Məhkəmə qərarları › İş №2(029)-465/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-465/2022

18.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-465/2022 18.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahlarından olan uşaqları 04 avqust 2006-cı il təvəllüdlü X4 və 29 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddianı onunla əsaslandırmışdır ki, o, cavabdehlə nikahı rəsmi qeyd etdirmədən ailə həyatı qurmuş, aralarındakı nikahı 16 avqust 2006-cı il tarixdə Qusar rayon İHB-nın Aşağı Ləyər kənd İƏN-də rəsmiləşdirmişlər. Birgə nikahlarından onların 04 avqust 2006-cı il təvəllüdlü X9 və 29 mart 2011-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmış və aralarındakı nikah Qusar rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(029)-373/2021 saylı qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən cavabdehdən 04 avqust 2006-cı il təvəllüdlü X9 və 29 mart 2011-ci il təvəllüdlü X5 adlı uşaqların saxlanmaları üçün onun xeyrinə hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda uşaqların saxlanması xərcləri artmışdır. Cavabdehdən tutulan aliment uşaqların cüzi ehtiyaclarını belə ödəmir. O, uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin maddi durumu kifayət qədər normaldır. Lakin, cavabdeh öz uşaqlarına təyin olunmuş məbləğdən əlavə heç bir maddi dəstək göstərmir. Bu isə, onun ağır olan maddi durumunun daha da ağırlaşmasına, daha çox çətinlik çəkməyinə səbəb olur. Ona görə də cavabdehin maddi vəziyyətini, uşaqların minimum ehtiyaclarının ödənilməsini nəzərə alaraq hesab edir ki, Qusar rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(029)-373/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı və 04 avqust 2006-cı il təvəllüdlü X4 və 29 mart 2011ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, o, hazırda Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən Riverin oteldə xadiməçi işləyir, ayda 460 manat maaş alır, Nabranda kirayə ev tutaraq uşaqları ilə orada qalır. Qusar rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(029)-373/2021 saylı qətnaməsi ilə cavabdehdən 200 manat aliment tutulmuş, həmin vaxt həmin məbləğdə aliment uşaqların saxlanması üçün kifayət etmiş, lakin sonradan hər şeyin qiyməti qalxmış və hazırda 200 manat məbləğində aliment uşaqların saxlanması üçün kifayət etmir. Zaira adlı qızı 9-cu sinifə gedir, əlavə olaraq müəllimlərin yanına gedir, bu isə əlavə xərclər tələb edir. Zarina adlı qızı xəstədir, müalicə üçün Bakıya aparmalıdır. Balaca qızı atasını çox istəyir, ağladığına görə o, uşağı taksi tutub atasının yanına aparıb-gətirmişdir. Cavabdeh hazırda meyvə bağı sahəsində işləyir, nə qədər maaş aldığını bilmir. Cavabdeh ən azından hər ay hər uşağa görə 150 manat olmaqla 300 manat aliment verməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. O, "xxxx" MMC-də meyvə bağlarında fəhlə işləməklə ayda 350 manat əmək haqqı alır. Ağır işlərdə işləyə bilmir, belində yırtıq var. Günəmuzd işləyir, işə getmədiyi günlərdə əmək haqqı almır. Ayda 270-280 manat maaş alır. Hazırda maddi vəziyyəti pisdir, 860 manat aliment borcu vardır. Uşaqlara görə bankdan kredit almış, hazırda kredit borcunu da ödəyir. Bundan başqa, avtomobili ilə qəza törətmiş və 9079 manat ziyan ödəyir və törətdiyi inzibati xətalara görə cərimələri vardır. O, heç 200 manat alimenti də ödəyə bilmir, hər ay 100 manat aliment ödəyir. Odur ki, hər ay hər uşağa 115 olmaqla, cəmi 230 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(029)- 373/2021 saylı qətnaməsinin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında Qusar rayon İHB-nın Aşağı Ləyər kənd İƏN-də 16 avqust 2006-cı il tarixdə 3 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, 04 avqust 2006-cı il təvəllüdlü X9 və 29 mart 2011-ci il təvəllüdlü X5 anaları X3 himayəsində saxlanılmış və həmin uşaqların yaşayış yerləri kimi X3 yaşayış yeri müəyyən edilmişdir. xx xxx 1982-ci ildə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh X3 xeyrinə 04 avqust 2006-cı il təvəllüdlü X4 və 29 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan AZ-İ 386928 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahları Qusar rayon Qeydiyyat Şöbəsində 04.08.2021-ci il tarixdə 68 nömrəli akt qeydi ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra qadın “Yahyayeva” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 828151 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 04 avqust 2006-cı il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİ 643957 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 mart 2011-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 21.04.2022-ci il tarixli 1303/2022 saylı arayışından görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-373/2021 saylı 22.04.2021-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh 21.04.2022-ci il tarixə 860 (səkkiz yüz altmış) manat ödənilməmiş aliment borcu yaranmışdır. Bundan əlavə, Cavabdeh barəsində şöbənin icraatında Qusar rayon məhkəməsi tərəfindən verilmiş 16 mart 2020-ci il tarixli 2(029)-102/2020 saylı icra sənədinə əsasən borclu Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 9079.00 manat alınaraq tələbkar X10 verilməlidir. Həmin iş üzrə də borcunu ödəməmişdir. İşdə olan 10 mart 2022-ci il tarixli MŞİH-15244 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Tahirov X1 Dilbər Şövlət qızı tərəfindən təsvir edildiyi kimi, nikahın pozulması tələbinə dair mübahisə üzrə 10 mart 2022-ci il tarixində, 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş azyaşlı Zaira və Zarina adlı uşaqların təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, Qusar rayon məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(029)-373/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaların mənafelərini pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı, lakin alimentin miqdarı hər ay hər uşaq üçün sabit pul məbləğində 193 manat deyil, 115 manat müəyyən olunmalıdır. Belə ki, cavabdehin hər uşağa görə məhz 193 manat miqdarda alimenti ödəmək iqtidarında olması məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə, məlum olmuşdur ki, cavabdeh "xxxx" MMC-də günəmuzd fəhlə işləyir, ayda təxminən 270-280 manat maaş alır, iddiaçı özü də “Riverin” oteldə xadiməçi işləməklə 460 manat əmək haqqı alır. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin miqdarının hər ay hər uşağa görə iddiaçının tələb etdiyi kimi 193 manat, cəmi isə 386 manat müəyyən olunması tərəflərin maraqları baxımından düzgün və əsaslı deyildir. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan, hazırkı halda iddiaçının özü də işləməklə aylıq gəlir əldə etdiyindən ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız cavabdehdən tutulması düzgün və ədalətli deyil, bu cavabdehin maraqlarının pozulmasına və onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(029)-373/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxx 1982-ci ildə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 04 avqust 2006-cı il təvəllüdlü X4 və 29 mart 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 115 (yüz on beş) manat olmaqla cəmi 230 (iki yüz otuz) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar