Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-593/2022 29.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahlarından olan uşaqları 20 avqust 2011-ci il təvəllüdlü Telman və 17 iyul 2013-cü il təvəllüdlü Həmid adlı uşaqların saxlanılmaları üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılmasına və həmin uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə rəsmi nikah qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından onların 20 avqust 2011-ci il təvəllüdlü Telman və 17 iyul 2013-cü il təvəllüdlü Həmid adlı uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmışdır. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqlar onun himayəsində qalmışlar. Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-114/2020 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşaqların saxlanmaları üçün onun xeyrinə hər uşağa görə hər ay 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin tutulması qət edilmişdir. Beləliklə, hal-hazırda cavabdeh ona uşaqların saxlanmaları üçün hər ay 200 manat aliment ödəyir. Cavabdehin ona ödədiyi 200 manat aylıq aliment uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Ona görə Cavabdeh uşaqların saxlanmaları üçün daha artıq aliment ödəməyə borcludur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, 2010-cu ildə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək cavabdehlə ailə həyartı qurmuşdur. Birgə nikahlarından onların 20 avqust 2011-ci il təvəllüdlü Telman və 17 iyul 2013-cü il təvəllüdlü Həmid adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o cavabdehdən ayrılmışdır. Uşaqların yaxşı yaşaması üçün alimentin miqdarı qaldırılmalıdır. Uşaqların saxlanması üçün hər uşağa 100 manat aliment kəsilmişdir. Cavabdeh alimenti vaxtında ödəmir. Cavabdeh özü usta işləyir, həmçinin anası da işləyir. Maddi vəziyyəti yaxşıdır, cavabdehin hər gün işi vardır, evlərin təmiri ilə məşğuldur. Cavabdeh evin yeganə varisidir. Maşını da vardır. Birgə yaşadıqları müddətdə cavabdeh qazandığını anasına verirdi, o, cavabdehin nə qədər qazandığını bilmir. O, Həzrə kəndi uşaq baxçasında işləmiş, yerlər məhdud olduğundan işdən çıxmışdır. Onda olan məlumata görə cavabdeh ayda 1000 manata yaxın pul qazanır, lakin, bu barədə heç bir sübutu yoxdur. Cavabdehin gözlərinin ağrıması və gözünün əməliyyat olunmasının alimentə heç bir dəxli yoxdur. O, iddianın təmin edilməsi, mümkün qədər alimentin qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, usta yanında fəhlə kimi işləyir. Onun aliment borcu yaranmış, buna görə də o, bankdan kredit götürüb borcuni ödəmişdir. O, gözdən əməliyyat olunmalıdır. Onun imkanı yoxdur, anası fəhlə işləyir, təzədən ailə həyatı qurmuşdur. İddiaçının evindəkilər hamısı işləyir, atası-anası pensiya alır, qardaşı fövqəladədə işləyir. O, evlərin təmiri ilə məşğul olduğuna görə, gözlərinə toz dolduğundan həkim ona işləməyə icazə vermir. 1 aya yaxındır ki, işləmir. İşlədiyi vaxtda isə hər ayda təxminən 500 manat pul qazanmışdır. Tərlan və Həmid adlı uşaqlar onun övladlarıdır. Alimenti vaxtında ödəmədiyinə görə əvvəllər 10 gün inzibati həbs olunub. 2 ilə yaxındır ki o, uşaqları görmür, iddiaçı ona uşaqları göstərmir. O, uşaqların üzünə həsrət qalmışdır. Onun atası 6 il əvvəl su kanalına düşüb ölmüşdür. İddiaçı uşaqlara həmin kanalda çimməyə icazə verir. O, bundan çox narahatdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddinın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-T 147439 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20 avqust 2011-ci il tarixdə Qusar rayonu Kirig kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. İşdə olan AZ-T 147466 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 17 iyul 2013-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan 12 iyun 2020-ci il tarixli 2(029)-114/2020 saylı Qusar rayon Məhkəməsinin qətnaməsinindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında 26 may 2011-ci il tarixdə Qusar RİHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyində 07 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqları- 20 avqust 2011-ci il təvəllüdlü X3 və 17 iyul 2013-cü il təvəllüdlü X5 cavabdeh X1 yanında qalmaları, 12 iyun 2020-ci il tarixdən başlayaraq 20 avqust 2011-ci il təvəllüdlü X8 və 17 iyul 2013-cü il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün iddiaçı Cavabdeh hər ay hər bir uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub cavabdeh X4 verilməsi qət edilmişdir. İşdə olan AZ-İ 342521 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahları 12 avqust 2020-ci il tarixdə 77 nömrəli akt qeydi ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra qadın “Məmmədova” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon İHB-nın Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 571 saylı arayışdan görünür ki, Cavabdeh Qusar rayonunun Kirig kəndində pasport qeydiyyatındadır və hal-hazırda heç bir yerdə işləmir. İşdə olan AZ-İİ 432649 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında bağlanmış nikah Qusar rayon İHB-nın Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 18 iyun 2022-ci il tarixli 01 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Sveta Əliyarovaya “Məhərrəmova” soyadı verilmişdir. İşdə olan 04 mart 2022-ci il tarixli MŞİH-14922 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Qusar rayonu Kirig kəndində yaşayan Cavabdeh, İddiaçı təsvir etdiyi kimi, alimentin miqdarının artırılmasına dair mübahisə üzrə 04 mart 2022-ci il tarixində, 10:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(029)-114/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahlarından anadan olmuş Telman və Həmid adlı uşaqların saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutulmuşdur. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanmaları üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların mənafeyini pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı, lakin alimentin miqdarı hər ay hər uşaq üçün sabit pul məbləğində 193 manat deyil, 120 manat müəyyən olunmalıdır. Belə ki, cavabdehin hər uşağa görə məhz 193 manat miqdarda alimenti ödəmək iqtidarında olması məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin miqdarının hər ay hər uşağa görə iddiaçının tələb etdiyi kimi 193 manat, cəmi isə 386 manat müəyyən olunması tərəflərin maraqları baxımından düzgün və əsaslı deyildir. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız cavabdehdən tutulması düzgün və ədalətli deyil, bu cavabdehin maraqlarının pozulmasına və onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(029)-114/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxx 1988-ci ildə Qusar rayonu Kirig kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 20 avqust 2011-ci il təvəllüdlü X3 və 17 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-593/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-593/2022
29.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver