Məhkəmə qərarları › İş №2(029)-434/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-434/2024

21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-434/2024 21.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştiraklar ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul şəklində tutulan alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “sabit pul şəklində tutulan alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 oktyabr 2012-ci il tarixli, 2(029)-663/2012 nömrəli qətnaməsinə əsasən 23 mart 2010-cu il tarixdə anadan olmuş X2 və 04 iyun 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün qət edilmiş həy ay hər uşaq üçün 65 (altmış beş) manat məbləğində sabit alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) mana olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul şəklində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 16 oktyabr 2012-ci il tarixli, 2(029)-663/2012 № li qətnaməsinə əsasən Cavabdeh 31 avqust 2012-ci il tarixdən başlayaraq hər ay 65 (altmış beş) manat 23 mart 2010-cu il tarixdə anadan olmuş X2 və 65 (altmış beş) manat tutularaq 04 iyun 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh alimenti vaxtı-vaxtında ödəmir, ödəsədə onun ödədiyi aliment məbləği onu qane etmir, hazırda heç yerdə işləmir, evdar qadındır, uşaqlar onun himayəsindədir, kommunal xərclər qalxıb, ona görə də uşağına paş paltar, dərs ləvazimatlarının və digər tələb olunan əşyaların alınmasında çətinlik çəkir, cavabdeh isə uşağın saxlanılması üçün ona əlavə köməklik etmir. 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Cavabdehin buna hər-cür imkanı vardır. Hesab edir ki, onun bu vəziyyətində uşaqlarının saxlanılması üçün ayda ondan hə ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat aliment tutulmalıdır. Cavabdehlə aralarında alimentin ödənilməsinə dair saziş yoxdur. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, iddianı qismən qəbul edir. Qusar rayon məhkəməsinin həmin qətnaməsi qəbul edildiyi vaxtdan sonra onun maddi vəziyyəti yaxşılaşmamış, gəlirləri artmamışdır. O, hələ iddiaçı ilə boşanmamışdan əvvəl, hətta uşaqlıqdan gözdən əlil olmuş və həmin xəstəliyə görə xx.xx.2006- cı il tarixli müayinə aktına əsasən ona müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. Eyni zamanda ona əlilliyə görə pensiya təyin edilmiş, hazırda pensiya məbləği 363 manat təşkil edir. Gözdən əlil olduğuna görə əmək qabiliyyəti məhduddur, səhhəti yalnız gündüz vaxtı yüngül işlərdə işləməyə imkan verir. Bununla da, o, əmək qabiliyyətinin məhdud olması səbəbindən işləyə bilmir və ailəni dövlət tərəfindən ona təyin edilmiş pensiya məbləği hesabına dolandırmışdır. İddiaçı özünün iddiasını 2024cü il üçün uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsi ilə əsaslandırmış, eyni zamanda qeyd etmişdir ki, kommunal xidmət haqları artdığından uşaqlar üçün paltarlar almaqda çətinlik çəkir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda məhkəmənin alimentin müəyyən olunmuş miqdarını dəyişməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Lakin, ondan aliment tutulduğu vaxtdan sonra onun maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişiklik olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı əsaslı sübut təqdim edilməmişdir. Əksinə, bir daha qeyd edir ki, o, ikinci qrup əlil olmaqla əmək qabiliyyəti məhduddur və uzun müddətdir ki, əlilliyə görə pensiya alır. Bu, isə onu təsdiq edir, onun maddi vəziyyətində müsbətə doğru hər hansı dəyişiklik olmamışdır. Bundan başqa, uşaqlar üçün yaşayış minimumunu rəhbər tutaraq alimentin miqdarının artırılmalı olması barədə iddiaçının dəlilləri əsassızdır. Alimentin miqdarının ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarına uyğun dəyişdirilməsi Ailə Məcəlləsində nəzərdə tutulmamış, həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız ondan tutulması düzgün deyildir. Eyni zamanda, nəzərə alınmalıdır ki, onun özünün də pensiyaçı olmaqla yaşayış minimumum var və onun əldə etdiyi pensiya məbləğinin bir hissəsi onun əlilliyinə səbəb olan göz xəstəliyinin mütəmadi müalicəsi üçün zəruri olan xərclərə sərf olunmalıdır. Bununla belə o, yetkinlik yaşma çatmayan uşaqlarımın mənafeyini nəzərə alaraq hər ay hər uşaq üçün 100 manat, cəmi isə 200 manat məbləğində aliment ödəməyə razıdır. Bu, isə onun aldığı pensiya məbləğinin 50 faizindən də artıq təşkil edir. İddiaçı ona qarşı “alimentin miqdarının artırılması tələbinə dair” tələbinə dair iddiasının qismən təmin edilməsi, ondan iddiaçının xeyrinə tutulan alimentin miqdarının hər ay hər uşaq üçün 100 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, 12 ildir ki, cavabdehdən ayrılmışdır. Cavabdeh hər ay hər uşaq üçün cavabdeh 65 manat aliment verir. O, özü satıcı işləyir, 250 manat əməkhaqqı alır. Uşaqların 12 və 14 yaşları var. O, sentyabr ayında 1 uşağın məktəbə hazırlanması üçün 300 manat xərc çəkmişdir. O, ayda uşaqlara 200-300 manat pul xərcləyir. Uşaqların saxlanmasına onun atası köməklik edir. Sonda, hər ay hər uşaq üçün 150 manat olmaqla ümumilikdə 300 manat alimentin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, uşaqlara alimentdən əlavə olaraq pal-paltar alır. Onun oğlu, iş üzrə cavabdeh heç bir yerdə işləmir, 2-ci dərəcəli əlildir, gözləri görmür, 320 manat pensiya alır. Sonda hər iki uşaq 250 manat aliment təyin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-663/2012 saylı, 16 oktyabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 31 avqust 2012-ci il tarixdən başlayaraq hər ay 65 (altmış beş) manat tutularaq 23 mart 2010-cu il tarixdə anadan olmuş X2 və 65 (altmış beş) manat tutularaq 04 iyun 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinəyönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin (029)-663/2012 saylı, 16 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh 31 avqust 2012-ci il tarixdən başlayaraq hər ay 65 (altmış beş) manat tutularaq 23 mart 2010-cu il tarixdə anadan olmuş X2 və 65 (altmış beş) manat tutularaq 04 iyun 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat deyil, 125 (yüz iyirmi beş) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, o, hər ay hər uşağa görə 150 (yüz əlli) manat aliment tələb edir. Hər ay uşaqların saxlanması üçün 200-300 manat məbləğində xərc çıxır, iddiaçı özü satıcı işləyir və 250 manat əməkhaqqı alır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmənin qənaətinə görə alimentin miqdarının cavabdehin məhkəməyə göndərdiyi etiraz ərizəsində hər ay hər uşaq üçün 100 manat miqdarda müəyyən olunması da Natəvan və Xuraman adlı uşaqların mənafeyi baxımından qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 120 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 1440 (12 X 120=1440) manat təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1440 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 440 (1440-1000=440) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 4.40 manat, cəmi isə 34.40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin (029)-663/2012 saylı, 16 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 23 mart 2010-cu il təvəllüdlü X5 və 04 iyun 2012-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 125 (yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 34.40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar