iki manat doxsan iki qəpik) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 011G**********01 və 011G**********02 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşlar. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0887 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit razılaşması üzrə həmin banka 7222.92 manat məbləğində kredit borcu, 84.50 manat məbləğində faiz borcu və 4351.33 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11658.75 (on bir min altı yüz əlli səkkiz manat yetmiş beş qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Cavabdeh1 İddiaçı QSC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, iddiaçının həmin müqavilənin ləğv edilməsini, verilmiş kreditin ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə İddiaçı QSC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 435 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7222.92 manat məbləğində kredit borcu, 84.50 manat məbləğində faiz borcu və 435 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7742.42 (yeddi min yeddi yüz qırx iki manat qırx iki qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7222.92 manat məbləğində kredit borcu, 84.50 manat məbləğində faiz borcu və 435 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7742.42 (yeddi min yeddi yüz qırx iki manat qırx iki qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar