Məhkəmə qərarları › İş №2(029)-484/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-484/2022

19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-484/2022 19.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Məhkəməsinin 2(029)-614/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə 31 avqust 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün müəyyən edilmiş sabit pul məbləğində 140 manat miqdarında alimentin tutulması hissəsini dəyişdirərək (artıraraq), hər ilin hər ayı üçün (minimum məbləğdən az olmayan) sabit pul məbləğdə 193 (yüz doxsan üç) manat alimentin və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manat məbləğində rüsumun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdehlə 07.02.2014-cü il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 31 avqust 2014-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah Qusar rayon Məhkəməsinin 2(029)-618/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, eyni zamanda Qusar rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 120 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra onun iddiası əsasında Qusar rayon Məhkəməsinin 2(029)-614/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 120 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay onun xeyrinə 140 manat alimentin tutulması qət edilmişdir. Məlum olduğu kimi uşaq ildən-ilə böyüyür, artıq məktəbə gedir, bununlada ona sərf olunan xərc də artır. Cavabdeh tərəfindən aylıq ödənilən 140 manat aliment isə hətta uşağın ehtiyaclarının cüzi hissəsini belə ödəmir. Ona görə də hesab edir ki, Qusar rayon Məhkəməsinin 2(029)-614/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə 31 avqust 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən sabit pul məbləğində tutulan 140 manat alimentin məbləği artırılaraq 193 (yüz doxsan üç) manata çatdırılmalıdır. Bundan başqa bildirmişdir ki, o, iddia tələbi üzrə cavabdehə aralarında olan ailə mübahisəsinin (alimentin artırılması tələbi üzrə) mediasiya vasitəs ilə həll olunmasını təklif etsə də cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Bu səbəbdən də mediasiya xərci olaraq 50 manatı o ödəmişdir. Hesab edir ki, mediasiya xərci olaraq ödədiyi 50 manat məbləğində pulda cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddia ərizəsində 31 avqust 2014-cü il təvəllüdlü Raisa adlı uşağın saxlanması üçün cavabdehdən 193 manat alimentin tutulmasını xahiş etmişdir. Hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq Raisa adlı uşağın saxlanması üçün cavabdehdən hər ay 180 manat alimentin tutulmasını xahiş edir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar 19 may 2022-ci il tarixə saat 15:30-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb Raisa adlı uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 180 manat aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək göstərmişdir ki, Qusar rayon məhkəməsinin 02.08.2021-ci il tarixli qətnaməsi ilə ondan İddiaçı xeyrinə birgə nikahlarından anadan olmuş 31.08.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 manat məbləğində aliment tutulmuşdur. O, hazırda heç bir yerdə işləmir, gəliri yoxdur. Bundan başqa, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-618/2019 saylı, 13 may 2019cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Əsədova (Babaxayeva) Alisa Saleddinovna arasında 07 fevral 2014-cü il tarixdə Qusar rayon Həzrə kənd İƏN-də 01 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 08 aprel 2019-cu il tarixdən başlayaraq, 31 avqust 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-614/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1989-ci ildə Qusar rayonu Kirig kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 31.08.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan Qusar rayon İHB-nın Həzrə kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22.04.2022-ci il tarixli 494 saylı arayışdan görünür ki, Cavabdeh Qusar rayonu Kirig kəndində pasport qeydiyyatındadır və hal-hazırda heç bir yerdə işləmir. İşdə olan AZ-İİİ 332220 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 avqust 2014-cü ildə anadan olmuş, atası Cavabdeh, anası X1. İşdə olan 03 mart 2022-ci il tarixli MŞİH-14835 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Qusar rayonu Kirig kəndində yaşayan Cavabdeh İddiaçı təsvir etdiyi kimi, alimentin miqdarının artırılmasına dair mübahisə üzrə 03 mart 2022-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-618/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Əsədova (Babaxayeva) Alisa Saleddinovna ilə arasında 07 fevral 2014-cü il tarixdə Qusar rayon Həzrə kənd İƏN-də 01 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, Qusar rayon Məhkəməsinin 2(029)-603/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 08 aprel 2019-cu il tarixdən başlayaraq, 31 avqust 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. Bundan sonra Qusar rayon Məhkəməsinin 2(029)-614/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə Raisa adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın mənafeyini pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı, lakin alimentin miqdarı hər ay sabit pul məbləğində 193 manat deyil, 170 manat müəyyən olunmalıdır. Belə ki, cavabdehin məhz 193 manat miqdarda alimenti ödəmək iqtidarında olması məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin, İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-614/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1989-ci ildə Qusar rayonu Kirig kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh X2 xeyrinə 31.08.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar