Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-493/2022 01.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qusar rayon İcra və Probasiya Şöbəsi Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə elektron qolbağın dəyərini təşkil edən 1346.03 (min üç yüz qırx altı manat üç qəpik) manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon İcra və Probasiya Şöbəsi iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon məhkəməsinin 1(029)-21/2019 saylı, 29.05.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Cavabdeh 23.07.2019-cu il tarixdə şöbədə qeydiyyata alınmış, onunla ilkin fərdi söhbət aparılmış, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri izah edilmiş və müvafiq sənədlər tərtib edilmişdir. Məhkum Cavabdeh 28.12.2019-cu il tarixdə elektron qolbaq bağlanmış, “ŞANS” markalı elektron nəzarət vasitələri komplekti təhvil verilmişdir. Məhkum Cavabdeh 01 (bir) ədəd elektron qolbaq bağlanmış, yaşayış yerində 03 (üç) ədəd ev siqnal ötürücüsü quraşdırılmış və məhkuma 01 (bir) ədəd mobil nəzarət qurğusu xüsusi proqram təminatı və 01 (bir) ədəd usb adapter müvafiq aktla təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, onlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.5-ci bəndinin tətbiq edilməsi məsələsinə baxılması barədə Qusar rayon məhkəməsinin 7(029)- 49/2021 nömrəli 06.12.2021-ci il tarixli qərarı ilə məhkum Cavabdeh cəzasının çəkilməmiş qalan hissəsindən azad edilərək ona təhvil verilmiş ENV komplekti tam avadanlıqlara birlikdə geri alınmış, elektron qolbaq açılıb götürülmüşdür. Götürmə zamanı aşkar edilməmişdir ki, mobil qurğunun ekranında dərin çat vardır. Məhkum Cavabdeh bu barədə soruşulduqda cavab vermişdir ki, əlindən yerə düşmüşdür. Cavabdeh bildirilmişdir ki, bununla bağlı istehsalçı müəssisə tərəfindən müvafiq texniki rəy verildikdə zərərin əvəzinin ödənilməsi barədə mülki iddia veriləcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Monitorinq idarəsindən göndərilmiş “İDRAK” istehsalçı müəssisənin “Elektron nəzarət dəstinin vəziyyəti haqqında” texniki rəyə əsasən, nəzarət subyekti Cavabdeh təhkum olunmuş mobil qurğunun ekranı sındırılmışdır. Azərbaycan Respublikası Ədliyyə nazirliyinin verdiyi maliyyə arayışına əsasən, elektron qolbağın dəyəri 1346.03 (min üç yüz qırx altı manat üç qəpik) manat təşkil edir. Qusar rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, şöbə rəisi məhkəməyə ərizə göndərərək bildrmişdir ki, xidməti zərurətlə bağlı iclas proseslərində iştirakı mümkün deyil, ona görə də iddia tələbinə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul edir. Həqiqətən də, onun səhlənkarlığı nəticəsində elektron nəzarət vasitəsi zədələnmişdir. O, bunu etiraf edir. Nəticədə İddiaçınə 1646.03 manat ziyan dəymişdir. Hazırda həmin məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur, heç bir yerdə işləmir, gələcəkdə bütün imkanlardan istifadə edərək dəymiş ziyanı hissə-hissə ödəyəcəkdir. Yuxarıda qeyd olunanları nəzərə almağı məhkəmədən xahiş etmişdir. Həmçinin, işi ilə əlaqədar 01 iyun 2022-ci il tarixə saat 14:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Məhkəməsinin 1(029)-21/2019 saylı, 29.05.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən Cavabdeh hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 13 dekabr 2018-ci il tarixdən 15 dekabr 2018-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən 4 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış. Cavabdeh üzərinə yaşadığı Qusar rayonu Samur Qəsəbəsindəki evi axşam saat 21:00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan Qusar rayon Məhkəməsinin 7(029)-49/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Qusar rayon Məhkəməsinin 1(029)-21/2019 saylı, 29.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh barəsində “8 noyabr- Zəfər Günü münasibətilə mnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.5-ci bəndinin tətbiq edilməklə o, Qusar rayon Məhkəməsinin 1(029)-21/2019 saylı, 29.05.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən dərhal azad edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, mobil elektron cihazın ekranında çat vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş 13.11.2018-ci il tarixli D-8/196 saylı arayışın surətindən görünür ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə dəyəri-1346.03 manat təşkil edir. İşdə olan 24.02.2022-ci il tarixli 32/19 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Monitorinq idarəsindən verilmiş “Elektron nəzarət dəstinin vəziyyəti haqqında” texniki rəydən görünür ki, texniki baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh təhkim olunmuş mobil qurğunun ekranı sındırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Həmçinin, qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, Qusar rayon Məhkəməsinin 1(029)-21/2019 saylı, 29.05.2019-cu il tarixli hökmü ilə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş məhkum Cavabdeh barəsində İddiaçı tərəfindən tətbiq edilmiş elekton nəzarət vasitələri həmin şəxsin amnistiya aktına əsasən cəzadan azad olunması ilə əlaqədar geri təhvil alınarkən müəyyən edilmişdir ki, həmin elektron nəzarət vasitələrinin tərkib hissəsi olan mobil qurğunun ekranında çat vardır. Halbuki, həmin mobil qurğu Cavabdeh tam saz vəziyyətdə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş 13.11.2018-ci il tarixli D-8/196 saylı arayışa əsasən mobil nəzarət qurğularının dəyəri- 1346.03 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Monitorinq idarəsindən verilmiş 24.02.2022-ci il tarixli 32/19 saylı “Elektron nəzarət dəstinin vəziyyəti haqqında” texniki rəyə əsasən isə mobil qurğunun ekranı sındırılmışdır. Bununla da, Cavabdeh təqsirli hərəkəti nəticəsində dövlətin müstəsna mülkiyyətində olan əşya, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş, nəticədə dövlətə 1346.03 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya (dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqana) ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə elektron qolbağın dəyərini təşkil edən 1346.03 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.4-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı büdcə təşkilatı olmaqla dövlət rüsumunu ödəməkdən azaddır. İş üzrə iddianın qiyməti 1346.03 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 346.03 (1346.03-1000=346.03) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 3.46 manat, cəmi isə 33.46 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan İddiaçı xeyrinə elektron qolbağın dəyərini təşkil edən 1346.03 (min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində pul tutulsun. İddiaçı azad edildiyi 33.46 (otuz üç manat qırx altı qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-493/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-493/2022
01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver