Məhkəmə qərarları › İş №2(029)-468/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-468/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-468/2021 24.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 194.15 (yüz doxsan dörd manat on beş qəpik) manat əsas borc, 493.25 (dörd yüz doxsan üç manat iyirmi beş qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 31.08.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32.76 (otuz iki manat yetmiş altı qəpik) manat faiz borcu, cəmi 720.16 (yeddi yüz iyirmi manat on altı qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində həmçinin iddia tələbini tam müdafiə etdiklərini bildirərək iddia tələbi üzrə Bankın səlahiyyətli nümayəndəsi iştirak etmədikdə işə baxılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, iddiaçı məhkəməyə 23 iyun 2021-ci il tarixdə teleqram göndərərək işə onların iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 04 sentyabr 2014-cü il tarixli 346702 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. 31.08.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 720.16 (yeddi yüz iyirmi manat on altı qəpik) manat təşkil edir. Bundan 194.15 (yüz doxsan dörd manat on beş qəpik) manat əsas borc, 493.25 (dörd yüz doxsan üç manat iyirmi beş qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 31.08.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32.76 (otuz iki manat yetmiş altı qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına baxmayaraq və **********645 saylı 27.08.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddianı qəbul etmir, ona görə ki, o, heç bir kredit müqaviləsi bağlamamış, bankdan pul götürməmişdir. Bank tərəfindən ondan əsassız olaraq 720.16 manat məbləğində pul tələb olunur. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Bundan başqa, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.5 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 11 sentyabr 2020-ci il tarixli **********386 nömrəli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə X2 arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli 346702 saylı kredit müqaviləsi üzrə cavabdeh X1 31 avqust 2020-ci il tarixə ləğv prosesində olan İddiaçı ASCnə olan borcunun 194.15 (yüz doxsan dörd manat on beş qəpik) manat əsas borc, 493.25 (dörd yüz doxsan üç manat iyirmi beş qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 32.76 (otuz iki manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla ümumilikdə 720.16 (yeddi yüz iyirmi manat on altı qəpik) manat təşkil etdiyi göstərilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə göndərilmiş 26.05.2021ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin əsli, məxaric orderi bankın arxivində olmadığından həmin sənədlərin məhkəməyə təqdim edilməsi qeyri-mümkündür. İşdə olan hesab üzrə əməlliyatlardan çıxarışdan görünür ki, borcalan şəxsin “X4” olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında hər hansı kredit müqaviləsinin bağlanması, bank tərəfindən Cavabdeh hər hansı məbləğdə kredit verilməsi, bununla da, tərəflər arasında müvafiq öhdəliyin əmələ gəlməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə tərəfindən mülki işin tam, obyektiv, qərəzsiz araşdırılması üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən həmin müqavilə və məxaric orderinin təqdim edilməsi tələb olunsa da, iddiaçı tərəfindən müvafiq sənədlər məhkəməyə təqdim edilməmiş, həmin sənədlər bankın arxivində olmadığına görə məhkəməyə təqdim edilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Bundan başqa, işdə olan maliyyə arayışında borcalan şəxsin “X2”, hesab üzrə əməlliyatlarda isə “X4” olduğu göstərilmişdir. Bununla da, Cavabdeh iddiaçı qarşısında hər hansı öhdəliyinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı cəmi 720.16 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia tələbinin əsası kimi istinad olunmuş hallar təqdim edilmiş sənədlərlə sübuta yetirilməmiş və ona görə də, həmin iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı cəmi 720.16 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar