Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-508/2022 01.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Məhkəməsinin 2(029)-203/2019 saylı 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə 29 oktyabr 2012-ci il təvəllüdlü X7 və 28 noyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay üçün müəyyən edilmiş hər uşağa 100 manat cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması hissəsini dəyişdirərək, hər ilin hər ayı üçün minimum məbləğdən az olmayan sabit pul məbləğində hər uşağa 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində alimentin və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdehlə 21.12.2012-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 29 oktyabr 2012-ci il təvəllüdlü X12 və 28 noyabr 2014-cü il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah Qusar rayon Məhkəməsinin 2(029)-1104/2019 saylı 23 noyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların onun himayəsində saxlanılması qət edilmişdir. Qusar rayon Məhkəməsinin 2(029)-203/2019 saylı 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən uşaqların saxlanması üçün hər uşaq üçün hər ay sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Məlum olduğu kimi, uşaq ildən-ilə böyüyür, bununla da onlara sərf olunan xərclər də artır. Cavabdeh tərəfindən hər uşaq üçün aylıq ödənilən 100 manat alimentin isə nəinki uşağın saxlanması, heç bir uşağın xırda ehtiyaclarının cüzi hissəsini belə ödəmir. Ona görə də, hesab edir ki, Qusar rayon Məhkəməsinin 2(029)- 203/2019 saylı 10 yanvar 2019-cu il tarixli qətnaməsi 29 oktyabr 2012-ci il təvəllüdlü X8 və 28 noyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən sabit pul məbləğində tutulan hər uşağa 100 manat alimentin məbləği artırılaraq hər ilin hər ayı üçün minimum məbləğdən az olmayan sabit pul məbləğidə hər uşağa 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manata çatdırılmalıdır. Bundan başqa bildirmişdir ki, o, iddia tələbi üzrə cavabdehlə aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll olunmasını təklif etsə də cavabdeh ilkin mediasiya sessiyalarına gəlməmişdir. Bu səbəbdən də, mediasiya xərci olaraq 50 manat məbləğində pulu da o ödəmişdir. Bu səbəbdən də hesab edir ki, mediasiya xərci olaraq ödədiyi 50 manat məbləğində pul da, cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, Qusar rayon Məhkəməsində 01.06.2022-ci il tarixdə saat 11:00-a təyin olunmuş məhkəmə iclasında üzürlü səbəbdən (himayəsində azyaşlı uşaqların olduğundan, pandemiya və yolun uzaq olması səbəbindən) iştirak edə bilməyəcəyini və iddia ərizəsini müdafiə etdiyini nəzərə alaraq mülki işə iştirakı olmadan baxmağı məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək, iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Qusar rayon Məhkəməsinin 2(029)-203/2019 saylı 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə ondan Asif və Alina adlı uşaqların saxlanması üçün hər ay hər uşaqğa 100 manat olmaqla, cəmi 200 manat aliment tutulmuşdur. O, sonradan Larena adlı qadındla ailə həyatı qurmuş və onların nikahlarından Məhəmməd adlı bir uşağı olmuşdur. İddiaçı onun bildiyinə görə Qusar rayon Ləcət kəndində yaşayır. O, heç bir yerdə işləmir, belə ki, onun himayəsində, 1-ci qrup əlil olan anası vardır. Anası baş nahiyədən əməliyyat keçirmiş, yataq xəstəsidir. O, anasını qoyub işləməyə gedə bilmir. Anasına baxdığlna görə dövlət ona 80 manat müavinət verir. O, evdə arvadı və valideynləri ilə birlikdə yaşayır, anasına bir nəfər tək baxa bilmir. Atasının 67 yaşı vardır. Atası əvvəllər Qusar şəhərində prorab işləmiş, hal-hazırda işləmir. Onların təsərrüfatında 20 toyuq, 50 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində o, alma ağacları əkmişdir. Ona hər uşaq üçün təyin olunmuş 100 manat olmaqla, ümumilikdə 200 manat alimenti ödəyə bilməmiş, alimenti ödəmək üçün tanışlarından borc almışdır. Həmin borcu da qaytarmamışdır. Cavabdeh uşaqları ona göstərmir, Alina adlı uşaq anadan olandan bəri, bir dəfə də olsa üzünü görməmişdir. Heç olmasa hər ayda hər uşağa 5 manat artıq ödəyə bilər. Odur ki, “alimentin miqdarının artırılması” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-203/2019 saylı 10 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 14 dekabr 2018-ci il tarixdən başlayaraq 29 oktyabr 2012-ci il təvəllüdlü X7 və 28 noyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-1104/2019 saylı 23 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Qusar rayon İHB-nın Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 21 dekabr 2012-ci il tarixli 24 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 29 oktyabr 2012-ci il təvəllüdlü X12 və 28 noyabr 2014-cü il təvəllüdlü X11 anaları İddiaçı himayəsində saxlanılmış və həmin uşaqların yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilməsi qət edilmişdir. İşdə olan AZ-İİ 995251 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 29 oktyabr 2012-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İşdə olan AZ-İİİ 441651saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28 noyabr 2014-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İşdə olan AZ-İİ 316015 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları 16 fevral 2020-ci il tarixdə Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyində 02 saylı akt qeydi ilə qeydə alınmışdır. Qadına Seyidova soyadı verilmişdir. İşdə olan AZ-İV 620152 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 avqust 2021-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X9r. İşdə olan müayinə olunan şəxs üzrə məlumatdan 02.10.2018-ci il tarixli elektron çıxarışdan görünür ki, X3 ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında 09.02.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 1-ci qrup əlilliyi olan anası X3 qulluğa görə 01.04.2019-cu il tarixdən başlayaraq 80.0 manat məbləğində müavinət alır. İşdə olan 02 mart 2022-ci il tarixli 2022-14788 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış və protokoldan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, mövcud alimentin artırılmasına tələbinə dair mübahisə üzrə 01 mart 2022-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən də mediasiya prosesinə xitam verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-1104/2019 saylı 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Qusar rayon İHB-nın Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 21 dekabr 2012-ci il tarixli 24 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 29 oktyabr 2012-ci il təvəllüdlü X12 və 28 noyabr 2014-cü il təvəllüdlü X11 anaları İddiaçı himayəsində saxlanılmış və həmin uşaqların yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilməsi qət edilmiş, Qusar rayon Məhkəməsinin 2(029)-203/2019 saylı 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 14 dekabr 2018-ci il tarixdən başlayaraq 29 oktyabr 2012-ci il təvəllüdlü X7 və 28 noyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh aliment tutulduğu vaxtdan sonra onun maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişiklik olması məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə məlum olmuşdur ki, Cavabdeh sonradan başqa bir qadınla ailə həyatı qurmuş, həmin nikahdan bir uşağı anadan olmuşdur. Bundan başqa, Cavabdeh 01.04.2019-cu il tarixdən 1-ci qrup əlil olan anası Təmən Seyidovaya qulluq edir və buna görə 80 manat məbləğində müavinət alır. Bununla da, Cavabdeh işgörmə fəaliyyəti nisbətən məhdudlaşmış, anasına qulluq etdiyinə görə başqa işlərlə tam məşğul ola bilmir, həmçinin sonradan ailə həyatı qurduğu qadınla birgə nikahından anadan olmuş uşağı da onun himayəsində olmaqla onu saxlamağa borcludur. Bütün bunlar isə cavabdehin maddi vəziyyətini əksinə çətinliyə doğru dəyişmişdir. Ona görə də, alimentin miqdarının artırılması onun məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Bundan başqa, məhkəmə uşaqlar üçün yaşayış minimumunu rəhbər tutaraq alimentin miqdarının artırılmalı olması barədə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, alimentin miqdarının ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarına uyğun dəyişdirilməsi Ailə Məcəlləsində nəzərdə tutulmamış, həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Beləliklə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişikliyin olması müəyyən edilməmiş, bu barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, iddia rədd olunduğundan İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti həmin şəxsin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqadarının artırılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-508/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-508/2022
01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver