Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-459/2024 30.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Sumqayıt Apellyasiya Məhkəməsinin, xx.xx.2022-ci il tarixli, 2(105)-1867/2022 saylı qətnaməsi əsasında cavabdehdən övladı X8 və X9 18 yaşına qədər onun himayəsində qalmaları və onların yaşayış təminatını təmin etmək məqsədilə hər ay hər uşağa görə 100, ümumilikdə 200 manat sabit pul məbləğində təyin edilmiş alimentin miqdarının artırılaraq hər uşaq üçün 235, ümumilikdə 470 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh-Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə - xx.xx.2014-cü ildə Ayşə, xx.xx.2017-ci ildə isə Ayan adlı övladları dünyaya gəlmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-146/2022 nömrəli qətnaməsi ilə birgə nikahları pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsində xx.xx.2022-ci il tarixli, 2(105)-1867/2022 saylı qətnamə əsasında cavabdehdən yuxarıda adlan qeyd edilən övladının 18 yaşına qədər onun himayəsində qalmaq və onun yaşayış təminatı təmin etmək məqsədilə hər ay - hər uşağa 100 manat olmaqla, 200 manat aliment pulu təyin edilmişdir. O, övladlarını təkbaşına çox çətinliklə saxlayır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən 200 manat məbləğində alimenti də cavabdeh hər ay ödəməyir, lakin həmin vəsait qızlarının minimum yaşayışına bəs eləmir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, o,İddiaçı iddia tələbi ilə razı deyil və etirazını bildirir. Aşağıda İstinad etdiklərinə əsasən hesab edir ki, etirazı əsaslıdır. Belə ki, İddiaçı iddia tələbindən görünür ki, övladları Ayşə Əlizadə və Ayan Əlizadə üçün hər ay hər birinə 235 manat məbləğində aliment olmaqla cəmi 470 manat məbləğində aliment tələb edir. Təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq haqqında arayışdan görünür ki, o, X7 Filialında iş axtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdadır.Heç bir yerdə işləmir. Ümumi səhhəti işləməyə imkan vermir. Belə ki, Azərbaycan Respublikası və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi Sosial Ekspert Komissiyasının elektron informasiya sistemindən çıxarışından görünür ki, xx.xx.2021-cı il tarixdə xəstəliyi ilə əlaqədar olaraq o, xx.xx.2026-cı il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Ruhi əsəb gərginliyi tələb etməyən işlərdə nəzarət altında işləyə bilər. Belə bir iş isə ümumiyyətlə tapmaq olmur. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının sonuncu müayinəsinə dair sənədlərdən görünür ki, o, Nevrasteniya, emosional-iradi pozuntular və özünü kəsmələr kimi xəstəlikdən əziyyət çəkir. O, İİİ qrup əlildir. Ruhi əsəb gərginliyi tələb etməyən işlərdə işləyə bilər. Bu isə o, deməkdir ki, ona uyğun işin olması nadir haldır. Belə ki, hazırki dövrdə əsəb gərginliyi yaratmayan iş yoxdur. Təqdim etdiyi aliment ödəniş qəbzlərindən də görünür ki, aliment hər ay mütamadi olaraq ödənir. Həmçinin o, övladlarında ünsiyyət günlərində uzun məsafə olmasına baxmayaraq daimi Qusar rayonuna gəlir, övladlarında ünsiyyətdə olur, lazımı digər ehtiyaclarını ödəyir. Onun ödənişi isə o işləmədiyindən valideyinlərinin hesabına edir. Çünki o işləyə bilmir və daimi qazancı yoxdur. X2 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, Müharibə veteranıdır. O, hələdə onun qazancı hesabına yaşayır. Bundan başqa İddiaçı iddia ərizəsində bildirir ki, övladlarına baxa bilmir. Nəzərə almaq lazımdır ki, övladlarına yetişdirilməsində onun valideyinlərinin böyük rolu olubdur. Əgər iddiaçı iddia etidiyi kimi övladlarına baxa bilmirsə ona verilməsini, ailəsinin övladlarının qayğısına qalmağa hazır olduğunu bildirmişdir. Etiraza əlavə etdiyi Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1867 saylı qətnaməsindən də görünür ki, qətnamə üzrə onun əlil olmağına əsasən aliment məbləği hər uşağa görə 100 manat təyin olunmuşdur. O, isə həmin məbləği hər ay ödənişi edir. Yuxarıda qeyd etdikləri və istinad etdiyi hüquq normalarına əsasən onun etirazını nəzərə alıb İddiaçı iddia tələbini təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, iddiaçının atasıdır. O, cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsi ilə razı deyildir. O, iddia ərizəsində ümumilikdə 470 manat aliment tələb etdiyini qeyd etmişdir. Hal-hazırda o, hər ay hər uşağa 180 manat olmaqla, ümumilikdə 360 manat aliment tələb edir. Azyaşlı uşaqlar, məktəbə gedir, 1-ci və 4-cü sinifdə oxuyurlar. Uşaqların saxlanması üçün ayda 400 manat bəs etmir. İş üzrə iddiaçı onun qızı heç bir yerdə işləmir, uşaqları özü saxlayır. O, heç olmasa iki uşağa görə 360 manat aliment tələb edir. Cavabdeh toylarda çıxış edir, müğənnilik fəaliyyəti ilə məşğul olur, mahnılar ifa edir. Hər gün toylardadır, cavabdehin həmin alimenti verməyə imkanı vardır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək bildirmişdir ki, maddi imkanı olmadığı üçün xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1867/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar rayon Məhkəməsinin bu iş üzrə 27 aprel 2022-ci il tarixli 2(029)-146/2022 nömrəli qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmiş, 10 noyabr 1995-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh X4 xeyrinə 07 sentyabr 2014-cü il təvəllüdlü X8 və 22 avqust 2017ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi isı 200 (iki yüz) manat miqdarda aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə uşaqlar müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinə yönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1867/2022 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar rayon Məhkəməsinin bu iş üzrə 27 aprel 2022-ci il tarixli 2(029)-146/2022 nömrəli qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmiş, 10 noyabr 1995-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh X4 xeyrinə 07 sentyabr 2014-cü il təvəllüdlü X8 və 22 avqust 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat miqdarda aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını, uşaqların yaşını, gündəlik tələbatlarını, uşaqların ehtiyaclarını, mənafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır.Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi məbləğdə deyil, hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının iddiaçının tələb etdiyi məbləğdə müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır.Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər.Həmçinin uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Bundan başqa, alimentin miqdarının cavabdehin məhkəməyə göndərdiyi etiraz ərizəsində qeyd etdiyi kimi dəyişdirilmədən saxlanması Ayşə və Ayan adlı uşaqların mənafeyi baxımından qanuni və əsaslı deyildir. Belə ki, hər iki uşağın yaşını, mənafeyini, ehtiyyaclarını, gündəlik tələbatlarını nəzərə alındığı təqdirdə məhkəmə hesab edir ki, aliment miqdarı hal-hazırda dəyişdirilməlidir. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdən və videogörüntüdən görünür ki, cavabdeh müğənnilik fəaliyyəti ilə məşğul olur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdeh müğənnilik fəaliyyəti ilə məşğul olmadığını, yalnız qohum əqraba toyunda pulsuz mahnı oxuduğunu bildirmişdir. Məhkəmə cavabdehin həmin izahatını inandırıcı hesab etmir və özünün müğənnilik fəaliyyətin gizlətmək kimi qəbul edir. Cavabdeh etiraz ərizəsində ümumi səhhətinin işləməyə imkan vermədiyini, ruhi əsəb gərginliyi tələb etməyən işlərdə nəzarət altında işləyə biləcəyini, belə bir iş isə ümumiyyətlə tapmaq olmaq mümkün olmadığını bildirir. Məhkəmə belə hesab edir ki, cavabdeh əgər qohum-əqraba toyunda pulsuz oxuya bilirsə, digər məclislərdə, toy şənliklərində oxuyub pul qazana bilər, müğənnilik fəaliyyəti isə ruhi əsəb gərginliyi tələb etməyən işdir. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərə və videoçəkilişə nəzər saldıqda məhkəmədə daxil inam yaranır ki, cavabdeh müğənnilik fəaliyyəti ilə məşğul olur. Məhkəmənin daxili inamına görə cavabdehin etiraz ərizəsində göstərdiyi hallar aliment miqdarının artılmaması üçün sübuta əsaslanmayan hallardır. Əgər iddiaçı tərəf, cavabdehin müğənnilik fəaliyyətinin məşğul olması barədə sübut təqdim etməsə idi və cavabdeh tərəf qohum əqraba toyunda pulsuz oxuduğunu bildirməsə, cavabdehin etirazı əsaslı, iddiaçının tələbi isə əsassız olacaqdır, hazırkı halda isə, cavabdehin izahatına, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara əsasən məhkəmə də daxili inam yaranır ki, cavabdeh müğənnilik fəaliyyəti ilə məşğul olur, yox əgər müğənnilik fəaliyyəti ilə məşğul olmasa da belə, həmin fəaliyyətlə məşğul olub pul qazana bilər. Həmçinin məhkəmə hesab edir ki, Qusar rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(029)-146/2022 saylı qətnaməsi ilə Ayşə və Ayan adlı azyaşlı uşaqların yaşayış yerinin İddiaçı yaşayış yerinin müəyyən olunduğundan, iddiaçının iddia tələbində azyaşlı uşaqları X8 və X9 18 yaşına qədər onun himayəsində qalmaları tələbinə dair hissədə qətnamə çıxarılmasını məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1680 manat (12 X 140=1680) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1680 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 680 (1680-1000=680) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 6.8 manat, cəmi isə 36.80 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İddia qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1867/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 07 sentyabr 2014-cü il təvəllüdlü X11 və 22 avqust 2017-ci il təvəllüdlü X12 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Cavabdeh 36.8 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1867/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 07 sentyabr 2014-cü il təvəllüdlü X11 və 22 avqust 2017-ci il təvəllüdlü X12 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 36.8 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-459/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-459/2024
30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver