Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-494/2022 01.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qusar rayon İcra və Probasiya Şöbəsi Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə elektron qolbağın dəyərini təşkil edən 2277.4 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon İcra və Probasiya Şöbəsi iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon məhkəməsinin 1(029)-70/2021 saylı, 21.12.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 177.2.3-ciü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və icrası barədə göstəriş 14 yanvar 2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkum Cavabdeh 21.01.2022-ci il tarixdə şöbədə qeydiyyata alınmış, onunla ilkin fərdi söhbət aparılmış, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri izah edilmiş və müvafiq sənədlər tərtib edilmiş və elə həmin gün 35650179 seriya nömrəli “attenti” elektron nəzarət vasitələri komplekti saz və işlək vəziyyətdə təhvil verilmiş, 078CE09074 seriya nömrəli elektron qolbaq taxılmışdır. Məhkum Cavabdeh cəzanın icrası qaydalarını qərəzli şəkildə pozaraq, 20.02.2022-ci il tarixində elektron qolbağı dartıb qopartmışdır. Bununla bağlı 22.02.2022-ci il tarixdə məhkum Cavabdeh yaşadığı ünvan 1 ünvandakı evində olarkən anası elektron nəzarət vasitələrini gətirib təhvil verərək oğlunun harda olması barədə məlumatının olmamasını bildirmişdir. Beləliklə, Cavabdeh qərəzli olaraq elektron qolbağı yararsız vəziyyətə salaraq dövlətə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Ədliyyə nazirliyinin verdiyi maliyyə arayışına əsasən, elektron qolbağın dəyəri 2274.4 manat təşkil edir. Qusar rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, şöbə rəisi məhkəməyə ərizə göndərərək bildrmişdir ki, xidməti zərurətlə bağlı iclas proseslərində iştirakı mümkün deyil, ona görə də iddia tələbinə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin 1(029)-70/2021 saylı, 21.12.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh hazırkı iş üzrə 20 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh üzərinə yaşadığı ünvan 2 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Elnur Yusifov, həmin şöbənin böyük icra məmuru (probasiya üzrə) İİİ dərəcəli ədliyyə qulluqçusu X4 və Qusar rayon Polis Şöbəsinin polis sahə nəfəri polis baş serjantı Rövşən Nəzərov tərəfindən tərtib edilmiş 22.02.2022-ci il tarixli azadlığın məhdudlaşdırılması növündə cəza çəkən məhkumun yaşayış yerində yoxlama keçirilməsi barədə aktdan görünür ki, daxil olmuş xəbərdarlıq siqnalının araşdırılması məqsədi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh yaşadığı ünvan 3 ünvanda olmuşlar. Saat 10-11 radələrində qapını məhkumun anası açmış, onlar gəlişlərinin məqsədini bildirmişlər və Qorxmazın harada olmasını soruşmuşlar. Anası cavab vermişdir ki, Qorxmaz səhər tezdən çıxmış, hara getdiyini bilmir. Elektron nəzarət vasitəsinin harada olmasını soruşmuşlar, cavab vermişdir ki, Qorxmaz bazar günü (20.02.2022-ci il) hamama keçib kəlbətinlə qolbağı sıxıb çıxarmış, ailə üzvləri ona nə qədər desələr də Qorxmaz bu barədə Qusar rayon İPŞ-nə məlumat verməmişdir. Ailə üzvlərinin Qorxmazın harada olması və nə işlə məşğul olması barədə məlumatları yoxdur, evə gecə saat 2-də gəlir, spirtli içkilər qəbul edir. Yatdığı çarpayının altı spirtli içki qabları ilə dolu olmuşdur. Qoparılmış ENV-nin komplekt ləvazimatı götürülmüş, fotoşəkillər çəkilmiş, anasına isə Qorxmazın çağırılması barədə rəsmi çağırış vərəqəsini təqdim etmişlər. İş materiallarında olan 11 avqust 2021-ci il tarixli 21/1-699 saylı xidməti məktubun surətindən görünür ki, probasiya qeydiyyatına götürülərək “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğusunun, sadə elektron qolbağın, habelə ağıllı elektron qolbağın itirilməsi, zədələnməsi və ya digər üsulla yararsız vəziyyətə salınması hallarında qeyd olunan həmin vasitələrin dəyərinin nəzarət subyektindən tutulması, həmçinin qanunla müəyyən edilmiş tədbitlərin görülməsi üçün elektron avadanlıqlara dair maliyyə məlumatları və X1 müvafiq hesabı təqdim olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, elektron qolbağın kəməri sındırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli D-8/131 saylı arayışın surətindən görünür ki, 1. Sadə elektron qolbağ mobil nəzarət qurğusunun (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihaz) qiyməti 2277.40 manat, 2. Ağıllı elektron qolbağın (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) qiyməti– 2277.40 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Həmçinin, qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, 22.02.2022-ci il tarixdə İddiaçı tərəfindən elektron nəzarət vasitələrinə baxış keçirilərkən aşkar edilmişdir ki, yuxarıda göstərilən məlum hökm üzrə məhkum Cavabdeh tərəfindən elektron qolbağın kəməri sındırılmışdır. Bununla da, Cavabdeh təqsirli hərəkəti nəticəsində dövlətin müstəsna mülkiyyətində olan əşya, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş, nəticədə dövlətə 2277.4 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya (dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqana) ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə elektron qolbağın dəyərini təşkil edən 2277.4 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.4-ci maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı büdcə təşkilatı olmaqla dövlət rüsumunu ödəməkdən azaddır. İş üzrə iddianın qiyməti 2277.4 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 1277.4 (2277.4-1000=1277.4) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, X3 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 12.77 manat, cəmi isə 42.77 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan İddiaçı xeyrinə elektron qolbağın dəyərini təşkil edən 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutulsun. İddiaçı azad edildiyi 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-494/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-494/2022
01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver