Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-550/2022 09.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 01 sentyabr 2019-cu il təvəllüdlü X6 və 30 iyul 2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi olaraq hər ay 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin müəyyən olunmasına, habelə azyaşlı uşaqları 01 sentyabr 2019cu il təvəllüdlü X6 və 30 iyul 2020-ci il təvəllüdlü X4 3 yaşları tamam olanadək hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat əlavə sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddianı onunla əsaslandırmışdır ki, o, 20 noyabr 2018-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdehlə ailə həyatı qurmuşdur. Birgə nikahlarından onların 01 sentyabr 2019-cu il təvəllüdlü X10 və 30 iyul 2020-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. O, cavabdehdən ayrılmış və aralarındakı nikah pozulmuşdur. Qusar rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(029)-935/2021 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, cavabdehdən azyaşlı uşaqların saxlanması üçün onun xeyrinə hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat miqdarda alimentin tutulması qət edilmişdir. Cavabdehin ona ödədiyi 240 (iki yüz qırx) manat aylıq aliment uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir, onlara yemək və paltar almağa belə kifayət etmir. O, cavabdehlə ayrıldıqdan sonra başqa yaşayış yeri olmadığı üçün hal-hazırda azyaşlı uşaqları ilə kirayədə qalmağa məcburdur. Lakin, cavabdehin ödədiyi cüzi aliment uşaqların yemək və paltarlarına bəs etmədiyi üçün o kirayə pulunu ödəyə bilmir. Onda olan məlumata görə cavabdeh Bakı şəhərində yüksək mərtəbəli binaların tikintisində qaldırıcı kranın krançısı işləyir və hər ay 2200 (iki min iki yüz) manatdan artıq əmək haqqı alır. Yuxarıda qeyd etdiyi hallar nəzərə alınmaqla cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarı artırılmalı və hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi olaraq hər ayda 386 (üç yü səksən altı) manat sabit pul məbləğində aliment müəyyən olunmalıdır. Bildirmişdir ki, azyaşlı uşaqların hər ikisi 3 yaşına çatmamış uşaqlardır. Böyük uşağı X6 3 yaşı 01 sentyabr 2022-ci ildə, balaca uşağı X4 3 yaşı isə 30 iyul 2023-cü il tarixdə tamam olacaqdır. Bir daha qeyd etmişdir ki, cavabdeh Bakı şəhərində yüksək mərtəbəli binaların tikintisində qaldırıcı kranın krançısı işləyir və hər ay 2200 (iki min iki yüz) manatdan artıq əmək haqqı alır. Ona görə də, cavabdehdən uşaqların 3 yaşları tamam olanadək əlavə olaraq hər uşağa görə 100 manat olmaqla, cəmi olaraq 200 (iki yüz) manat əlavə sabit məbləğdə aliment tutularaq ona verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-atası X5 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, qızı Sevinc cavabdehlə 20 noyabr 2018-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından onların Təlim və Tehran adlı uşaqları anadan olmuşdur. Hazırda qızı və onun uşaqları onun evindədir. 2-ci oğlunu evləndirmək istəyir, evdə qalmağa yer yoxdur, qızını və onun uşaqlarını məcburi kirayəyə çıxartmaq istəyir. Cavabdehin atası oğlunun Rusiya Federasiyasında olduğunu bildirmiş, lakin kənd camaatı cavabdehin Bakı şəhərində yüksək mərtəbəli binaların tikintisində qaldırıcı kranın krançısı işlədiyini və ayda 2000 manatdan artıq əmək haqqı aldığını bildirmişdir. Cavabdehin gəlirləri barədə onda heç bir sənəd və sübut yoxdur. Tərəflərin nikahlarının pozulması barədə qətnamə çıxarılan vaxt cavabdehin harada işlədiyini dəqiq bilməmiş, ola bilsin həmin vaxt da Bakı şəhərində işləmişdir. Cavabdehin maddi vəziyyətinin yaxşılaşması barədə onda heç bir sübut yoxdur. Tərəflər bir yerdə yaşadığı müddətdə nə qədər pul qazandıqlarını bilmir. Hazırda uşaqların saxlanması üçün tələb etdikləri aliment miqdarından az miqdarda olsa da alimentin artırılmasını istəyir. Qızı, himayəsində azyaşlı uşaqları olduğundan heç bir yerdə işləmir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X10 01 sentyabr 2019-cu il tarixdə Qusar rayonu Yasab kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İV 486990 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 iyul 2020-ci il tarixdə Qusar rayonu Yasab kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(029)-935/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Qusar rayon Qeydiyyat şöbəsində 20 noyabr 2018-ci il tarixli 184 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 01 sentyabr 2019-cu il təvəllüdlü X10 və 30 iyul 2020-ci il təvəllüdlü X7 anaları İddiaçı himayəsində saxlanılması və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yeri müəyyən edilməsi, xx xxxxxxx 1988-ci ildə Özbəkistan Respublikası Mübarək şəhərində anadan olmuş, Qusar rayonu Yasab kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 01 sentyabr 2019-cu il təvəllüdlü X6 və 30 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat, cəmi isə 240 (iki yüz qırx) manat miqdarda aliment tutulması qət edilmişdir. İşdə olan Qusar rayon İHB-nın Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 210 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı azyaşlı uşaqlarla birlikdə Qusar rayonu Yasaboba kəndində yerləşən, atası X3 məxsus fərdi yaşayış evində yaşayır. İşdə olan 18 mart 2022-ci il tarixli MŞİH-15770 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin miqdarının artırılmasına, qızıl-zinyət əşyalarının və ya onların dəyərinin qaytarılmasına dair mübahisə üzrə 18 mart 2022-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 85.1, 85.1.1-ci maddələrinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(029)-935/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahlarından anadan olmuş Təlim və Tehran adlı uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutulmuşdur. Cavabdeh aliment tutulduğu vaxtdan sonra onun maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişiklik olması məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, məhkəmə uşaqlar üçün yaşayış minimumunu rəhbər tutaraq alimentin miqdarının artırılmalı olması barədə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, alimentin miqdarının ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarına uyğun dəyişdirilməsi Ailə Məcəlləsində nəzərdə tutulmamış, həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Bununla da, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişikliyin olması müəyyən edilməmiş, bu barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassızdır və ona görə də, rədd edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlə birgə nikahlarlndan anadan olmuş Təlim və Tehran adlı uşaqların mənafeyi, o cümlədən iddiaçının həmin uşaqlara görə işləyə bilməməsini nəzərə alınaraq həmin uşaqların 3 yaşı tamam olana kimi saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində hər ay hər uşağa görə 75 manat, cəmi isə 150 manat miqdarda aliment tutulmalıdır. Həmin alimentin miqdarının hər ay hər uşağa görə 100 manat müəyyən olunmasını isə məhkəmə ona görə məqsədəmüvafiq hesab etmir ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1800 manat (12 X 150=1800) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1800 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 800 (1800-1000=800) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 8 manat, cəmi isə 38 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85, 86, 112-ci maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxxx 1988-ci ildə Özbəkistan Respublikası Mübarək şəhərində anadan olmuş, Qusar rayonu Yasab kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 01 sentyabr 2019-cu il təvəllüdlü X6 və 30 iyul 2020-ci il təvəllüdlü X4 üç yaşı tamam olana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 75 (yetmiş beş) manat, cəmi isə 150 (yüz əlli) manat miqdarda aliment tutulsun. Alimentin tutulması 26 aprel 2022-ci il tarixdən hesablansın. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-550/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-550/2022
09.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver