Məhkəmə qərarları › İş №2(029)-418/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-418/2022

26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-418/2022 26.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 avqust 2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 10 oktyabr 2010-cu il tarixdə nikahı rəsmi qeyd etdirmədən cavabdehlə ailə həyatı qurmuş, 04 iyul 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 17 avqust 2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. O, ailə münasibətləri pozulduğu üçün cavabdehdən ayrılmışdır. 2013-cü ildə Qusar rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuş, nikahın pozulması 10 yanvar 2014-cü il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Qusar rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli 2(029)-628/2017 saylı qətnaməsinə əsasən cavabdehdən azyaşlı uşağın saxlanması üçün onun xeyrinə hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehin ona ödədiyi 100 manat aliment hazırda uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Həm də, cavabdeh hətta təyin edilmiş həmin 100 manat alimenti də müntəzəm ödəmir. Ona görə də cavabdeh uşağın saxlanması üçün daha çox aliment ödəməyə borcludur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı nümayəndəsi-anası Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddiaçı onun doğma qızıdır. O, iddianı müdafiə edir. Uşağın saxlanması üçün cavabdehdən 160 manat aliment tutulmasını tələb edir. İddiaçının məhkəmə iclasından xəbəri vardır. Bildirmişdir ki, iddiaçı işi ilə əlaqədar təyin olunmuş məhkəmə iclaslarına gəl bilmir. Həmçinin onun hüzr yeri olduğundan 26 aprel 2022-ci il tarixə saat 10:00-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılaraq cavabdehdən 17 avqust 2011-ci il təvəllüdlü Samir adlı uşağın saxlanması üçün hər ay 160 manat alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir. Belə ki, o, iddiaçı ilə ayrıldıqdan sonra təzədən ailə həyatı qurmuş, həmin nikahdan da 09.11.2018-ci il tarixdə Zümrüd və 23.03.2015-ci il tarixdə Zeynəb adlı uşaqları anadan olmuşdur. Hazırda o, heç bir yerdə işləmir maddi vəziyyəti pisdir. 17.08.2011-ci il təvəllüdlü Samir adlı uşağın saxlanması üçün hər ay 120- 130 manat aliment verə bilər. Həmçinin onun şəxsi işləri ilə əlaqədar 26 aprel 2022-ci il tarixə saat 10:00-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılaraq iddianın qismən təmin edilməsini, 17.08.2011-ci il təvəllüdlü Samir adlı uşağın saxlanması üçün ondan iddiaçının xeyrinə hər ay 120-130 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 29 mart 2017-ci il tarixli Qusar rayon Məhkəməsinin 2(029)- 628/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh 03 mart 2017-ci il tarixdən başlayaraq 17 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir İşdə olan AZ-İ 254632 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahları 10 yanvar 2014-cü il tarixdə 03 nömrəli akt qeydi ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra qadın “Pənahova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ 727599 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17 avqust 2011-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X6r. İşdə olan 21 fevral 2022-ci il tarixli 2022-13925 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı təsvir etdiyi kimi, mövcud alimentin artırılması tələbinə dair mübahisə üzrə 21 fevral 2022-ci il tarixdə, 15:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiasında iştirak etməmişdir. Bununla bağlı mediasiya prosesinə xitam verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş azyaşlı Samir adlı uşağın təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, 29 mart 2017-ci il tarixli Qusar rayon Məhkəməsinin 2(029)-628/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın mənafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı, lakin alimentin miqdarı hər ay sabit pul məbləğində 193 manat deyil, 130 manat müəyyən olunmalıdır. Belə ki, cavabdehin məhz 193 manat miqdarda alimenti ödəmək iqtidarında olması məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29 mart 2017-ci il tarixli Qusar rayon Məhkəməsinin 2(029)-628/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək 04 iyun 1986-cı ildə Qusar rayonu Çubuqlu qəsəbəsində anadan olmuş, həmin qəsəbədə yaşayan Cavabdeh İddiaçı xeyrinə 17 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar