Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-497/2025 22.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şərikli qaydada 130.000 (yüz otuz min) manat, 1500 (min beş yüz) manat maddi ziyanın və 423 (dörd yüz iyirmi üç) manat dövlət rüsumunun, cəmi 131923 (yüz otuz bir min doqquz yüz iyirmi üç) manatın pul məbləğinin ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakın ələ keçirib küllü miqdarda mənə ziyan vurmaqla dələduzluq etmişlər. Qusar rayon Polis şöbəsinin Samur Polis bölməsinin sahənin polis nəfəri vəzifəsində xidmət etdiyi müddətdə doğma dayısı, Qusar rayon Köhnə Xudat kənd sakini Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək razılaşmaya əsasən aldatma və etibardan sui-istifadə etmə yolu ilə 130.000 (bir yüz otuz min) manat pul məbləğini ələ keçirmək məqsədi ilə 2022-ci ilin oktyabr ayının ortalarında ona və ailə üzvlərinə məxsus olan Qusar rayonun Samur qəsəbəsində yerləşən mobil telefon aksessuarları satışı ticarət obyektindən inamından istifadə etməklə ona Bakı şəhərində bankda işləyən tanışı olduğunu və Bakı şəhərinə gedib ondan rus rublu ilə olan pul vəsaitlərini sərfəli kursla, yəni 1 rublu 0.0278 manat məzənnə ilə dəyişə biləcəyini, rus rublu ilə alacağı pul vəsaitlərinin əvəzini 1-2 gün ərzində manatla qaytarıb verəcəyini yalandan vəd verərək onu aldatmışdır. Cavabdeh1 Cavabdeh2lə birlikdə ona məxsus pul vəsaitlərini ələ keçirmək barədə əvvəlcədən öz aralarında qurduqları niyyətlərinə uyğun olaraq Cavabdeh1 özü barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək həmin adla xx.xx.2022-ci il tarixdə, saat təxminən 21 radələrində Qusar rayonu Samur qəsəbəsində fəaliyyət göstərən qeyd olunan ticarət obyektinin iş otağında ondan 1.000.000 (bir milyon) rubl, yəni həmin dövrün məzənnəsinə görə 27.800 (iyirmi yeddi min səkkiz yüz) manat məbləğində nağd pul vəsaitini, xx.xx.2022-ci il tarixdə, saat təxminən 15 radələrində yenidən ticarət obyektinə gəlib əvvəlcədən danışdıqları kımı manatla dəyişmək adı ilə ondan 2.000.000 (iki milyon ) rubl, o dövrün məzənnəsinə görə 55.600 (əlli altı min altı yüz) manat məbləğində nağd pul vəsaitini həmin gün, saat təxminən 17 radələrində qeyd olunan ticarət odyektinin iş otağında qardaşı Nüsrət Ağayevdən də ona məxsus 2.000.000 (iki milyon) rubl, həmin dövrün məzənnəsinə görə 55.600 (əlli beş min altı yüz) manat məbləğində nağd pul vəsaitini, hamısının əvəzini azərbaycan manatı ilə birlikdə qaytaracağını yalandan bildirərək ondan və qardaşı Nüsrət Ağayevdən aldığı ümumilikdə 5.000.000 (beş milyon) rus rublu pulun əvəzində 139.000 (yüz otuz doqquz min) manat məbləğində pul vərəcəyini yalandan vəd edib almışlar. Cavabdehlər 130.000 (yüz otuz min) manat məbləğində pul vəsaitlərini onların qanunsuz hərəkətlərindən xəbərsiz olan “VAZ 2107” markalı, 99 -KS-261 dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi sürücüsü işləyən, Qusar rayonu Ləgər Qışlaq kənd sakini X1 vasitəsi ilə dayısı Cavabdeh2 göndərib şəxsi ehtiyaclarına sərf etmişlər. Sonradan isə aldadıb aldıqları həmin pulları dəyişmək adı ilə dayısı Cavabdeh2 verdiyini bildirmiş, o və qardaşlarına formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Cavabdeh2 bizi birlikdə aldadib aldığı pul vəsaitlərini ələ keçirmiş, bununla da Cavabdeh2 və Cavabdeh1 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ona məxsus cəmi 130.000 (bir yüz otuz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirmişlər. Qusar rayon prokurorluğuna etdiyi şikayətlə əlaqədar olaraq Cavabdeh2 və Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-maddəsi ilə cinayət işi qaldırılmış, cavabdehlər tərəfindən törədilən cinayət əməlləri özlərinin səmimi etirafları və digər sübutlarla tam sübuta yetirildiyi üçün hər iki cavabdeh Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2024-ci il tarixli 1(105)-155/2024 saylı Qərarı ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum edilmə cəzalarına məhkum edilmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində başlanılmış cinayət işi ilə əjaqədar Qusar rayon prokurorluğuna, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı zamanı iştirakı ilə əlaqədar olaraq ona 1500 (min beş yüz) manat maddi ziyan dəymişdir. Cavabdeh1 məhkəməyə iddia tələbinə etiraz göndərib ona qarşı yönələn iddia tələbinin əsassız olmasına dair etirazı onunla əsaslandırmışdır ki, iddiaçının ona qarşı tələbi qərəzli və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, onunla eyni əmələ görə təqsirli bilinib cəza alan Cavabdeh2 ibtidai istintaq və məhkəmə proseslərində İddiaçı qəbul edilən pulların hamısının ona çatdığını, götürülən puldan ona pul verilmədiyini etiraf etdiyinə görə 131923 manatın onunla heç bir bağlılığı yoxdur. Çünki, o, tanışlıq və vasitəçilik qismində olduğuna görə öz cəzasını almışdır. Ona görə də, cinayət təqibi zamanı yaranmış ziyanın qaytarılması üçün İddiaçı iddia tələbini ona qarşı deyil, onun pulunu etiraf edənə qarşı yönəldib tələb etmək hüququ vardır. Odur ki, ona qarşı yönələn iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında iddia ərizəsində qeyd edilən xüsusatlara əsaslanıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərmişdir ki, o, iddiaçıdan 130000 manat deyil, təxminən 60000-70000 manat məbləğində pul götürmüşdür. Bu məbləğdə vurduğu zərəri hissə-hissə ödəməyə razıdır. Qalan hissədə iddia əsassızdır və təmin edilməməlidir. Cavabdeh1 cəza çəkdiyi Azərbaycan Resapublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq bildirişlər göndərilməklə həmin şəxsə məlumat verilmiş, həmin şəxs cəza çəkdiyi müəssisənin müdiriyyəti vasitəsi ilə məhkəməyə iddiaya qarşı etiraz göndərmiş, lakin məhkəmə iclasında iştirak etmək niyyətinin olub-olmamasını bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 1(105)-755/2024 saylı Qərarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 1(124)-273/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən hökmlə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər ona görə ki, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı məxsus 130000 (bir yüz otuz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan xüsusatlara, qanunvericilik aktı normalarına əsasən, eləcə də yuxarıda göstərilən hökmlə cavabdehlərin törətdiyi cinayət əməlləri nəticəsində iddiaçıya 130 000 manat miqdarda zərər vurulması sübuta yetirildiyindən məhkəmə həmin pulun cavabdehlərdən tutulması hissədə iddia tələbini əsaslı hesab edir ki. Bu baxımdan Cavabdeh1 məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərdiyi, eləcə də Cavabdeh2 iddianı qismən qəbul etməsinə dair dəllillərinə qiymət verərək məhkəmə cavabdehlərin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün müəyyənləşdirdiyi faktlara münasibətdə preyudisiallıq məhdud olsa da, Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin mənasına görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan hərəkətin olub-olmaması faktı, bu hərəkətin konkret şəxs tərəfindən edilib-edilməsi faktı mülki iş üzrə sübut olunmadan azaddır. Ona görə də iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş faktları yenidən sübut etməyə borclu deyildir. Bu isə ona dəlalət edir ki, cavabdehlərin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 1(124)-273/2024 saylı hökmü ilə müəyyən edilmiş faktları iddia tələbinə etiraz etməklə yenidən mübahisələndirməsi yolverilməzdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın vurulması işin mübahisə olunmayan faktiki halıdır. Bununla belə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində başlanılmış cinayət işi ilə əlaqədar Qusar rayon prokurorluğuna, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışı zamanı iştirakı ilə əlaqədar olaraq cavabdehlərdən əlavə olaraq iddiaçının xeyrinə 1500 (min beş yüz) manat pul tutulmasına dair iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı həmin zərərin konkret nədən ibarət olması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmə araşdırması zamanı işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin iddia tələbləri rədd edilməlidilər. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 130000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, qalan hissədə isə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 423 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş maddi zayının əvəzi kimi 130.000 (yüz otuz min) manat və dövlət rüsumu kimi ödənilmiş 423 (dörd yüz iyirmi üç) manat, cəmi 130423 (yüz otuz min dörd yüz iyirmi üç) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-497/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-497/2025
22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver