Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-451/2023 13.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dairQusar Rayon Məhkəməsinin 2(029)-470/2020 saylı qətnaməsi ilə 05 iyun 2020-ci il təvəllüldlü X1 üçün Cavabdeh onun xeyrinə tutulmuş 135 manat sabit pul məbləğində almentin miqdarı dəyişdirilərək 200 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,onunla Cavabdeh birgə nikahlarından 24 fevral 2015-ci il təvəllüdlü Yusif adlı bir uşaqları anadan olmuşdur. O, ailə münasibətləri pozulduğu üçün cavabdehlə ayrılmış və Qusar rayon məhkəməsi tərəfindən nikahları pozulmuş, 09 iyul 2019-cu il tarixdə 85 nömrə ilə bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Cavabdehlə hələ nikahları pozulmamışdan əvvəl həmin şəxs azyaşlı uşağın qayğısına qalmamış, onun taleyi ilə heç bir şəkildə maraqlanmamışdır. Bu səbəbdən də, onun iddiasına əsasən Qusar rayon məhkəməsinin 22 may 2017-ci il tarixli 2(029)-783/2017 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə həmin uşağın saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bundan sonra onun iddiasına əsasən Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək 135 manat müəyyən olunmuşdur. Uşağın saxlanması üçün 135 manat aliment kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun maddi və digər təmintalarının ödənilməsi üçün tələb olunan xərcin miqdarı artır. Hazırda həmin uşağın 8 yaşı tamam olmuş, orta məktəbdə təhsil alır. Bundan başqa, həmin uşaq xəstədir, mütəmadi olaraq müalicəyə ehtiyacı vardır. Uşağın digər zəruri xərcləri də vardır ki, hazırkı alimentin miqdarı kifayət etmir. Cavabdehin isə uşağın saxlanması üçün hər cür imkanı və şəraiti vardır. Hesab edir ki, Qusar rayon Məhkəməsinin 2(029)-470/2020 saylı 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş aliment hazırda yetkinlik yaşına çatmamış uşağı Yusifin saxlanması üçün kifayət etmədiyindən və onun yaşayış vəziyyəti aşağı olduğundan məhkəmə tərəfindən təyin olunmuş sabit pul məbləğində 135 manat alimentin miqdarı dəyişdirilməli və sabit pul məbləğində 200 manat müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, cavabdehdən uşağın saxlanması üçün 135 manat aliment tutulur. Həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir. Həmçinin cavabdeh təyin olunmuş alimenti vaxtında vermir, əvvəllər iki ayın alimenti verməmişdir, icra şöbəsinə şikayət etdikdən sonr alimenti ödəyib. Hazırda da axırıncı iki ayın alimenti ödəməyib. Cavabdehlə işləyib işləməməsi barədə məlumatı yoxdur. O, uşağın saxlanması üçün 200 manat aliment tələb edir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməməmiş və izahatında bildirmişdir ki, o, iddiaçıya uşağın saxlanması üçün hər ay 135 manat aliment ödəyir. Hazırda o, heç bir yerdə işləmir, maddi vəziyyəti yaxşı deyil, iki dəfə əməliyyat olunmuşdur, işləyə bilmir. O, evdə anası və atası ilə qalır, atası İİ qrup əlildir 480 manat müavinət alır, anasının şəkər xəstəliyi var, gözləri görmür. Evi ancaq atasının pensiyası ilə saxlayır. O, iki ayın alimentini ödəməmişdir, hazırda alimenti ödəyir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 22(029)-470/2020 saylı 05 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki,Qusar rayon məhkəməsinin 2(029)- 783/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi, 24 fevral 2015-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan AZ-İ 312304 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları xx.xx.2019-cu il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçı “Məmmədova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİİ 493853 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 fevral 2015-ci il tarixdə Qusar rayon Avaran kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Avaran kənd həkim məntəqəsindən verilmiş göndərişdən görünür ki, X6 görmə zəifliyi ilə əlaqədar Zərifə Əliyeva adına milli oftalmologiya mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə uşaqlar müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinəyönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-470/2020 saylı 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə Qusar rayon məhkəməsinin 2(029)-783/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi, 24 fevral 2015-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 200 (iki yüz) manatdeyil, 180 (yüz səksən) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Aliment tutulduğu vaxtdan sonraCavabdeh maddi vəziyyətində alimentin miqdarının 200 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır.Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər.Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 45 manat artırıldığından cavabdehin bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 540 (12 X 45=540) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundanməhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-470/2020 saylı 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 24 fevral 2015-ci il təvəllüdlü X7 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-451/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-451/2023
13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver