Məhkəmə qərarları › İş №2(029)-421/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-421/2023

01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-421/2023 01.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “uşaqların saxlanması üçün alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı “uşaqların saxlanması üçün alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu həddi miqdarında 220 (iki yüz iyirmi) manat pul vəsaitinin 02 fevral 2023-cü il tarixdən (ilkin mediasiya prosesinə başlandığı vaxtdan) etibarən olmaqla, iki uşağa aylıq 440 (dörd yüz qırx) manat miqdarında və uşaqların müalicəsi, bilik səviyyəsinin yüksəldilməsi məqsədilə hər bir uşağa aylıq 50 (əlli) manat, iki uşağa 100 (yüz) manat miqdarında, cəmisi iki uşağa aylıq 540 (beş yüz qırx) manat miqdarında alimentin ataları Cavabdeh tutularaq anaları İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahları Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(029)-737/2017 saylı qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və xx.xx.2010-cu il tarixdə doğulmuş X3 anası İddiaçı yanında qalması barədə həmin Qətnamədə qət edilmişdir. 12 aprel 2017-ci il tarixdən başlayaraq uşaqlar 02 iyun 2008-ci il tarixdə anadan olmuş X4 və 24 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutulub İddiaçı ödənilməsi barədə Qətnamədə qət olunmasına baxmayaraq Cavabdeh uşaqların saxlanması üçün azacıq miqdar aliment ödənişindən yayınıb və yayınır. Çünki o, başa düşmür və bu vaxtadək düşünmür ki, iki uşağı 200 manatla heç zaman saxlamaq mümkün deyil. Bildirmişdir ki, Cavabdeh ilə birgə nikahlarından doğulan uşaqlarının ikisi də hazırda onunla ünvan 1 ünvanda anasına məxsus fərdi yaşayış evində yaşayırlar. Cavabdeh uşaqları ilə heç zaman maraqlanmayıb və maraqlanmır, uşaqlarının maddi və mənəvi tələbatı ilə maraqlanmır, uşaqların maddi cəhətcə saxlanmasına kömək etmir, uşaqların mənəvi cəhətcə inkişafına dayaq durmur, uşaqların təlim-tərbiyəsi ilə, fiziki sağlamlığı ilə məşğul olmur. Özünü gərəksiz bir əşya kimi hiss etdirir. Uşaqların saxlanması üçün aliment ödəməkdən yayınır. Uşaqların yaşayış yeri, saxlanması, tərbiyə olunması və təhsil alması barədə heç zaman maraqlanmayıb. Azyaşlı uşaqları ilə anasına məxsus fərdi yaşayış evində yaşayır, Cavabdeh aliment ödəməkdən yayınır, uşaqların saxlanması üçün maddi köməklik etmir, uşaqların saxlanması üçün yemək, paltar, dərs ləvazimatlarının alınmasına, uşaqların müalicə və müayinə olunmasına və sairə maddi yardımlar etməkdən yayınır. Uşaqlar artıq yeniyetmə uşaqlardır, uşaqları normal saxlamaq, onlara məktəb ləvazimatlarının alınmasına, müalicəsinə, uşaqlara repititorların tutulmasına maddi imkanım çatmır. Məsələn, xx.xx.2020-ci il tarixdə X4 müalicəsinə 502 (beş yüz iki) manat pul xərcləmişdir. Vaxtaşırı olaraq uşaqların sağlamlığı üçün müvafiq miqdarda pul vəsaiti xərcləyir, Cavabdeh aliment ödənişindən yayınır. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, iddiaçı 2017-ci ildə cavabdehdən məhkəmə qaydasında ayrılıb. İddiaçının özünün xəbəri olmadan iki uşağın saxlanması üçün aşağı həddə hər uşağa 100 manat aliment tutulub. Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli və ona dəyişikliklər edilməsi barədə qərarda da uşaqları ana saxlayırsa, ana nəvazişi çəkirsə yaşayış minimum həddindən az olmamaq şərti ilə aliment kəsilməli olduğu qeyd edilib. Uşaqların tərbiyə müəssəsi, musiqi, rəqs, idman dərnəklərinə gedib gəlməsi və eyni zamanda sağlamlıqla əlaqədar digər valideyn tərəfindən aliment tutulur. Buna görə də iddia ərizəsində qeyd etdiyi kimi, yaşayış minimuma görə hər uşağa 220 manat və 50 manat da uşağın bilik səviyyəsinin və sair məsələləri ilə bağlı, cəmi iki uşağa hər ay 540 manat tələb edirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-737/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 08 sentyabr 2006-cı il tarixdə Qusar rayon VVADQ şöbəsində bağlanaraq 97 sayla qeydə alınmış nikahın pozulması, boşanmadan sonra 02 iyun 2008-ci il tarixdə anadan olmuş X7 və 24 sentyabr 2010-cu il tarixdə anadan olmuş X6 İddiaçı yanında qalmaları, 12 aprel 2017-ci il tarixdən başlayaraq uşaqlar 02 iyun 2008-ci il tarixdə anadan olmuş X4 və 24 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İ 312195 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 16 mart 2019-cu il tarixdə Qusar rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan AZE 11175649 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. X11, anası İddiaçıdur. İşdə olan AZE 11175617 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. X11, anası İddiaçıdur. İşdə olan Qusar rayonu OKİ X5 verilmiş xx.xx.2020-ci il tarixli 886 saylı arayışdan görünür ki, X7 xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində onun tərəfindən OKİ özəl tibbi müalicəxanasının xəzinəsinə 502 (beş yüz iki) manat pul ödənmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.3-ci maddəsinə əsasən 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(029)-737/2017 saylı Qətnaməsi əsasında pozulmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və xx.xx.2010-cu il tarixdə doğulmuş X3 anası İddiaçı yanında qalması barədə həmin Qətnamədə qət edilmişdir. 12 aprel 2017-ci il tarixdən başlayaraq uşaqlar 02 iyun 2008-ci il tarixdə anadan olmuş X4 və 24 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay hər uşaq üçün iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 220 (iki yüz) manat deyil, 185 (yüz səksən beş) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı cavabdehin gəlirləri haqqında, həmçinin onun əmək haqqısının dəyişdirilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə, cavabdehin iş yeri və gəlirləri haqqında sübutlar təqdim edilmədiyinə görə, uşaqların mənafeyini nəzərə alaraq aliment miqdarını hər ay hər uşaq üçün 185 manat təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, aliment tutulduğu vaxtdan sonra cavabdehin maddi vəziyyətində alimentin miqdarının 220 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, uşaqların gündəlik tələbatının olmasını nəzərə alaraq, alimentin iddiaçının iddia ərizəsində tələb etdiyi kimi uşaqların müalicəsi, bilik səviyyəsinin yüksəldilməsi məqsədilə hər ay hər bir uşaq üçün 50 (əlli) manat deyil, 25 (iyirmi beş) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı hər uşaq üçün 110 manat, cəmi 220 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 2640 (12 X 220=2640) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 26.40 manat, cəmi isə 56.40 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-737/2017 saylı 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 02 iyun 2008-ci il tarixdə anadan olmuş X7 və 24 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 185 (yüz səksən beş) manat sabit pul məbləğində aliment və uşaqların müalicəsi, bilik səviyyəsinin yüksəldilməsi məqsədilə hər ay hər uşağa 25 manat olmaqla, cəmi 420 manat aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 56.40 (əlli altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar