Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-509/2021 23.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas məbləğ üzrə 5800 (beş min səkkiz yüz) manat məbləğində borcun, 110 manat cərimənin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddianı onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında alqısatqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 6800 manat olmaqla mal almışdır. Həmin məbləğin 1000 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləğini, yəni 5800 manatı 11 dekabr 2020-ci il tarixli X1 qrafikə əsasən 30 dekabr 2020-ci il tarixdən başlayaraq hər ay 480 manat ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 5800 manat, cərimə borcu isə 110 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri “Alıcı” tərəfindən tam ödənilənədək “Satıcı”nın özündə qalır. “Alıcı” mülkiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. “Alıcı” malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda “Satıcı” istənilən vaxt malı “Alıcı”dan geri götürə bilər. İddiaçı MMC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin MMCnin direktoru məhkəməyə ərizə göndərərək işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2020-ci il tarixli alqı-satqı haqqında müqavilənin, ona əlavənin və təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən məbləği 6800 manat olan 1 ədəd Peç Vop E1000 avadanlığı almış, həmin məbləği hər ay 480 manat olmaqla 10 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh İddiaçı MMC-dən dəyəri 6800 (altı min səkkiz yüz) manat olan 1 ədəd Peç Vop E1000 avadanlığı almış, həmin məbləğin 1000 manat hissəsini ödəmiş, qalan 5800 manatını isə hər ay 480 manat olmaqla 10 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməyərək pulun ödənilməsini təmin etməmişdir. Hazırda onun 5800 manat məbləğində əsas borcu və 110 manat məbləğində cərimə borcu qalmışdır. Odur ki, iddiaçının iddiası təmin edilməli, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat əsas borc və 110 (yüz on) manat cərimə pulu olmaqla ümumilikdə 5910 (beş min doqquz yüz on) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat əsas borc, 110 (yüz on) manat cərimə pulu olmaqla ümumilikdə 5910 (beş min doqquz yüz on) manat borc, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-509/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-509/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver