Məhkəmə qərarları › İş №2(029)-418/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-418/2023

06.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-418/2023 06.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi böyük icra məmuru (probasiya üzrə), üçüncü dərəcəli ədliyyə qulluqçusu X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə elektron nəzarət komplektinin dəyərini təşkil edən 2277.4 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı qeydiyyatında olan Qusar rayon məhkəməsinin 1(029)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 128 və 157.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və icrası barədə göstəriş 20 iyul 2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixində 35653561 seriya nömrəli “Attenti” markalı elektron nəzarət qurğusu və onun adaptoru təhvil verilərək ayağına 078CE 11658 seriya nömrəli qolbaq bağlanmışdır. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh xx.xx.2023cü il tarixdə ehtiyatsızlıq edərək mobil nəzarət qurğusunu yararsız hala salmışdır. Beləliklə, Cavabdeh elektron avadanlıqları yararsız vəziyyətə salaraq dövlətə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Ədliyyə nazirliyinin verdiyi maliyyə arayışına əsasən, elektron qolbağın dəyəri 2274.4 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi böyük icra məmuru (probasiya üzrə), üçüncü dərəcəli ədliyyə qulluqçusu X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, Cavabdeh cəzanın icrası qaydalarına nəzarət etmək üçün elektron nəzarət vasitəsi 2022-ci ilin noyabr ayında tətbiq edilmişdir. Həmin ilin dekabr ayından tətbiq olunmuş mobil qurğu işləməməyə başlamışdır. Buna görə də həmin qurğunu Cavabdeh təhvil almış və ekspertizaya göndərmişdir. Ekspertiza rəyindən görünür ki, Cavabdeh təqdim olunmuş qurğu tam korroziyaya uğramışdır. Cavabdeh həmin nəzarət qurğuları akt tərtib edərək tam saz vəziyyətdə təhvil verilib, Fərhad da özü şəxsən qol çəkib təhvil alıb. Həmin qurğuların işləməməsi barədə Fərhad onlara heç bir məlumat verməyib. Odur ki iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, həmin mobil qurğu sağlam və işlək vəziyyətdə ona təhvil verilib. Həmin vaxt qurğuların paslanmasına, nasaz olmasına və suya düşüb işləmədiyinə baxmamışdır. Qurğuları ona təhvil verəndə o aktı imza etmiş, həmin vaxt ona qarşı hər hansı fiziki və psixi zorakılıq olmayıb. Qurğulara nəzarət etməsi barədə ona izah edilmişdir. Mobil qurğunun işləməməsi barədə icraçılara şifahi demiş, lakin yazılı müraciət etməmişdir. Qurğu əməlli başlı işləmirdi, ratsiya kimi səslər çıxırdı, evdə ola-ola siqnal verirdi, bu barədə Şahinə demişdir, lakin onun sübutu yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin 1(029)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CMnin 128 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 128-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 157.1-ci maddəsi ilə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 49.3-cü maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırıması cəzasının bir gününə bərabər tutulub hesablanmaqla 01 (bir) il islah işləri cəzası 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hesab edilərək, CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Cavabdeh təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş,Cavabdeh üzərinə yaşadığı Qusar rayonu Düztahir kəndindəki evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən görünür ki, Cavabdeh ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokola imza etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli elektron nəzarət vasitəsi “Attenti” kompleksinin təhil verilməsi barədə aktın surətindən görünür ki, 1 (bir) əsas 35653561 nömrəli mobil nəzarət qurğusu, 1 (bir) ədəd 11658 nömrəli elektron qolbaq və 1 (bir) ədəd enerji toplayıcı kabeli saz işlək vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İşdə olan 09 yanvar 2023-cü il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə protokolun surətindən görünür ki, ENV avadanlığına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mobil qurğu enerji yığmır. İşdə olan xx.xx.2023-cü il tarixli avadanlıqların məhkumdan təhvil alınması barədə aktın surətindən görünür ki, Cavabdeh tətbiq edilmiş 35653561 seriya nömrəli mobil qurğu 35653422 seriya nömrəli mobil qurğu ilə dəyişdirilmişdir. Müvafiq dəyişiklik edildikdən sonra, 35653442 seriya nömrəli “Attenti” mobil nəzarət qurğusu və onun USB adaptoru məhkim Cavabdeh təhvil verilmiş, ayağındakı 078CE 11658 seriya nömrəli elektron qolbaq ayağında bağlanmış vəziyyətdədir. İşdə olan xx.xx.2023-cü il tarixli avadanlıqların monitorinq idarəsinə təhvil verilməsi barədə aktın surətindən görünür ki, işləmədiyinə görə məhkum Cavabdeh dəyişdirildikdən sonra geri alınmış 35653561 seriya nömrəli “Attenti” mobil nəzarət qurğusu və onun USB adaptoru Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Monitorinq idarəsinə təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli elektron vasitələrinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, 35653561 nömrəli Attenti V6 mobil qurğusunun ana platasında korroziya müşahidə olunmuşdur. Təmiri mümkün deyil, istifadəsi tam yararsızdır. İşdə olan "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi, Baş Probasiya məmuru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadova ünvanlanmış məktubdan görünür ki, 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrin adapteri, 1 ədəd proqram lisenziyasının dəyəri ƏDV-də daxil olmaqla 2277.40 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Həmçinin, qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tətbiq edilmiş 35653561 seriya nömrəli mobil qurğu 35653422 seriya nömrəli mobil qurğu ilə dəyişdirilmişdir. Müvafiq dəyişiklik edildikdən sonra 35653561 seriya nömrəli mobil qurğu Ədliyyə Nazirliyinin Monitorinq idarəsinə təhvil verilmişdir. Həmin idarənin elektron vasitələrinin vəziyyəti haqqında texniki rəydə qeyd edilmişdir ki, 35653561 nömrəli Attenti V6 mobil qurğusunun ana platasında korroziya müşahidə olunmuşdur. Təmiri mümkün deyil, istifadəsi tam yararsızdır. Bununla da, Fərhat Canlatovun təqsirli hərəkəti nəticəsində dövlətin müstəsna mülkiyyətində olan əşya, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş, nəticədə dövlətə 2277.4 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya (dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqana) ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2227,40 (iki min iki yüz iyirmi yeddi manat, qırx qəpik) manat pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.4-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı büdcə təşkilatı olmaqla dövlət rüsumunu ödəməkdən azaddır. İş üzrə iddianın qiyməti 2277.4 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 1277.4 (2277.4-1000=1277.4) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 12.77 manat, cəmi isə 42.77 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2227,40 (iki min iki yüz iyirmi yeddi manat, qırx qəpik) manat pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddiaçı azad edildiyi 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar