Məhkəmə qərarları › İş №2(029)-465/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-465/2023

22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-465/2023 22.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin 2(029)-950/2019 saylı, 13 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-ci il təvəllüdlü Tahir və 04 aprel 2012-ci il təvəllüdlü Nərmin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə qət edilən hər uşağa görə 105 manat olmaqla cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 06 oktyabr 2006-cı il tarixdə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh ilə evlənmişdir. Nikahlarını 17 oktyabr 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Həmin nikahdan xx.xx.2009-ci il tarixdə Tahir və 04 aprel 2012-ci il tarixdə Nərmin adlı uşaqları doğulmuşdur. Ailə münasibətiləri pozulduğuna görə ayrılmışlar və nikahları məhkəmə qaydasında pozulmuşdur. Qusar Rayon Məhkəməsinin 2(029)-939/2018 saylı, xx.xx.2018-ci tarixli qətnaməsinə əsasən Cavabdeh iki uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Sonradan Cavabdeh alınan alimentin miqdarının artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Qusar Rayon Məhkəməsinin 2(029)- 950/2019 saylı, 13 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2009-ci il təvəllüdlü Tahir və 04 aprel 20212-ci il təvəllüdlü Nərmin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə hər ay hər uşağa görə 105 manat olmaqla cəmi 210 manat sabit pul məbləğində alimentin alınması qət edilmişdir. Hal-hazırda respublikada 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. O, özü heç yerdə işləmir və başqa qazanc mənbəyi də yoxdur. Alimentin miqdarının artırılmasından isə 4 ilə yaxın müddət keçmiş, uşaqların tələbatları da təbii olaraq artmışdır. Cavabdeh hər ay iki uşağa görə ödədiyi 210 (iki yüz on) manat aliment isə uşaqların saxlanması üçün qəti kifayət etmir. Ona görə də Cavabdeh xx.xx.2009-ci il təvəllüdlü Tahir və 04 aprel 2012-ci il təvəllüdlü Nərmin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması 'üçün onun xeyrinə qət edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunan iddia ilə əlaqədar ilkin Mediasiya sessiyası keçirilmiş və cavabdehin iştirak etməməsi səbəbindən baş tutmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, onun dolanışığı aşğırdır, ehtiyacları artmışdır. O, heç bir yerdə işləmir, gəlir mənbəyi yoxdur, kirayədə yaşayır. Oğlu 8-ci, qızı 5-ci sinifi bitirmişdir. Cavabdehin maddi imkanı əvvəlki vaxtlara nisbətən xeyli yaxşılaşmış, bir neçə yerdə işləməklə yaxşı gəlir əldə edir. Lakin, bununla bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, Qubat adlı şəxsin evində mühafizəçi kimi çalışmaqla ayda 300 manat əmək haqqı alır, təyin olunmuş 210 manat məbləğində alimenti vaxtında ödəyir, heç bir aliment borcu yoxdur. Yenidən ailə qurmuş, əlavə olaraq da işləyib öz ailəsini dolandırır. İddia tələbində qeyd edilən miqdarda aliment ödəmək iqtidarında deyildir. Oğlu məktəbə getmir, bir ildir ki, gün ərzində onun yanında olur, onunla birlikdə işləyir, gecə yatmağa isə anasının yanına gedir. Oğlunun geyimlərini özü alır. Alimentin miqdarının artırılması üçün əsas yoxdur, odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli 2(029)- 950/2019 saylı qətnaməsinindən görünür ki, 15 mart 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə 105 (bir yüz beş) manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülməli və bir halda ki, cavabdeh bundan əvvəl 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miqdarda hər bir uşaq üçün 105 manat olmaqla, cəmi 210 manat miqdarında aliment ödəmişdirsə, hazırda alimentin miqdarının hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat miqdarında müəyyən edilməsi uşaqların maddi tələbatlarının əhəmiyyətli dərəcədə artması səbəbindən iddia mahiyyət etibarı ilə əsaslıdır. Odur ki, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh sabit pul məbləğində hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat miqdarında aliment tutulmalıdır. Cavabdehin məhkəmə iclasında iddianın əsassız olması ilə bağlı gətirdiyi dəlil ondan ibarət olmuşdur ki, aylıq gəliri azdır, yenidən ailə qurmuş və iddia tələbində qeyd edilən miqdarda aliment ödəmək iqtidarında deyildir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hal onu iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Həmçinin cavabdeh məhkəməyə göndərdiyi iddiaya etirazında maddi vəziyyətinin yaxşılaşmmasını, əksinə pisləşdiyini göstərsə də, məhkəmə iclasında o halı etiraf etmişdir ki, əsas işindən başqa əlavə işlə də məşğul olur. Bu isə onun maddi vəziyyətinin yaxşılaşmaması barədə dəlillərini təkib edir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Həmçinin, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf öz tələbində cavabdehdən hər bir uşaq üçün 220 manat miqdarında aliment olmaqla cəmi 440 manat tələb etdiyini bildirsə də, məhkəmə iclasında həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və eləcə də, həmin xüsusat üzrə həmin tələbi təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşaqların saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Lakin, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, eləcə də iddiaçı tərəfindən uşağın aylıq xərci və cavabdehin ayda cəmi 440 manat məbləğində aliment ödəmək imkanını təsdiq edən gəliri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehdən tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, 15 mart 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabehdən hər ay hər uşağa görə 105 manat olmaqla, cəmi 220 manat aliment tutulmasına dair Qusar rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli 2(029)-950/2019 saylı qətnamə hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, artırılmış aliment məbləği üzrə bir il ərzində ödəniləcək alimentin miqdarı, yəni iddianın qiyməti 1320 manat təşkil etdiyindən Cavabdeh 33.20 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli 2(029)-950/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1983-cü ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə 15 mart 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 33,20 (otuz üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar