Məhkəmə qərarları › İş №2(029)-601/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-601/2023

02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-601/2023 02.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olan uşaqlarının saxlanılmaları üçün onun xeyrinə tutulan alimentin miqdarını artıraraq Cavabdeh birgə nikahdan anadan olan 30 avqust 2018-ci il təvəllüdlü Ramazan və 22 iyun 2020-ci il təvəllüdlü Aysu adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi iki uşağa görə 440 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə evlənmiş və nikahları 30 noyabr 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 30 avqust 2018-ci il təvəllüdlü Ramazan və 22 iyun 2020-ci il təvəllüdlü Aysu adlı uşaqları anadan olmuşdur. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-809/2022 saylı qətnaməsinə əsasən aralarında olan nikahları pozulmuşdur. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqları onun himayəsində qalmışdır. Qusar 1 saylı Mediasiya təşkilatında Cavabdeh azyaşlı uşaqlarının saxlanılması üçün onun xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat miqdarında alimentin ödənilməsi üçün xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə razılığa gəlmişdir. Beləliklə, hal-hazırda Cavabdeh ona uşaqların saxlanılması üçün iki uşağa görə hər ay cəmi 200 manat aliment ödəməlidir. Cavabdeh ona ödəməli olan 200 manat aylıq aliment uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki uşaqlar böyüdükcə onların maddi ehtiyaclarıda artır. Uşaqların gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə Cavabdeh uşaqların saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, cavabdeh ilə birgə nikahlarından iki uşaqları olub, uşaqlar hazırda onun himayəsindədir. Cavabdeh əvvəllər bağda mühafizəçi işləyib, ayda 400 manat əmək haqqı alırdı. Bir yerdə yaşadıqları vaxt ailənin təlabatını cavabdeh ödəyirdi, bundan başqa cavabdehin anası pensiya alırdı, aldığı pensiya ailəsinə xərcləyirdi. Cavabdeh bir yerdə yaşadıqları vaxtda uşaqlar üçün ayda 200-300 manat pul xərcləyib. Hazırda o, cavabdehdən uşaqların saxlanması üçün 440 manat aliment tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçının onunla ailə qurduqdan sonra səhhətində psixi problemlər yaranmışdır, o, iddiaçını Quba şəhərinə aparıb müalicə etdirmişdir. Müalicə üçün 1000 manat bankdan kredit götürmüşdür. O, bağda mühafizəçi işləyib ayda 400 manat əmək haqqı alırdı, həmin pulu o, ailəsinə xərcləyirdi, bundan başqa hər ay mağazaya 400-500 manat borcu olurdu. Hazırda o, uşaqların saxlanması üçün hər ay 80-90 manat aliment verə bilər. O, “ART” restoranda ofiçant işləyir, toy olan gün 25 manat qazanır, ayda 10-15 gün işdə olur. Uşaqlara yemək, paltar, məktəb paltarları alacaqdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək,iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin Qusar Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(029)-809/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qusar RİHB-nın Urva kənd İƏD üzrə nümayəndəsliyində 30 noyabr 2017-ci il tarixli 10 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 30 avqust 2018-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 22 iyun 2020-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan 09 dekabr 2021-ci il tarixli Barışıq sazişindən görünür ki, Cavabdeh İddiaçı qarşı nikahın pozulmasına və aliment tələbinə aşağıdakı şərtlərlə bağlamışlar.

1. Cavabdeh nikahın pozulmasına dair İddiaçı iddiasını tam qəbul edərək razılığını bildirir və məhkəmədə həmin iddiasını mübahisələndirməyəcək

2. X2 İddiaçı qaytarılmasına X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı 2022-ci ilin yanvar ayından başlayaraq hər ay hər uşağa 100 (yüz) manat miqdarında aliment ödəyəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 95.2, 95.3, 95.4-cü maddələrinə əsasən aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci maddəsində nəzərdə tutulan eyni formada həyata keçirilir. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(029)-809/2022 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Qusar RİHB-nın Urva kənd İƏD üzrə nümayəndəsliyində 30 noyabr 2017-ci il tarixli 10 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. 09 dekabr 2021-ci il tarixli Barışıq sazişi ilə X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı 2022-ci ilin yanvar ayından başlayaraq hər ay hər uşağa 100 (yüz) manat miqdarında aliment ödəyəcəyi bildirilmişdir. Həmin barışıq sazişi ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay hər uşaq üçün iddiaçının iddia ərizəsində tələb etdiyi kimi 220 (iki yüz iyirmi) manat deyil, 170 (yüz yetmiş) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, aliment tutulduğu vaxtdan sonra Cavabdeh maddi vəziyyətində alimentin miqdarının 220 manat məbləğlərində müəyyən olunmasına əsas yaradacaq əhəmiyyətli dəyişikliklərin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda təyin edilməsi cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Məhkəmə, Cavabdeh uşaqların saxlanması üçün hər ay 80-90 manat aliment verməsi tələbini qəbul etmir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ofiçant işləyir və əmək haqqı alır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 140 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 140 (12 X 140=1680) manat təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1680 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 1680 (1680-1000=680) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 6.8 manat, cəmi isə 36.8 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.1993-cü il tarixdə Qusar rayonu Aşağı Ləyər kəndində anadan olmuş və həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 30 avqust 2018-ci il təvəllüdlü X4 və 22 iyun 2020-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 36.8 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar