Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-467/2021 24.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 6025.36 (altı min iyirmi beş manat otuz altı qəpik) manat əsas borc, 5923.03 (beş min doqquz yüz iyirmi üç manat üç qəpik) manat faiz borcu, 5117.99 (beş min yüz on yeddi manat doxsan doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 913.92 (doqquz yüz on üç manat doxsan iki qəpik) manat faiz borcu, cəmi 17980.30 (on yeddi min doqquz yüz səksən manat otuz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində həmçinin iddia tələbini tam müdafiə etdiklərini bildirərək iddia tələbi üzrə Bankın səlahiyyətli nümayəndəsi iştirak etmədikdə işə baxılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, iddiaçı məhkəməyə 23 iyun 2021-ci il tarixdə teleqram göndərərək işə onların iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli 07 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 21.5 (iyirmi bir tam onda beş) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında 07 oktyabr 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********190 saylı 29.09.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 29.09.2020-ci il tarixə kredit üzrə cəmi borcu 17980.30 (on yeddi min doqquz yüz səksən manat otuz qəpik) manat təşkil edir. Bundan 6025.36 (altı min iyirmi beş manat otuz altı qəpik) manat əsas borc, 5923.03 (beş min doqquz yüz iyirmi üç manat üç qəpik) manat faiz, 5117.99(beş min yüz on yeddi manat doxsan doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 913.92 (doqquz yüz on üç manat doxsan iki qəpik) manat faiz borcu təşkil edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasına və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 həmçinin məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, o, iddianı qəbul etmir ona görə ki, bankla onun arasında heç bir kredit müqaviləsi olmamış, o bankdan kredit almamış, bankla heç bir kredit müqaviləsi bağlamamışdır. Lakin, buna baxmayaraq iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya onunla 07 oktyar 2015-ci il tarixli müqaviləsi bağlamış, 21.5 (iyirmi bir tam onda beş) faiz dərəcəsi ilə o, 10000 (on min) manat məbləğində kredit almışdır. Halbuki, belə bir hal olmamış, o, bankdan kredit almamış, iddia ərizəsində göstərilmiş Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmamışdır. Ümumiyyətlə, bankla bağlanmayan kredit müqaviləsinə görə hansı zaminlik müqaviləsindən söhbət gedə bilərdi. İddiaçı iddia ərizəsində guya onunla bank arasında kredit müqaviləsi bağlandığını qeyd etmişdir. Əgər kredit müqaviləsi varsa məhkəməyə təqdim edilsin. Göründüyü kimi bank heç bir əsas olmadan ona və digər cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəməni və onu yanlış iddia tələbi irəli sürərək aldatmağa çalışmış, əsassız olaraq ondan pul istəmişdir. Ona görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasına və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş, həmçinin göstərmişdir ki, o, iddiaçı ilə hər hansı zaminlik müqaviləsi bağlamamış, bankdan pul götürməmişdir. Bank nahaqdan onun üzərinə öhdəlik qoymaqla ona vermədiyi və onun bankdan almadığı pulu ondan almaq istəyir. Ona görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasına və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş, həmçinin göstərmişdir ki, o, iddiaçı ilə hər hansı zaminlik müqaviləsi bağlamamış, bankdan pul götürməmişdir. Bank nahaqdan onun üzərinə öhdəlik qoymaqla ona vermədiyi və onun bankdan almadığı pulu ondan almaq istəyir. Ona görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.5 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 16 oktyabr 2020-ci il tarixli **********939 nömrəli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 29 sentyabr 2020-ci il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 6025.36 (altı min iyirmi beş manat otuz altı qəpik) manat əsas borc, 5923.03 (beş min doqquz yüz iyirmi üç manat üç qəpik) manat faiz, 5117.99(beş min yüz on yeddi manat doxsan doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 913.92 (doqquz yüz on üç manat doxsan iki qəpik) manat faiz borcu olmaqla ümumilikdə 17980.30 (on yeddi min doqquz yüz səksən manat otuz qəpik) manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə göndərilmiş 14.06.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin əsli, məxaric orderi bankın arxivində olmadığından həmin sənədlərin məhkəməyə təqdim edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında hər hansı kredit müqaviləsinin, o cümlədən həmin bankla Cavabdeh2 və Cavabdeh3 arasında hər hansı zaminlik müqaviləsinin bağlanması, bank tərəfindən Cavabdeh1 hər hansı məbləğdə kredit verilməsi, bununla da, tərəflər arasında müvafiq öhdəliyin əmələ gəlməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə tərəfindən mülki işin tam, obyektiv, qərəzsiz araşdırılması üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən həmin müqavilə və məxaric orderinin təqdim edilməsi tələb olunsa da, iddiaçı tərəfindən müvafiq sənədlər məhkəməyə təqdim edilməmiş, həmin sənədlər bankın arxivində olmadığına görə məhkəməyə təqdim edilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cəmi 17980.30 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia tələbinin əsası kimi istinad olunmuş hallar təqdim edilmiş sənədlərlə sübuta yetirilməmiş və ona görə də, həmin iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cəmi 17980.30 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-467/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-467/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver