Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-551/2023 20.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 28 iyun 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı 2004-cü ildə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə ailə həyatı qurmuşdur. Onların birgə yaşadıqları müddətdə 28 fevral 2005-ci il tarixdə Namiq adlı uşaqları olmuşdur. Cavabdehlə nikahları 05 may 2006-cı il tarixdə rəsmiləşdirmişlər və həmin nikahdan 28 iyun 2008-ci il tarixdə Faiq adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və ayrıldıqları vaxtdan da azyaşlı uşaq onun himayəsində qalmışdır. Qusar rayon məhkəməsinin 24 sentyabr 2012-ci il tarixli 2(029)-374/2012 saylı qətnaməsinə əsasən Cavabdeh 19 iyun 2012-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 70 (yetmiş) manat alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ona verilməsi qət edilmişdir. Daha sonra o alimentin məbləğinin artırılması tələbi ilə məhkəmədə iddia qaldırmış və Qusar rayon məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(029)-713/2018 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunmuş, alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh onun xeyrinə uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda 28 fevral 2005-ci il təvəllüdlü Namiq adlı uşaq yetkinlik yaşına çatmışdır. Beləliklə, cavabdeh 28 iyun 2008-ci il təvəllüdlü Faiq adlı uşağln saxlanılması üçün 120 (yüz iyirmi) manat aliment ödəyir. Cavabdehin hal-hazırda ödədiyi alimentin məbləği uşağın cüzi ehtiyaclarının belə ödənilməsi üçün kifayət etmir. Onun üçün isə uşağın günbəgün artan ehtiyaclarını təkbaşına ödəmək olduqca çətindir. Bu isə uşağın müəyyən dərəcədə məhrumiyyətlərlə qarşılaşmasına səbəb olur. Ona görə də, Cavabdeh uşağın normal şərtlərlə yaşaması, təhsil-tərbiyyə alması üçün əlavə aliment ödəməyə borcludur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, iddianı müdafiə edir, həmçinin şəxsi işləri ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirmiş, işə iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-374/2012 saylı, 24 sentyabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 05 may 2006-cı il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində bağlanılaraq 236 nömrə ilə qeydə alınmış nikah pozulması, Cavabdeh 19 iyun 2012-ci il tarixdən başlayaraq hər ay (yetmiş) manat tutularaq 28 fevral 2005-ci il tarixdə anadan olmuş X5 və 70 (yetmiş) manat tutularaq 28 iyun 2008-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün X2 verilməsi qət edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-713/2018 saylı, 21 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 24 sentyabr 2012-ci il tarixli 2(029)-374/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirilməsi, 28 fevral 2005-ci il tarixdə doğulmuş X9 və 28 iyun 2008-ci il tarixdə doğulmuş X13 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh Hacıverdi oğlundan İddiaçı xeyrinə hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul ləğində aliment tutulması qət edilmişdir. İşdə olan AZ-İİ 200642 saylı nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X10 28 iyun 2008-ci ildə doğulmuşdur və valideynləri Cavabdeh Hacıverdi oğlu və X1r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə uşaqlar müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinə yönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon məhkəməsinin 24 sentyabr 2012-ci il tarixli 2(029)-374/2012 saylı qətnaməsinə əsasən Cavabdeh 19 iyun 2012-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 70 (yetmiş) manat alimentin tutularaq uşaqların yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün ona verilməsi qət edilmişdir. Daha sonra o alimentin məbləğinin artırılması tələbi ilə məhkəmədə iddia qaldırmış və Qusar rayon məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(029)-713/2018 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunmuş, alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh onun xeyrinə uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda 28 fevral 2005-ci il təvəllüdlü Namiq adlı uşaq yetkinlik yaşına çatmışdır. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 220 (iki yüz iyirmi) manat deyil, hər ay 190 (yüz doxsan) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. İddiaçının tələb etdiyi miqdarda alimentin təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 70 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 840 (12 X 70=840) manat təşkil edir. Odur ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddianın qiyməti 1000 manatadək olduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-713/2018 saylı, 21 iyun 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 28 iyun 2008- cü il təvəllüdlü X10 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-551/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-551/2023
20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver