Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-490/2022 01.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 17 avqust 2008-ci il təvəllüdlü X13 və 07 mart 2010-cü il təvəllüdlü X14 adlı uşaqların saxlanmaları üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılmasına və cavabdehdən həmin uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdehlə 07.11.2007-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 17 avqust 2008-ci il təvəllüdlü X13 və 07 mart 2010-cü il təvəllüdlü X14 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmışdır. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqlar onun himayəsində qalmışdır. Qusar rayon Məhkəməsinin 2(012)- 119/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən azyaşlı uşaqların saxlanmaları üçün onun xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda cavabdeh ona uşaqların saxlanmaları üçün hər ay cəmi 200 manat aliment ödəyir. Cavabdehin ona ödədiyi 200 manat aylıq aliment uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Ona görə də, cavabdeh uşaqların saxlanmaları üçün daha artıq aliment ödəməyə borcludur. İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə münasibətləri pozulduğu üçün cavabdehdən ayrılmışdır. Aurılmaqlarının səbəbi cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqlar onun himayəsində qalmışlar. Qusar rayon Məhkəməsinin 2(012)-119/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən azyaşlı uşaqların saxlanmaları üçün onun xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin tutulması qət edilmişdir. Uşaqlar artıq böyümüş, onların tələbləri də artmışdır. Cavabdeh alimenti vaxtı-vaxtında ödəmir. Birgə nikah dövründə cavabdeh Şahdağda mühafizəçi, Bakıda “3 Tac” otelində işləmişdir. Hal-hazırda cavabdehin harada işlədiyi və əlavə gəlirləri barədə heç bir məlumatı yoxdur. O, 4-5 ildir ki, cavabdehdən ayrılmışdır. Ayrıldıqları vaxtdan o, cavabdehlə danışmır. Cavabdeh ayrıldıqdan sonra uşaqları aparırgətirir, onlara paltar alır, mütəmadi olaraq uşaqlarla telefon əlaqəsi saxlayır. Alimenti cavabdehin atası və anası ödəyir. Cavabdehin xəstəliyi barədə onun heç bir məlumatı yoxdur. Cavabdehin qardaşının ürəyinə stend qoyulduğu barədə eşitmişdir. Cavabdeh alimenti ödəməmək üçün saxta xəstəlik sənədləri çıxartmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh nümayəndəsi-anası X7 məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, Qusar rayon məhkəməsinin 22.04.2019-cu il tarixli 2(029)-119/2019 saylı qətnaməsinə əsasən oğlu Cavabdeh azyaşlı Aysel və Aydın adlı uşaqların saxlanması üçün İddiaçı xeyrinə hər ay 100 manat, cəmi isə 200 manat məbləğində aliment tutulmuşdur. Hazırda isə iddiaçı həmin alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat məbləğində müəyyən edilməsini tələb edir. Bildirir ki, Qusar rayon məhkəməsinin 22.04.2019-cu il tarixli qətnaməsi qəbul edildiyi vaxtdan sonra Cavabdeh maddi vəziyyəti nəinki yaxşılaşmamış, əksinə daha da pisləşmiş, uzun müddətdir ki, oğlu Vasif ürək xəstəliyindən əziyyət çəkir, infarkt keçirmiş, bununla bağlı müxtəlif müalicə mərkəzlərinə müraciət etmişdir. Hal-hazırda da onun müalicələri davam edir, əmək qabiliyyəti çox məhduddur, hər hansı işlə məşğul olub gəlir əldə edə bilmir, bu isə onun maddi vəziyyətimi əhəmiyyətli dərəcədə pisləşdirmişdir. Hətta, oğlu özünün müalicəsinə görə də, müvafiq ödənişlər etməyə, müalicəsi ilə bağlı dərmanların alınmasında çətinlik çəkir. Bu səbəbdən də, hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulmuş alimentin miqdarı artırılmamalı, əksinə azaldılmalıdır. Bundan başqa, iddiaçı demək olar uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu cavabdehdən tələb edir. Halbuki, alimentin miqdarı müəyyən olunarkən uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun yalnız atadan tutulması düzgün və ədalətli deyil, uşaqları saxlamaq həm də ananın borcudur. Uşaqlar üçün müəyyən olunmuş yaşayış minmumu ata və ana tərəfindən bərabər şəkildə qarşılanmalıdır. Ona görə də, iddiaçının iddiası əsassızdır, alimentin miqdarının artırılması üçün qanunla nəzərdə tutulmuş hallar mövcud deyil, cavabdehin maddi vəziyyəti və səhhəti əksinə alimentin miqdarının azaldılması üçün əsas yaradır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-119/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 arasında Qusar rayon İHBnın Zindan Muruq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 04 noyabr 2007-ci il tarixli 32 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 17 avqust 2008-ci il təvəllüdlü X13 və 07 mart 2010-cu il təvəllüdlü X14 X1 himayəsində saxlanılmışlar və həmin uşaqların yaşayış yerləri kimi Aynur Tahirovanın yaşayış yeri müəyyən edilmiş, xx.xx.1985-ci ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh X1 xeyrinə 17 avqust 2008-ci il təvəllüdlü X8 və 07 mart 2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 200 (iki yüz) manat miqdarda aliment tutulması qət edilmişdir. İşdə olan AZ-İİ 121985 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 17 avqust 2008-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan AZ-İİ 413227 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 07 mart 2010-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan 09 mart 2022-ci il tarixli 2022-15243 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, mövcud alimentin artırılmasına tələbinə dair mübahisə üzrə 09 mart 2022-ci il tarixdə saat 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan 1408 saylı 20.05.2022-ci il tarixli Ambulator Kitabçadan çıxarışdan görünür ki, Cavabdeh “ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası” diaqnozu qoyulmuş və kardial terapiyanı davam etdirmək, fiziki gərginliyi məhdudlaşdırmaq məsləhət görülmüşdür. İşdə olan Bakı Sağlamlıq Mərkəzinin 04.08.2021-ci il tarixli Koronar Angioqrafiya protokolundan görünür ki, Cavabdeh siyerioz miokard infarktı keçirmişdir. İşdə olan Bakı Sağlamlıq Mərkəzinin 04.08.2021-ci il tarixli PTCA-STENT protokolundan görünür ki, Cavabdeh RCA-ya stent qoyulmuşdur. İşdə olan Bakı Sağlamlıq Mərkəzinin 05.08.2021-ci il tarixli epikrizindən görünür ki, Cavabdeh miokardın aşağı divarının kəskin transmural infarktı aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X6 İnstitutunun ürək cərrahiyyə şöbəsi tərəfindən 20.05.2022-ci il tarixdə aparılmış exodopplerkardioqrafiya müayinəsinin nəticəsinə görə Cavabdeh sol mədəciyin diastolikdisfunksiyası, mirtal qapağın min nisbi çatmamazlığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(012)-119/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə X4 arasında Qusar rayon İHB-nın Zindan Muruq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 04 noyabr 2007-ci il tarixli 32 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 17 avqust 2008-ci il təvəllüdlü X13 və 07 mart 2010-cu il təvəllüdlü X14 X1 himayəsində saxlanılmışlar və həmin uşaqların yaşayış yeri kimi Aynur Tahirovanın yaşayış yeri müəyyən edilmiş, xx.xx.1985-ci ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh X1 xeyrinə 17 avqust 2008-ci il təvəllüdlü X8 və 07 mart 2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 200 (iki yüz) manat miqdarda aliment tutulması qət edilmişdir. Cavabdeh aliment tutulduğu vaxtdan sonra onun maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişiklik olması məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə məlum olmuşdur ki, Cavabdeh xeyli müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir, infarkt keçirmiş, onun ürəyinə stent qoyulmuşdur. Həmçinin, ürək xəstəliyinin terapiyasının davam etdirilməsi həmin şəxsə məsləhət görülmüşdür. Bununla da, Cavabdeh əmək qabiliyyəti nisbətən məhdudlaşmış, bu isə onun maddi vəziyyətini çətinliyə doğru dəyişmişdir. Ona görə də, alimentin miqdarının artırılması onun məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Bundan başqa, məhkəmə uşaqlar üçün yaşayış minimumunu rəhbər tutaraq alimentin miqdarının artırılmalı olması barədə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, alimentin miqdarının ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarına uyğun dəyişdirilməsi Ailə Məcəlləsində nəzərdə tutulmamış, həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Beləliklə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişikliyin olması müəyyən edilməmiş, bu barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqadarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-490/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-490/2022
01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver